Bəzi qüvvələr Rusiya–Azərbaycan müttəfiqliyinə zərbə vurmağa cəhd edirlər
Dirijor çubuğunun yuxarı qalxmasını gözləyən orkestrin ifaçıları kimi, Rusiyadakı bəzi siyasətçilər, “müstəqil” ekspertlər, deputatlar, QHT təmsilçiləri də son vaxtlar Azərbaycanı təhdid etməyə, Qarabağ məsələsində ölkəmizi haqsız çıxarmağa cəhdlər edir, rəsmi Moskvanın Azərbaycana münasibətdə mövqeyinə zidd siyasət sərgiləməklə müttəfiqlik səviyyəsinə qalxmış ölkələrarası münasibətlərə kölgə salmağa çalışırlar.
Rusiya Dövlət Duması komitə sədrinin müavini Konstantin Zatulinin ermənipərəst, anti-Azərbaycan çıxışlarına birinci dəfə deyil şahidlik edirik. Bu dəfə, o, bir az da irəli gedərək, Qarabağ separatçılarına “artsaxın yubileyi” münasibətilə təbrik ünvanlayıb. Çox güman ki, onun bu addımı atmaqda məqsədi növbəti siyasi avantürası ilə gündəmə gəlməkdir. Əgər belə olmasaydı, dörd il əvvələ kimi bölgədə terrorizmi və separatizmi dəstəkləməz, indi isə insanlığa qarşı törətdikləri ağır cinayət əməllərinə görə Femida qarşısında cavab verməli olan bir rejimin fərari təmsilçilərinə təbrik müraciəti göndərməzdi. Rusiya qanunverici orqanının səlahiyyətli nümayəndəsi üçün bu hərəkət rəsmi siyasi kursa qarşı olmaqla yanaşı, həm də ədalətdən uzaq və çox uğursuz bir addım sayılmalıdır. Dövlət Dumasının yüksək ranqlı təmsilçisinin belə “avantürist siyasi romantizmə” ayıq başla yol verməsinə bizdə ciddi şübhələr yaranıb. İqtidardakı “Vahid Rusiya” Partiyasının üzvü olan şəxsin belə təxribatçı və səbatsız müraciətini başa cür şərh etmək mümkün deyil.
* * *
Zatulinin istinad etdiyi “2020–2023-cü il hadisələri”, 30 illik separatizmə, işğala, terrorizmə və iztirabına son qoymuş Vətən müharibəsi və lokal antiterror tədbirləri tarixin arxada qalmış səhifələridir. Azərbaycan məhz bunların sayəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı, sülh, sabitlik və təhlükəsizliyin möhkəm zəminini formalaşdırdı. Dumanın komitə sədri müavininin yol verdiyi siyasi davranışı hazırda bölgədə cərəyan edən hadisələrin fonunda “Qafqaz evi”ndə sülhə və əməkdaşlığa yalnız zərər vuaracaq məkrli niyyət kimi dəyərləndirmək olar.
Batumidə hərbçi aləsində doğulmuş, iki gündən sonra 66 yaşı tamam olacaq Konstantin Zatilinin Rusiyadakı erməni diasporu ilə “isti əlaqələri” barədə mediada məlumatlar dolaşmışdı. Xüsusilə, Zəfərimizlə başa çatmış 44 günlük müharibədən sonra onun haypərəst ritorikasının daha da güclənməsi medianın bu ehtimalının reallıqla üst-üstə düşməsinə şübhə yeri qoymur. Belə görünür ki, iqtidar düşərgəsində yer alsa da, siyasət meydanında hələ də yerini tuta bilməyən deputat dediyi sözlərin, verdiyi bəyanatların, ölkə xaricinə göndərdiyi məktubaların törədə biləcəyi fəsadları hesablamaq iqtidarında deyil. Bunu anlamış olsaydı, münaqişəni yenidən körükləməyə hesablanmış cəfəng açıqlamalardan, xam xəyallardan əl çəkərdi.
