Xəbər verildiyi kimi, sentyabrın 24-də Almaniyanın Hamburq şəhərində “Wind Energy Hamburg” konfransı keçirilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov tədbirin “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxış edib.
Nazir bildirib ki, ölkəmiz təhlükəsiz iqlimli və enerji təminatlı gələcək üçün bərpaolunan enerjini unikal və effektiv həll olaraq qəbul etdiyini özünün 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və bərpaolunan enerjini prioritetləşdirən yeni enerji siyasəti ilə təsdiqləyib. Azərbaycanın regionda bərpaolunan enerji sahəsində investisiya və qlobal əməkdaşlığı uğurla təmin və təşviq edən ölkə olduğunu vurğulayan Pərviz Şahbazov deyib: “Hazırda münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 qiqavat gücündə “yaşıl” enerji layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. 2 milyard dollar civarında investisiya və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımız imkan verir ki, 2027-ci ilə bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldək. Bu məqsədlə həmin elektrik stansiyalarının şəbəkəyə vaxtında və problemsiz inteqrasiyası üçün şəbəkənin gücləndirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı ilə yanaşı, dövlətin də maliyyə dəstəyi cəlb olunub.”
Azərbaycanın energetika naziri Xəzər dənizinin 157 qiqavatlıq külək enerji potensialı əsasında 2037-ci ilədək beynəlxalq enerji şirkətləri ilə mərhələlərlə həyata keçiriləcək 18 qiqavatlıq elektrik enerjisi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın istehsalı, həmçinin üç “yaşıl” enerji dəhlizi layihələri barədə tədbir iştirakçılarına məlumat verib. Xəzər–Qara dəniz–Avropa “yaşıl” enerji dəhlizi 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 faiz artacağı, hidrogen idxalı ilə bağlı planları və enerji təhlükəsizliyi kontekstində Avropa İttifaqının strateji marağında olan layihə kimi dəyərləndirilib. Eyni zamanda, dənizdə külək enerjisi stansiyaları üçün avadanlıq istehsalı, hidrogen, enerji saxlama sistemləri, “yaşıl” enerji dəhlizi layihəsi, elektrik enerjisi axınının optimallaşdırılması üçün Avropanın elektrik enerjisi istehlakçılarının Azərbaycanda istehsal olunan külək enerjisi ilə əlaqələndirilməsi üzrə geniş əməkdaşlıq imkanları Avropa Külək Enerjisi Assosiasiyası və alman şirkətləri ilə tərəfdaşlığı inkişaf etdirmək aspektində diqqətə çatdırılıb.
Nazir Azərbaycanın Avrasiya miqyaslı “yaşıl” enerji fəaliyyətinin COP29-un dünyada “xalis sıfır”a nail olmaq üçün dar boğazların aradan qaldırılmasını hədəfləyən enerji təşəbbüslərini formalaşdırdığını da diqqətə çatdırıb. Qeyd olunub ki, 2030-cu ilədək regionlararası “yaşıl” enerji bağlantılarının qurulması, qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 1500 qiqavata çatdırılması, 2040-cı ilədək 80 milyon kilometrdən çox enerji şəbəkəsinin ümumi şəbəkə sisteminə əlavə edilməsi və ya təmir edilməsi, hidrogen sənayesinin inkişafını nəzərdə tutan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, həmçinin “Hidrogen Bəyannaməsi” təşəbbüsləri investisiya axınını artıracaq. “Hesab edirik ki, COP28 bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması hədəfini irəli sürmüşdüsə, COP29 bu hədəflərə nail olmağı dəstəkləyən platforma olacaq,”– deyə məruzəçi əlavə edib.
Daha sonra tədbir COP29 Sədrliyinin enerji keçidinin maliyyələşdirilməsi üzrə fəaliyyətinə və Azərbaycanın ənənəvi və bərpaolunan enerji növlərini balanslaşdıran enerji siyasətinə dair müzakirələrlə davam edib.
Energetika naziri Pərviz Şahbazov sözügedən konfransın “Enerji keçidi dövründə” adlı panel iclasındakı çıxışı zamanı isə ölkəmizin Avropaya “yaşıl” enerji ixracı siyasəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, növbəti 6 il ərzində yaradılacaq azı 7 qiqavat “yaşıl” enerji güclərinin 70 faizindən çoxu ixraca yönəldiləcək, bu məqsədlə Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilib.
Nazir “köhnə qitə”yə Xəzər–Qara dəniz–Avropa sualtı kabel xətti ilə ilkin mərhələdə 4 qiqavat, Naxçıvandan isə 1 qiqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik Azərbaycan–Türkiyə–Avropa “yaşıl” enerji dəhlizlərinin icra vəziyyəti barədə də ətraflı məlumat verib. P. Şahbazov, həmçinin yaxın vaxtlarda “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağını, Xəzər–Qara dəniz–Avropa “yaşıl” enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb: “Bu layihələrin unikallığı ondan ibarətdir ki, həmin dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək. Avropaya “yaşıl” enerjini müxtəlif marşrutlarla Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Ən önəmlisi, Avropada bərpaolunan enerji Şimal dənizi və Xəzər dənizi ilə balanslaşdırıla bilər. Bütün bunlar ölkəmizin bərpaolunan enerji resurslarına transformasiya etmək və “yaşıl” enerjinin təchizatında regional lider olmaq əzmini nümayiş etdirir.”
“Yaşıl” enerji dəhlizlərinin COP29 Sədrliyinin 14 təşəbbüsündən biri olduğunu diqqətə çatdıran P. Şahbazov Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammitinin, həmçinin “Mərkəzi Asiya ölkələri üçün İnvesiya Forumunun keçirilməsi ilə COP29-un bərpaolunan enerjinin tədarükü ilə bağlı regional təşəbbüslərimizə qlobal marağı cəlb edən və töhfə verən platforma olacağını vurğulayıb.
Panel iclasının sonunda biznes sektoru və medianın iştirakı ilə Azərbaycanda “yaşıl” enerji keçidi və enerji ixracı ilə bağlı “dəyirmi masa” və müzakirələr keçirilib.