Özgəsinə quyu qazanın son aqibətinin necə olduğunu hamımız bilirik. Sadəcə, bu dəfə quyu qazanların çoxluğu və bu quyuya düşməyə namizədin təkliyi maraq doğurur. Kənkanlar “kollektiv Qərb”in sıraları getdikcə artan aktorları, ipdən yapışan isə Ermənistandır.
Bütün kartlar masanın üstündədir. Xeyli müddətdir ki, haypərəst ABŞ və Avropa ölkələri Cənubi Qafqaz, xüsusən də Ermənistanla bağlı təxribatçı planlarını gerçəkləşdirməyə start veriblər. Məsələnin maraq doğuran tərəfi odur ki, cızılan planların reallaşdırılma mərkəzi kimi Ermənistan seçilsə də, Cənubi Qaqazdakı digər ölkələrin, xüsusən də Azərbaycanın maraqlarına xələl gətirmə istəkləri açıq-aşkar sezilir. Birləşmiş “çete” hələ “ciddi uğurlara” nail ola bilməyib. Çünki rəsmi Bakının qətiyyətli və uğurlu diplomatiyası, təklif etdiyi böyük gəlirli layihələr Qərbin bəd niyyətli dairələrinin arzusunu ürəklərində qoyub.
Avropa İttifaqı və ABŞ-nin, eləcə də onları dəstəkləyən dövlətlərin yanlış xarici siyasətlərindəki çatlar getdikcə dərinləşməyə başlayıb. Misal üçün, bir müddət bundan əvvəl Kanadanın XİN başçısı Azərbaycan əleyhinə verdiyi diplomatik etiketdən uzaq, avantürist açıqlamasına layiqli cavab aldıqdan sonra Ermənistanla rəsmi Ottava arasında qalmaqal üzə çıxıb. Məlum olub ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Kanadaya rəsmi səfəri təxirə salınıb. Buna səbəb kimi nümayəndə heyətinə daxil olan deputatların yalnız “Vətəndaş müqaviləsi” partiyasından olması göstərilib. Rəsmi dairələr bu görüşdən imtina ediblər. Bu, quyuya salınanın üzləşdiyi ilk fiaskodur. Davamı mütləq olacaq.
* * *
Azərbaycana qarşı hazırlanan gizli və ikiüzlü bütün planlar sonda fiaskoya uğrayır. Necə ki, ABŞ və “kollektiv Qərb”in Ermənistanda reallaşdırmağa çalışdıqları ssenariləri geosiyasi dalana dirənib. Bir yandan rəsmi İrəvanın Moskvadan tamam qoparmaq səyləri ciddi problemlərə tuş gəlir, digər yandan Ermənistanın Qərbin çətirinin altına girmək məqsədi reallaşmaqdan çox uzaqdır. Fikrimizcə, bunun sadə bir səbəbi var: Qərb və ABŞ İrəvanı “şirəyə çəkməklə” onu nəticələri düşünülməmiş addımlara sövq etməsi onların Cənubi Qafqaza, bütövlükdə Şərqə yaxından bələd olmamasının fəsadlarıdır. Qəpiyini hesablayan imperialistlər Ermənistanın Rusiya ilə əlaqələrini kəsmək istəyir, amma bunun üçün tələb olunan böyük maliyyə dəstəyini göstərmirlər. Məhz bu səbəbdən Ermənistan ona boş qollarını uzatmış Qərbin siyasi dairələrinin ümidlərini doğrulda bilmir. Ya da bunu qəsdən etmir ki, bu da onun “daydayı”larında kifayət qədər narahatlığa və narazılığa səbəb olub. Vaşinqton və Brüsselin planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışarkən bölgənin lideri Azərbaycanın maraqlarını nəzərə almamaları, eləcə də digər geosiyasi amilləri gözardı etmələri özlərini kifayət qədər mürəkkəb geosiyasi böhranla üz-üzə qoyub. Nəticədə Qərb və ABŞ Cənubi Qafqazda, faktiki olaarq, “bir addım irəli, iki addım geri” reallığı ilə üzləşiblər. Belə bir vəziyyət isə geosiyasi labirint effektinin yaranmasına səbəb olub.
* * *
Xankəndidən süpürüb atdığımız separatçı rejimin elçilərinin ABŞ Konqresinə dəvət olunması, burada “Dağlıq Qarabağın süqutu”na həsr edilmiş dinləmələrdə iştirak etməsi “birləşmiş Qərb”in strateji məqsədlərindən xəbər verir. Azərbaycana təzyiq üsulu kimi ortaya atılan bu proje tarixin arxivinə göndərdiyimiz “Dağlıq Qarabağ ermənilərinin” hüquqlarının “bərpası mexanizmini” işləyib hazırlamağı nəzərdə tutur. Ermənistanla bağlı yalançı “təşəbbüslər zəncirində” ən zəif halqanın özünün olduğunu başa düşməsindən ötrü Paşinyan komandasında, deyəsən, diplomatik fəhm çatışmazlığı var. Bu oyunun onun başında çatlayacağının fərqinə varmaqdan ötrü Kissincer olmağa ehtiyac yoxdur.
Qərbin dəstək verdiyi anti-Azərbaycan siyasətinin gerçəkləşməsi üçün böyük maliyyə yardımı alacağını gözləyən İrəvanın bu ümidləri də boşa çıxdı. Qarşıdakı 5 il üçün ABŞ Ermənistana 65 milyon dollar, Avropa İttifaqı isə ümumilikdə, 250 milyon avro vəsait ayırıb. Bundan başqa, Ermənistanın hərbi ehtiyaclarını ödəmək üçün ayrılan digər məbləğlər də Paşinyan hakimiyyətinə radikal qərarların qəbuluna, yəni Bakının qarşısında manevrlər etməyə imkan vermir. Belə bir vəziyyətdə 15 milyard dollara yaxın xarici borcu olan Ermənistan kimi kiçik dövlət Rusiyadan uzaqlaşma siyasətini də qəti addımlarla yekunlaşdıra bilməz. Ona görə ki, Kremlin iqtisadi və enerji sanksiyaları Ermənistan iqtisadiyyatını tamamilə çökdürməklə yanaşı, həm də daxildə idarəolunmaz xaosa gətirib çıxaracaq sosial böhran yarada bilər. Sadəcə olaraq, Moskvanın təbii qazın nəqlini dayandırması və ya enerji resurslarının qiymətlərinin dünya bazarına uyğunlaşdırması Ermənistanda ən müasir silahlarla edilən hücumlardan da qat-qat acınacaqlı fəsadlar törədə bilər.
* * *
Maraqlıdır ki, üzləşdiyi çoxsaylı problemlərə baxmayaraq, İrəvan hələ də Qərbə Ermənistanın Rusiyadan uzaqlaşması layihəsinə sadiqliyini nümayiş etdirməyə çalışır. Hətta Paşinyan hökuməti Ermənistanın Rusiya enerji mənbələrindən asılılığını aradan qaldırmaq üçün alternativ mənbələr axtardığını nümayiş etdirir. Ermənistan alternativ enerji mənbəyi kimi, hətta, Azərbaycana ümid bəsləyir. Yəni, baş nazir Nikol Paşinyan Azərbaycanın Qərbə yönəlik enerji marşrutlarının Ermənistan ərazisindən keçməsini təklif edib. Həmçinin, parlamentin sədri Alen Simonyandan sonra baş nazir də Azərbaycandan təbii qaz idxalında maraqlı olduğunu rəsmən açıqlayıb.
