Yaxud anti-Azərbaycan qüvvələrə elegiya əvəzi
Çox güman, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano bu sərlövhəni oxuyub onun “stanoizm”lə assosiasiya olunmasına sevinəcək. Hesab edəcək ki, böyük iş görüb. Amma bu “ostap bender” çox da sevinməsin, çünki yazımız heç də tam mənada onun barəsində deyil. Ümumən, xaricdəki anti-Azərbaycan və ermənipərəstlərin üzərində dayanacağıq. Hərçənd, bu şəxsin pis anlamda motivator rolu oynadığını da bildirməliyik.
“Seçkilərin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstəkdən xəbər verir. Ümid edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin parlament korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyət davam etdiriləcəkdir”. Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin bəzi Qərb təşkilatları tərəfindən ədalətsiz qiymətləndirilməsinə cavab olaraq yaydığı bəyanatda əksini tapıb.
Şübhəsiz, bəyanat ölkəmizi Rusiya ilə bağlamaq istəyən bəzi Qərb dairələrinə, o cümlədən, xaricdəki ermənipərəstlərə əllərindəki tezis və “şparqalkaların” məzmununu daha da “dolğunlaşdırmaq” üçün yaxşı “fürsət” verir. Çünki niyyətləri çürükdür. Cılızlıqlarını hər imkandaca ortaya qoyurlar. Əlbəttə, belələrinin nə deməsinin həqiqəti ifadə edənlərə heç bir təsiri olmamalıdır. Ona görə də Rusiya tərəfinə həssaslığa görə təşəkkürümüzü bildiririk. Hərçənd, müdafiəyə ehtiyacımızın olmadığını da deməliyik.
Xalqımız özünü və öz dəyərlərini müdafiə etmək iqtidarındadır. Daha yaxşı olar ki, Rusiyanın dövlət orqanları, ümumən rus ictimaiyyətinin təmsilçiləri ölkələri daxilindəki anti-Azərbaycançı qüvvələri, erməni sevdalı zatulinləri zərərssizləşdirsinlər. Nəzərə alsınlar ki, onlar Moskva ilə Bakının arasını vurmaq anını gözləyirlər və mahiyyətcə bu yazının qələmə alınmasına səbəb olan anti-qəhrəmandan heç nə ilə fərqlənmirlər.
Əlqərəz, yəqin təxmin etdiniz ki, mahiyyəti çürük olan anti-qəhrəman P.Stanodur. Əvvəldə də vurğuladıq ki, hazırda Stano çürük mahiyyətlilərin ümumiləşdirilmiş obrazıdır. Məsələn, onun şefi J.Borrel necədirsə, Stano ondan, necə deyərlər, bir çömçə artıqdır. Yaxud artıq olmağa çalışır və göstərir ki, anti-Azərbaycan, ermənipərətslik “qonkasında” iddialı rəqibdir. Yəqin, erməni lobbi və diaspor təşkilatlarının rəhbərləri bu mütrüfü daha yaxşı mükafatlandırmaq barədə düşünərlər. Hər halda, “əməyinə” layiqincə qiymət verilməlidir.
Əlbəttə, Stano çox balaca füqurdur. Azərbaycanla bağlı beynəlxalq aləmdə səslənmiş qərəzli fikir, bəyanat, qətnamə və sair bu sayaq lakmus kağızlarına isə öyrəncəliyik. Biz önümüzə baxırıq, arxamızca dolaşanları saya salmırıq. Eyni zamanda, daha böyük mahiyyəti əsas götürürük. Hesab edirik ki, 1 sentyabr seçkiləri Azərbaycan xalqının öz iradəsini növbəti dəfə göstərməsi idi. O iradədə ölkəmizi güclü, müstəqil görmək əzmi və mübarizliyi var. Əsas məsələ də elə budur. Deməli, Stanonun parlament seçkilərinin, guya, rəqabətsiz, məhdud siyasi mühitdə keçirilməsinə dair bildirdiklərinin heç bir əhəmiyyəti yoxdur.
Əsas məsələ həm də odur ki, xaricdə inkişafımızı, tutduğumuz yolun qətiyyətini gözü götürməyən, Azərbaycanı Suriyanın, İraqın, Liviyanın, Tunisin... gününə qoymaq istəyənlər var. Onlar parlament seçkiləri xüsusunda “aktivləşdilər”. 44 günlük Vətən müharibəsi dönəmində də eyni “ampluada” idilər. Ermənistanı savaşa təhrik edirdilər. Ölkənin qələbəsinə siyasi sərmayə yatırıb Azərbaycan nefti üzərində qanuni dövlət hakimiyyətinin deyil, quldur dəstələrinin nəzarətini həyata keçirmələrinə dair planlar qururdular.
Ermənilərin tam işğal edəcəyi Azərbaycanın dərəbəylik ab-havasını təsəvvürə gətirib, ölkəmizi xəyalən 1990-cı illərin əvvəllərinə qaytarırdılar. Bəlkə insan talelərinə fokuslanmış sentimentallıq səhnələri hazırlamış, vətəndaşımızın hansısa erməni quldurunun tapdağı altında qalacağı ssenarilərini də yazmışdılar. Ola bilər, BBC-ləri, CNN-ləri “timsah göz yaşlarını tökmək” üçün startda dayanmışdılar. Ancaq bir şeyi hesablaya bilməmişdilər ki, Azərbaycan xalqı doğma yurd, el-oba həsrəti ilə alışıb-yanır və bu həsrətə son qoymaq üçün hər şeyə hazırdır. Yekunda belə bir hazırlığın, dəyanətin qarşısında susmağa məcbur olmuşdular.
Xalqımız 1 sentyabr sınağına ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Vətəndəki ilk parlament seçkilərini layiqli şəkildə keçirmək amalı ilə qatılaraq, dövlətimizlə həmrəyliyini növbəti dəfə sübuta yetirdi. Nəticədə yenə xaricdə kimlərinsə kürklərinə birə düşdü. Stano da onların düşərgəsində yer alanlardandır. Axı belələrinin xalq barəsində təsəvvürləri bəsitdir. Onlar xalqı mütəşəkkil, dövlətini sevən, dəyərlərini qoruyan, milli mənlik şüuruna sahib görmək istəmirlər. Niyyətləri qlobal manqurtlar yetişdirməkdir. Özlərindən başqalarını qövm kimi təsəvvürə gətirirlər. Baxın, erməni qövmünün başına çatı salıb hara gəldi sürüyürlər. Sürüyüb dar ağacına gətirmələrinə isə çox az qalıb...
Bəli, görmək istədikləri xarabazarlıqlar, məhv olmuş şəhərlər, dağıdılmış məktəblər, xəstəxanalar, parklar, viran qalmış yaşayış məskənləridir. Ukraynanı saldıqları gün, ölkəyə yaşatdıqları acınacaqlı durum gözlər önündədir. Hər kəs ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vandallıq mənzərələrini də gördü. Stanolar və onların ağaları otuz ilə yaxın müddətdə həmin mənzərələrin saxlanılması üçün dəridən-qabıqdan çıxdılar. Çalışdılar ki, işğal əbədi olsun. İstədilər ki, düşdüyümüz vəziyyətlə, acı taleyimizlə barışaq, torpaq itkisi ilə razılaşaq. Qaşlarını çatıb ağıllı məsləhətlər verdilər. Sülh və sabitlik “zəngulə”ləri vurub balaca uşaqları davakarlıqdan, dəcəllikdən çəkindirirmiş kimi davrandılar. Beynəlxalq hüquqla interpretasiya edərək, həqiqətin başqa sifətini göstərməyə cəhd göstərdilər. Elə zənn etdilər ki, saxtakarlıqlarından xəbərimiz yoxdur. Hər şeyi çox gözəl bilirdik və bu gün də bilir və görürük.
Amma hazırda yaşadığımız Cənubi Qafqaz coğrafiyasında vəziyyət tamamilə dəyişib. 44 günlük müharibədəki Zəfərimiz bölgə ilə bağlı çeşidli oyunlar quranların əlli, yüz il qabağa hesablanmış masonvari düşüncələrini alt-üst edib. Qarşılarında obrazlı desək, Azərbaycan boyda dağ dayanıb. Hərçənd, bu dağı görmək istəmirlər. Özlərini qayadan nə isə qoparmaq istəyən dalğa kimi aparırlar. Aparsınlar, onlara yalnız tozumuzu verə bilərik. Tozumuzu murdar nəfəslərinə çəkib ciyərlərini korlasınlar. Başqa cür mümkün deyil. Hər seçkiqabağı və sonrası başlatdıları anti-Azərbaycan kampaniyası ilə sübut edirlər ki, həqiqətlərin, reallıqların üzünə dik baxa bilməyəcək qədər rəzil və miskindirlər.
Stanolar, borrellər və bu fəsilədən olan digər xəstə canlılar yaxın keçmişdəki sələflərinin müstəqilliyinin ilk on-on beş ilində ölkəmizdə çıxardıqları oyunları təkrarlamağın xəyallarını qururlar. O zaman “rəngli inqilab”lar dəbdə idi. Qərb dairələri inqilab dalğasının Azərbaycanı da vurması üçün dəridən-qabıqdan çıxırdılar. Daxildə bəslədikləri siyasi həşəratları meydanlara çıxarır, hərc-mərclik ab-havası formalaşdırır, gərginlik yaradırdılar.
Lakin zaman keçdikcə həm Azərbaycan dövləti gücləndi, həm də cəmiyyətimiz monolitlik qazandı. Xalq-hakimiyyət vəhdəti oturuşmuş mahiyyət daşımağa başladıqca, mənfi tendensiyalar tarixin arxivinə gömülməyə başladı. Nəticə etibarilə anti-milli ünsürlər də Qərbin sayını çoxaltmağa çalışdığı cinsi azlıqlar kimi buxarlandılar. Həmin ünsürlərin bəzisi yaşam yolunu elə cinsi azlığa çevrilməkdə gördü. Həqiqətən, çox rəzil mənzərədir.
Elə bu saxta azadlıqsevərlərdir Qərbin ortaya qoyduğu zay məhsullar. Gör, demokratiya və insan hüquqları kimi ali dəyərləri haradan-haraya daşıyıblar. Oturub düşünsünlər. Düşünsünlər ki, Stano sayaq yağışdan sonra çıxmış göbələklərə bənzəyənləri üstümüzə salmaq iş deyil. Boş başlarına birdəfəlik salsınlar ki, hələ də əl çəkmədikləri ikili standartlar siyasəti elə ali prinsiplərin özünə qarşı çox böyük həqarətdir. Fikirləşsinlər ki, bugünkü yanaşmaları ilə bəşəriyyətin indiyədək qazandığı mütərəqqiliklərin hamısını sıradan çıxarır, amorf, hissiz, robotlaşmış dünya yaratmağa cəhd göstərirlər. Hər eybəcərliklərinin bumeranq effekti ilə özlərinə qayıdacağını və qayıtdığını da unutmasınlar.
Ə.CAHANGİROĞLU
XQ