Prezident İlham Əliyev İtaliyada işgüzar səfərdə olub. Ölkə başçısının səfəri sentyabrın 6-da başa çatıb. Bu İtaliya ilə siyasi, iqtisadi, eləcə də hərbi əlaqələrimiz mövcuddur. Səfərdən sonra münasibətlərdə yeni mərhələnin başlanılması gözlənilir.
Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Azərbaycan-İtaliya Parlamentlərarası İşçi Qrupunun üzvü Rəşad Mahmudov bildirib ki, Azərbaycanın İtaliya ilə əlaqələrinin təhlili göstərir ki, tarixi baxımdan bu əlaqələr qısa müddət ərzində sürətlə inkişaf edib:
"Ötən əsrin 90-cı illərində Roma ilə qurulan münasibətlər XXI əsrin əvvəllərindən ortaq məqsədlərlə qarşılıqlı əməkdaşlığa çevrilib, daha sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə də son illərdə Prezident İlham Əliyevin İtaliyaya mütəmadi səfərləri və bu səfərlər çərçivəsində imzalanan müqavilələr münasibətlərdəki qarşılıqlı etimadı artırmaqla yanaşı, Azərbaycanın etibarlı tərəfdaş olduğunu da təsdiqləyib. Şübhəsiz, “Böyük yeddilər”in üzvü olan Roma ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verən rəsmi Bakının yürütdüyü sülhpərvər və nəticəyönümlü siyasəti nəticəsində bu gün Azərbaycan xüsusi çəkiyə və nüfuza sahib ölkə kimi beynəlxalq arenada böyük hörmət qazanıb".
O qeyd edib ki, Azərbaycan ilə İtaliyaya arasında əməkdaşlığın gündəliyi zəngindir:
"Tərəflər arasında əməkdaşlığın perspektivləri kimi regionda yaranmış yeni geosiyasi vəziyyət, müharibədən sonrakı dövr, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi müzakirə olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan bazarı İtaliya üçün mühüm əhəmiyyət kəsb edir, İtaliya biznes dairələrinin ona marağının artması iqtisadi əlaqələrin şaxələndirilməsi üçün geniş potensialın olduğunu göstərir. Onların əsas komponenti enerji əməkdaşlığıdır.
Azərbaycan İtaliyanın mühüm tərəfdaşıdır və İtaliya bazarına xam neft və neft məhsullarının ən böyük ixracatçısıdır. Bakı İtaliyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir - söhbət Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlindən gedir. Təkcə ötən il Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac edilib. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bir daha göstərdi ki, bu gün tərəflər, digər məsələlərlə yanaşı, neft-qaz sənayesində və bərpa olunan enerji sahəsində yeni texnologiyaların tətbiqini də əhatə edən əməkdaşlığı genişləndirmək və şaxələndirmək öhdəliyinə sadiqdirlər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, İtaliya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşıdır. Bu kontekstdə enerji sahəsində əməkdaşlığımız uğurla inkişaf edir. TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində, Avropanın 10 ölkəsinin enerji resursları ilə təchizatında rolu əvəzsizdir.
İtaliyanın işgüzar dairələri Azərbaycana böyük investisiyalar qoyur və bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə İtaliya kapitalı ilə 100-dən çox kommersiya strukturu fəaliyyət göstərir. Bu gün Azərbaycan-İtaliya əməkdaşlığı işğaldan azad edilmiş Qarabağda bərpa və quruculuq işləri kimi mühüm seqmenti də əhatə edir.
Bakı və Roma arasında əməkdaşlığın yeni aspekti iqlim gündəliyidir. Əlbəttə, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə yekdil dəstəyin ifadəsi və ona olan etimadın göstəricisidir. Dövlət başçısı da Romada bildirdi ki, Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı beynəlxalq məsələlərdə İtaliya ilə əməkdaşlığa hazırdır".
Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq arenada önəmli aktor kimi tanınır:
"Xüsusilə də, dövlət başçısının mötəbər “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda baş qonaq kimi iştirakı Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş, regionun aparıcı aktoru statusunun, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfəyə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.
Əlbəttə, ölkəmizin qısa bir müstəqillik dövründə sürətli inkişaf yolu keçməsi dünyada böyük maraqla qarşılanır. Azərbaycanın müstəqil, güclü dövlət olaraq regionda böyük iqtisadi layihələr həyata keçirməsi diqqətdən yayınmır. Xüsusilə də Avropanın yeni enerji xəritəsini cızması Azərbaycanın müxtəlif güc mərkəzləri arasında uzlaşmanı məharətlə yerinə yetirdiyini göstərir və bu reallıq Qərb paytaxtlarında da etiraf olunur.
Rəşad Mahmudov yekunda bildirib ki, müstəqilliyinin bərpasından cəmi bir qərinə keçməsinə baxmayaraq, Azərbaycanın Avropada və dünyanın bir çox beynəlxalq təşkilatlarında böyük nüfuz qazanması məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün olub. Güclü siyasətdən, qüdrətli ordudan, daxili sabitlikdən, xalq-iqtidar birliyindən ibarət Azərbaycanın uğur formulu dövlətin inkişafını şərtləndirir, beynəlxalq münasibətlərin strateji əhəmiyyətli üzvünə çevirir.
Ümumiyyətlə, dövlətimizin başçısının Avropada keçirdiyi görüşlərin sayı və məzmunu dünyanın ölkəmizə olan sonsuz marağından xəbər verir. Digər tərəfdən, bu, Azərbaycanın siyasi və iqtisadi tərəfdaş kimi cəlbediciliyinin daha bir sübutudur. Bütün bunların arxasında isə şübhəsiz ki, Azərbaycanın dünya miqyasında nüfuzunu getdikcə artıran dövlət başçısının uğurlu siyasəti dayanır".