Və bütün bunların fonunda rəsmi İrəvan Qərbin onun üçün Konqresdə qazdığı “Dağlıq Qarabağ” quyusunun ətrafında dayanıb hələ düşünür. Bu, onu göstərir ki, İrəvan yaxın gələcəkdə hansı cəbhəni seçmək dilemması üzərində hələ çox baş sındıracaq.
İrəvanın hərəkətlərində Qərbi qıcıqlandıracaq çalarlar az deyil. Misal üçün onun İranla sıx əlaqələr qurması, enerji təminatı ilə bağlı böyük müqavilələr imzalaması haypərəst Qərbin siyasi dairələrinin qəzəbinə tuş gələ bilər. Başqa variant olmadığı üçün hazırda Rusiyaya alternativ enerji mənbəyi kimi yalnız Azərbaycan çıxış edə bilər. Məhz buna görə Ermənistan nəzərlərini Azərbaycanın enerji ehtiyatlarına yönəldib. Bu fakt bir daha onu sübut edir ki, Cənubi Qafqazın söz sahibi Azərbaycandır və getdikcə gücünü, iqtisadiyyatını artıran bir ölkə ilə hesablaşmadan regionda hansısa beynəlxalq layihəni, planı həyata keçirmək mümkün deyil.
Ermənistanın vəziyyəti isə günü-gündən qəlizləşir. Rusiyadan uzaqlaşma və Qərbin ağuşuna sığınmaq siyasəti artıq çat verməyə başlayıb. Hadisələrin bu məcrada inkişafı Paşinyan hökumətinə və erməni xalqına yaxşı gələcək vəd etmir. Qısası, İrəvan Qərbin toxuduğu iplə quyuya sallanmağın fəsadlarını artıq hiss etməyə başlayıb.
Yazımızın əvvəlində eyni vaxtda iki stulda əyləşmək vərdişindən əl çəkməyən Hayastanı quyunun dibinə sallayan “kənkan”lardan söz açmışdıq. Bu minvalla İrəvanın özünün başqalarına qazdığı quyunun dibinə çatmamış ipinin kəsiləcəyi aksiomdur.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və separatçılığa son qoyması bəzi qüvvələr üçün gözlənilməz oldu. Biz heç vaxt bunu sirr olaraq saxlamamışıq. Bunu həmişə təkrar edirdik ki, əgər diplomatik yolla, danışıqlar vasitəsilə münaqişə həllini tapmayacaqsa, hərbi potensialımızdan istifadə hüququnu özümüzdə saxlayırıq. Və bu hüququmuzdan yararlandıq. Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinə məhz bu yolla nöqtə qoyuldu. Təbii ki, bu reallığı həzm etmək həmin qüvvələr üçün çətin idi. Bu, Azərbaycanın həm siyasi, həm də tarixi qələbəsidir. Çünki müasir diplomatiya tarixində belə bir presedent nümayiş olunmamışdı. Azərbaycan bunu gerçəkləşdirməklə dünyaya sübut etdi ki, ölkədə xalqla hakimiyyət arasında sıx birliyi təmin eləyib. Həm də biz hərbi cəhətdən bu qələbəyə qadir olan xalq və dövlətik.
Qazandığımız zəfər, eyni zamanda, diplomatik müstəvidə aparılan çətin və ardıcıl fəaliyyətin nəticəsidir. Bəli, Azərbaycan müharibə ərəfəsində beynəlxalq platformalarda qələbəyə zəmin yaradacaq böyük işlər həyata keçirdi. Bu baxımdan, bu, həm hərbi, həm də diplomatik qələbə sayılmalıdır.
Göründüyü kimi, Azərbaycanın yaratdığı reallığı bəzi dairələr anlamaq və qəbul etmək istəmirlər. Əlbəttə, indi biz ermənilərin ən müxtəlif təxribatları, revanşist şüar və bəyanatları ilə yanaşı, ona dəstək verən Qərbin hər cür davranışlarına hazır olmalıyıq.
İ.HƏSƏNQALA
XQ