“Bu, başqa bir dövlətin suverenliyinə müdaxilədir”. Rusiya Dövlət Dumasının daha bir deputatı, hüquqşünas Aleksandr Tolmaçev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin beynəlxalq ictimaiyyətin Ermənistana silahlı qüvvələrinin inkişafına məhdudiyyətlər qoymalı olması ilə bağlı bəyanatını “Alpha News”a bu formada şərh edib. Deputatın fikrincə, qonşusu ilə müharibə şəraitində olan ölkənin silahlanması onun daxili məsələsidir: “Tərəflərdən biri qarşı tərəflə bağlı beynəlxalq ictimaiyyətə müraciət edərək, onun silah və silahlı qüvvələrinin sayını məhdudlaşdırmasının lazım olduğunu söyləməsi başqa dövlətin suverenliyinə müdaxilə deməkdir. Məsələn, Yaponiya ordusu ilə müqayisə aparmağa çalışanda deyirlər ki, ordumuz yoxdur, çünki İkinci Dünya müharibəsindən sonra onlar da Almaniya kimi, özünümüdafiə ilə məhdudlaşırlar. Bu zaman çaşqınlığa ehtiyac yoxdur. Çünki 80 il əvvəl müttəfiqlərin beynəlxalq koalisiyası Almaniyaya qalib gəldi. Onlar həm də buna görə Yaponiya ilə sülh müqaviləsinin şərtlərini diktə etdilər”.
Reallıqdan min kilometr uzaq, yersiz və aidiyyatsız müqayisəyə yol verən A.Tolmaçev bu kontekstdə hətta Bakıya məsləhət verməkdən də çəkinmir: “Məsələ ondadır ki, Azərbaycan nədənsə qorxursa, o zaman suveren dövlət kimi silahlı qüvvələrini gücləndirməyə, inkişaf etdirməyə, səfərbərlik və sair tədbirləri həyata keçirməyə tam haqqı var”.
Deməli, Ermənistan Almaniya, Yaponiya kimi məğlub tərəf deyil, boynuna da silahlanma ilə bağlı, onlar kimi, heç bir öhdəlik götürməyibmiş. İndi, o, dünyanın dörd tərəfindən ölkəsinə kütləvi qırğın silahları daşıya bilər. Hüquq təhsili almış rusiyalı deputat açıqlamasında bunu qırmızı-qırmızı dilə gətirir: “Ermənistan da bunu edə bilər. Ermənistan məğlub olmuş, sülhə məcbur edilmiş və bunu sülh müqaviləsində qeyd etməyə məcbur edilmiş işğalçı ölkə (?) olsaydı, bu, mümkün olardı. Amma bu gün Ermənistanın silahlı qüvvələrini ixtisar etməsi ilə bağlı istənilən cəhdlərin bununla heç bir əlaqəsi yoxdur. Ermənistanın daxili qanunları bu gün belə bir ordunun olmasına icazə verir, amma sabah başqa ordu da ola bilər. Hər şey parlamentdən, Ermənistan hökumətinin istəyindən və büdcənin bu və ya digər ordunu dəstəkləmək qabiliyyətindən asılıdır”.
Dövlət Dumasının üzvü Tolmaçevin demədiyi bircə o qalıb ki, Ermənistan nəinki qonşu ölkənin torpaqlarını işğal etməkdə haqlı olub, üstəlik, onun öz konstitusiyasına bu ölkəyə qarşı ərazi iddialarını daxil etməsi də normal sayılmalıdır.
* * *
Qondarma “erməni məsələsi”in üzərindən 100 ildən çox vaxt keçib. Artıq hayların təkcə “miatsum” kimi sərsəm ideyası deyil, milyardlarla dollarla ölçülən, siyasi avantüra ilə müşayiət olunan lobbiçilik mexanizmləri də öz əhəmiyyətini itirmişdir. Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunmasına maneəçilik törədən, bu məqsədlə yüz minlərlə insanın faciəsinə yol açan, radikal-revanşist separatizmdən faydalanmağa cəhd göstərən bütün xarici aktorların riyakar planlarını birdəfəlik pozdu.
Sonda onu da nəzərə çatdıraq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Dövlət Dumasının MDB komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin təxribatçı videomüraciəti ilə əlaqədar Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib. Zatulinin dövlətçiliyimizin və xalqımızın əleyhinə bəyanatlar verdiyi vurğulanan məktubda Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiyanın rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq onun ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribatçı fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülmədiyi qeyd olunur.
Məktubda P.Bülbüloğlu, həmçinin V.Volodindən Rusiyanın rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmasını və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməsini təkidlə xahiş edib.
Bu gün “kollektiv Qərb”, ermənipərəst qüvvələr da yaxşı bilirlər ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Rusiyanın strateji maraqlarına cavab verir. Daha Kremlin “Vardanyan kartı”ndan istifadə etmək kimi istəyi də yoxdur. Bu səbəblərdən Rusiyadakı erməni lobbisinin təxribat xarakterli açıqlamalar verdirməklə, yazılar yazdırmaqla vasitəçilərsiz sülh danışıqlarına, eləcə də Azərbaycan–Rusiya münasibətlərinə zərbə vurmaq, bölgədə gərginliklər yaratmaq kimi cəhdləri heç bir nəticə verməyəcək. Ermənilərin puluna onlara “züy tutanlar” – Zatulin, Tolmaçev və digərlərinin verdiyi açıqlamalar heç bir halda Rusiya dövlətinin mövqeyi ola bilməz. Bu, yuxarıda yazdığımız kimi, bir tərəfdən Rusiyadakı zəngin erməni diasporunun apardığı anti-Azərbaycan təşviqatının növbəti dalğası, digər tərəfdən isə “siyasi təzyiqi” xeyli qalxmış Ermənistan ictimaiyyətinin üstünə “su çiləmək” məqsədini daşıyır.
Tofiq ABBASOV,
siyasi şərhçi:
– Rusiya erməni lobbisinin güclü dayaqlara malik olduğu ölkələrdən biridir. Onu da yaxşı başa düşürük ki, Zatulin, Tolmaçev kimi bəzi deputatlar, hüquqşünaslar, ekspertlər birbaşa təsir altında olmasalar belə, Ara Abramyanın rəhbəri olduğu ittifaqla yaxın əlaqələrə malikdirlər. Bu, geniş maliyyə imkanları olan ittifaqdır. Hətta, bir dəfə Rusiya Prezidenti Abramyanın üzünə demişdi ki, həddinizi aşmayın, çünki Rusiyada yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərdən çoxdur.
Azərbaycana təzyiq göstərmək, mövqelərimizi sarsıtmaq üçün bunlar həmişə bəhanə axtarıblar. Əlbəttə ki, bunlar səmərəsiz və məqsədə çatılması mümkün olmayan cəhdlərdir. Zatulinin separatçılara təbriki, yaxud ona bənzər siyasi avantüristlərin çıxışları onların siyasi fırıldaqçı olmalarına dəlalət edir. Erməni vəsaitinin üstündə oturmuş və ondan yararlanan tiplər özlərini nüfuzlu siyasi xadim kimi qələmə verməyə çalışırlar. Dövlət Dumasında komitə sədrinin müavini olan Zatulinin bu cəbhədə mövqeyi xeyli zəifləyib. Ona görə də özünü “reabilitasiya” etməkdən ötrü Ukrayna ilə münaqişə zəminində rəsmiləri də ciddi şəkildə tənqid atəşinə tutur. Yəni, faktiki olaraq, Kremlin üzünə qayıdır.
Anti-Azərbaycan cəbhəsində “vuruşanlar” isə beynəlxalq birliyin diqqətini Qarabağdan könüllü getmiş etnik ermənilərin “problemlərinə” yönəltməyə çalışırlar. Guya, Bakı onları “etnik təmizləmə nəticəsində” bölgədən çıxarıb. Beynəlxalq təşkilatlar, müvafiq strukturlar ermənilərin qayıdışına zəmanət verməlidirlər. Bu, tamamilə faydasız və zərərli fəaliyyətdir. Birincisi, onları Qarabağdan Azərbaycan çıxartmayıb, qapıları da bağlamayıb. Bakı deyir ki, əgər əliniz azərbaycanlıların qanına bulaşmayıbsa, buyurun, müraciət göndərin, vətəndaşlığımızı qəbul edin və sairə. Digər tərəfdən, onlar separatçı, avantürist fəaliyyətləri ilə bizim vətəndaşların ata-baba torpaqlarına – Zəngəzura qayıtmasının qarşısını almağı hədəfləyirlər. Beynəlxalq gündəliyə çıxarılan bu məsələnin həlli departasiyaya məruz qalmış soydaşlarımızın haqqıdır. O torpaqda doğulan insanın orada yaşamaq hüquqi var. Bütün beynəlxalq konvensiyalarda nəzərdə tutulan hüquqi qayda və normalar vətəndaşlarımızın arxasında durmuş güclü sipərdir.
Haylar məhz qabaqdangəlmişlik etmək üçün xarici dəstəkçilərini, o cümlədən, Rusiyadakı ermənipərəst şəbəkəni irəli veriblər. Heç birinin faydası olmayacaq. Azərbaycanın bərpa etdiyi ərazi bütövlüyünü BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar tanıyırlar.
İmran BƏDİRXANLI
XQ