1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.
Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi.
Xalqımızın elitasını, ziyalıları, müxtəlif təbəqələri birləşdirən nümayəndə heyəti Naxçıvana getdi və bütün fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev bu çətin və çıxılmaz vəziyyətdə xalqın ona uzadılmış əlindən tutdu və ömrünün qalan hissəsini də bu yolda sərf edəcəyini bildirdi. Bu cür addımı yalnız dahi şəxsiyyətlər, xalqının xilaskarı olmaq missiyasını öz üzərinə götürmüş insanlar ata bilərdi. Heydər Əliyev məhz belə insanlardan idi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu, elə bir dövr idi ki, respublikamız həm xaricdən, həm də daxildən sarsıdıcı zərbələrə məruz qalırdı. Ordu hissələrinin siyasi oyunlara qatılması, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatları, qaçqın və məcburi köçkün ordusu, özbaşınalıq dövlətçiliyimizin varlığını sual altında qoymuşdu.
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar verdi. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri