Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə ölkənin Müasir Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan Dil və Mədəniyyət Mərkəzində konfrans keçirilib.
Tədbirdə universitetin müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndirilib və anım günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz çıxışında bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində son qoyulub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini, lakin həmin qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını xatırladan səfir qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Beləliklə Azərbaycan 44 gün davam edən Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb. Diplomat həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri regiona yeni nəfəs gətirəcək.
Daha sonra universitetin İcraçı direktoru Şahzad Munirin və xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü, düşmənin sonadək bütün ərazilərdən qovulması, işğala son qoyulması, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi, bölgədə davamlı sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verəcək.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad