Cənubi Qafqaz və Azərbaycan amili

post-img

Prezident Putinin Bakıya dövlət səfəri kontekstində

Rusiyalı politoloq Sergey Markedonov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar bildirmişdi ki, bu, Moskvanın özünü dünyaya xatırlatmaq fürsətidir. Yəni, Kreml beynəlxalq aləmdən kənarda deyil. Belə nəticəyə gəlmək mümkündür ki, həm Azərbaycanın Rusiya ilə dünya birliyi arasında körpü missiyası var, həm də Cənubi Qafqaz müstəvisində yaşananlar, o cümlədən, Bakı-İrəvan münasibətlərində normallaşma prosesi Moskvanın diqqət mərkəzindədir. 

Görəsən, indiki mərhələdə bu diqqəti aktual­laşdıran nədir? Hansı konkret məqamlar var? Ya­zımızda bu suallara cavab tapmağa çalışacağıq. Cənubi Qafqaz müstəvisindəki maraqlı qütblərin qarşıdakı fəaliyyətinin hansı məcrada cərəyan edə biləcəyinə dair fikirlərimizi də bölüşəcəyik. Ən əsası, Azərbaycanın bu dolaşıq labirintdəki mövqeyinin hazırkı parametrlərindən söz açaca­ğıq. O parametrlərdən ki, orada balanslılıq, ha­belə milli və regional maraqların qorunmasında israrlı yanaşma son dərəcə prinsipial əhəmiyyətə malikdir, sabit və dəyişməz xətdir.

Bəli, Rusiya geosiyasi rəqabətdən uzaq deyil və bu rəqabət düzənində öz şərtləri ilə çıxış edir. Deməli, S.Markedonovun baxışını yalnız onun şəxsi düşüncə məh­sulu kimi dəyərləndirmək olmaz. Bəzi məqamlara diqqət yetirəndə bütün daşla­rın yerinə oturduğunu görürük. Məsələn, Rusiyanın dövlət agentliyi TASS Putinin Bakıya səfəri əsnasında yaydığı açıqlama­da bildirmişdi ki, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin nor­mallaşması üçün kömək göstərməyə ha­zırdır. Daha doğrusu, söhbət Bakı–İrəvan normallaşmasına yardımın davamına hazır olmaqdan gedirdi. Xəbərdə o da vurğulan­mışdı ki, “əsas vəzifələr sülh müqaviləsi­nin imzalanması, Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, məlum 2020-2022-ci il­lərin ən yüksək səviyyəli üçtərəfli sazişləri əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpasıdır”.

Qeyd edək ki, S.Markedonov bir məqama da diqqət yetirmişdi. Söhbət Uk­rayna hərbi birləşməsinin Kursk vilayə­tinin içərilərinə doğru irəliləmələrindən gedir. Politoloq bunu müharibənin Rusiya torpaqlarına çatması kimi dəyərləndirmiş­di. Məhz belə bir məqamda Putinin Bakıya gəlişi maraq doğurmaqdadır. Moskvanın başlıca vurğunu Azərbaycan–Ermənistan normallaşmasına qoyması da həmçinin. 

Durumu necə başa düşək? Rusiya Kur­skun heyfini Cənubi Qafqaz müstəvisində­mi almağı düşünür? Yaxud Moskva Qərbə bu regiondamı əzələ nümayişi fikrindədir? Yoxsa, Rusiya Kursk uğursuzluğu fonunda beynəlxalq aləmə hələ də ayaqda olduğu­nun, heç bir məsələdə güzəştə getmədiyi­nin və ya getməyəcəyinin mesajınımı ve­rir? 

Daşlar yerinə V.Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikirlərlə də otu­rur. Rusiya Prezidenti dövlətimizin başçısı ilə görüşdə Azərbaycan ilə Ermənistan ara­sında münasibətlərin hazırkı vəziyyətinə diqqət yetirdiklərini açıqladı: “Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan–Er­mənistan qarşılıqlı fəaliyyətinin normal­laşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermə­nistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrut­larının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq”.

Bəli, V.Putinin bu fikirləri TASS-ın onun Bakıya səfəri ilə bağlı açıqladığı pri­oritetlərin aktuallıq dərəcəsinin təsdiqidir. Eyni zamanda, Markedonovun bildirdik­lərinin ciddiliyi də sübutunu tapır. Əlbəttə, Rusiya dövlət başçısının bu məsələ ilə bağ­lı ölkəmizdə səsləndirdiyi daha bir fikrin üzərində də dayanmalıyıq: “Bizim mövqe­yimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlət­lərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir”. 

Xatırladaq ki, bu ilin iyununda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn əvvəl Ermənistana, sonra Azərbaycana səfər etmişdi. Onun səfər əsnasında dilə gətirdiyi başlıca fikir bu idi: Bakı və İrəvan arasında sülh Cənubi Qafqazın Rusiyadan asılılığını aradan qaldırmalıdır. Başqa söz­lə desək, sülh mühiti elə bir şərait forma­laşdırmalıdır ki, həmin şəraitin gətirəcəyi fayda Moskvanın bölgədən sıxışdırılması­nı təmin etsin. 

Yəni ki, C.O'Brayn ABŞ-nin Rusiyanı region üçün lüzumsuz dövlət qiyafəsində gördüyünü açıqlamışdı. Kollektiv Qərbin baxışı bundan ibarətdir. V.Putin, ümumi­likdə, Rusiya rəhbərliyi belə düşüncənin əleyhinədir. Rusiya Prezidentinin “regio­nun bütün dövlətlərinin və xalqlarının kök­lü maraqları” məntiqi fikrimizin təsdiqidir. Nəzərə alaq ki, köklü maraq baxımından Rusiya Cənubi Qafqaza daha bağlıdır, nəinki hansısa Qərb dövləti, o cümlədən ABŞ. Əlbəttə, regiona tarixən bağlı başqa ölkələr də var. Məsələ üzərində dayanaca­ğıq. Ancaq əvvəlcə aşağıdakı suala cavab tapaq.

Azərbaycanın mövqeyi nədən ibarət­dir? Sual, müəyyən mənada, ritorikdir. Çünki cavab bəllidir. Rəsmi Bakı hələ əv­vəldən “region region ölkələri üçündür” şüarını irəli sürüb. Ölkəmizin və qardaş Türkiyənin ciddi şəkildə dəstəklədiyi “3+3” platforması ideoloji mənbəyini bu şüardan götürür. O platforma ki, orada Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya­nın və İranın da aktivliyi hiss olunur. Er­mənistanın mövcud müstəvidə təmsilçiliyi var, amma kağız üzərində. Ölkə Qərbin re­gional maraqlarının təminatçısı funksiyası ilə, faktiki olaraq, “3+3”ü boykot edir. O ki qaldı, Cənubi Qafqazın daha bir ölkəsi olan Gürcüstana, onun bu platformada işti­rakı arzulanır. Hərçənd rəsmi Tbilisi Rusi­ya ilə Cənubi Osetiya və Abxaziya məsələ­sindəki ziddiyyətlər səbəbindən mövcud müstəvidəki iştirakda könülsüzdür. Təbii ki, Gürcüstanın mövqeyi anlaşılandır. 

Əlqərəz, Azərbaycan “region region ölkələri üçündür” xəttinə sadiqliyini hər zaman sübuta yetirib və əslində, Prezi­dent İlham Əliyevin Putinlə birgə mətbuat konfransında səsləndirdikləri fikrimizin təsdiqidir. Dövlətimizin başçısı Rusiya Prezidenti ilə məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiklərini diqqətə çatdırıb. Cənab Əliyevin bildirdiklərində ən başlıca məqam isə onun 2023-cü ilin sentyabrından (lokal xarakterli anti-ter­ror tədbirlərindən – red.) sonra regionda tamamilə yeni şəraitin yarandığını vurğu­lamasıdır: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqə­rar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təh­lükəsizlik bir çox hallarda Rusiya ilə Azər­baycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Əlbəttə, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün qərarlaşması mən­tiqinin Rusiya ilə yanaşı, Türkiyə, İran və Qərb seqmenti də var. Yəni, bunun üçün Moskva ilə Bakı arasında sıx qarşılıqlı fəa­liyyət lazımdırsa, eyni fəaliyyətin Türkiyə və İranla, o cümlədən, müəyyən mənada Qərblə də müştərəkliyi amili vurğulanma­lıdır. Nəzərə alaq ki, sonra hansı mövqe tutmasından asılı olmayaraq, Ermənistan ilk dəfə Azərbaycanın, Qarabağ da daxil ol­maqla, ərazi bütövlüyünü və suverenliyini məhz Qərb platformasında tanımışdı. Onu da nəzərə alaq ki, Rusiyadan zaman-zaman eşidilən bəyanatlarda Ermənistanın məhz Qərbyönümlü fəaliyyətinin ölkənin Qara­bağ məsələsində yekun məğlubiyyəti kimi dəyərləndirildiyinin şahidi olmuşuq. Azər­baycan isə hansı platformada olursa-olsun, nəyi qazanıbsa, yalnız öz gücü, rasional yanaşması nəticəsində qazanıb. Prezident İlham Əliyevin diplomatik məharəti, eru­dik təfəkkür tərzi ölkəmizin uğurlarında həlledici rol oynayıb və oynamaqdadır. 

Ancaq indi Qərb iki, hətta bir il öncəki Qərb deyil. Əslində, onun sülh təşəbbüslə­rinin səmimiyyətinə hər zaman şübhə amili hakim kəsilmişdi. Son dövrlərdəki yanaş­malar, xüsusən Ermənistanın silahlandırıl­ması, obrazlı desək, maskaların cırılması­dır. Əvvəldə Qərb–Rusiya rəqabətindən söz açmışdıq. Hazırda birinci bu rəqabət müstəvisində daha qətiyyətli görünür. Qə­tiyyət isə özünü Ermənistanın anti-sülh xəttində göstərir. Məsələn, ölkə rəhbərliyi normallaşmanın canını tapşırmış ATƏT-in Minsk qrupu formatından dəm vurur. Yəni, erməni iqtidarı əsl mahiyyətdən yayınmaq üçün ağlına və ağzına gələni danışır. Belə bir şəraitdə Azərbaycan sırf öz milli ma­raqlarının diktə etdiyi şərtlər daxilində davranmalıdır, davranır və davranacaqdır. 

Bilavasitə Bakının İrəvanla sülh gün­dəminə gəlincə, bu gündəmin pozitiv ovqatını Ermənistan hərbi birləşmələrinin işə saldıqları silah səsləri korlamaqdadır. Məlum olduğu kimi, erməni ordusunun hissələri Kəlbəcərdə mövqelərimizi atəşə tutmaqla məşğuldurlar. Yeri gəlmişkən, onlar Putinin Bakı səfəri günlərində Nax­çıvan istiqamətində səssizliyi pozdular. Naxçıvanın regional kommunikasiyalar baxımından strateji əhəmiyyəti böyükdür. Görəsən, Qərb hansı mesajı verirdi? Bəlkə atəş səsləri regional kommunikasiyaların açılması istəklərinə qarşı demarşdır? Hər­çənd, İrəvanın qeyri-konstruktivliyi səbə­bindən həmin istəyin məğzinin bir qədər dəyişdiyini deyə bilərik. Məsələyə ətraflı izah verək. 

Qeyd edək ki, Azərbaycan 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yer alan Nax­çıvana yol məsələsində israrlı olduğunu nü­mayiş etdirib. Ölkəmiz hər zaman bildirib ki, sözügedən yol “Azərbaycandan Azər­baycana yol” məntiqinə əsaslanmalıdır. Yəni, ərazidə hansısa sərhəd və gömrük nə­zarəti tətbiq edilməməlidir. Ermənistan və havadarları isə ərazi bütövlüyü və suveren­lik məntiqini, habelə “Dünyanın kəsişməsi” avantürasını ortaya ataraq, bölgədə erməni dominantlığı formalaşdırmağa çalışırlar. Əlbəttə, bu dominantlığın anti-Rusiya tə­mayülü var ki, məsələ barədə söz açdıq. 

Ancaq sərt reallıq və haqqında söz aç­dığımız istəyin dəyişməsi məntiqi belədir: rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı tamamilə heçə sayırsa, həmin sənədlə üzərinə götürdüyü daha va­cib öhdəliyi yerinə yetirmək istəmirsə (di­gər öhdəliklərə də əməl etməmişdi – red.), bununla da regional kommunikasiyaların açılmasına maneçilik törədirsə, o zaman sülh müqaviləsi həmin məsələ gerçəkləş­mədən imzalanmalıdır. Nəticədə Ermənis­tan dalan vəziyyətində qalacaq. 

İndi eşidilən atəş səsləri onu göstərir ki, rəsmi İrəvan və havadarları məsələnin belə qoyuluşu ilə də razı deyillər. Daha dəqiq desək, güc yolu ilə dalandan çıxmaq əzmindədirlər. Hazırda regional təhlükə­sizliyə ən böyük təhdid məhz budur. Əl­bəttə, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmin təhdidi “sabotaj” adlandır­maqda sərbəstdir. Ola bilər, vəziyyəti dra­matikləşdirmək istəmir. 

Bəli, Kremlin baş diplomatının Putinin Bakı səfəri əsnasında Rusiyanın “Birinci kanalı”na müsahibəsində bildirdikləri də adi qarşılana bilməz: “Biz sülh müqavilə­sinin tezliklə bağlanması və kommunika­siyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Er­mənistan rəhbərliyi baş nazir Nikol Pa­şinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qo­ruyub saxlayır”.

Göründüyü kimi, S.Lavrovun müsahi­bəsində Rusiya Prezidentinin fikirlərinin, eləcə də TASS-ın açıqladığı səfər gündə­liyinin, habelə politoloq S.Markedonovun bildirdiklərinin prioritetlik trayektoriyası yenidən vurğulanır. Bu vurğulanma Er­mənistan üçün mesajdır. Mesajın məhz Bakıdan səslənməsi üzərində dayanaraq, Prezident İlham Əliyevin “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsiz­lik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” bəyanatının aktuallığına diqqət yetirək. Er­mənistanın Qərbə arxalanaraq, gerçəkləş­dirdiyi təxribatların təkcə ölkəmizə deyil, ümumən Cənubi Qafqaz regionunda ma­raqlı olan və bölgəyə tarixən bağlılığa ma­lik ölkələrə, o cümlədən Rusiyanın özünə qarşı yönəldiyi reallığını düşünək. 

Deməli, ehtimal etmək mümkündür ki, V.Putinin ölkəmizə səfəri bu reallığa qar­şı Bakı–Moskva cəbhəsini aktiv saxlamaq yolundakı mühüm mesajdır. Onu da ehti­mal etmək mümkündür ki, bu mesaj Tür­kiyəni və İranı da hərəkətə gətirəcək. Hər halda, bu iki ölkə Qərbin Cənubi Qafqazda ikinci Ukrayna yaratmaq istəklərinin re­allaşmasını istəmir. Onlar, eyni zamanda, regional kommunikasiyaların açılmasının Qərbin erməni avantürizmini diri saxla­maq niyyətlərinə xidmət göstərməsini da arzulamırlar. Türkiyə ilə bağlı hər şey ay­dındır, Ankara hər zaman ölkəmizi dəstək­ləyir. Burada əsas qərar verən tərəf İran olmalıdır. Yəni, ölkə öz qəti mövqeyini müəyyənləşdirməlidir. 

Sonda V.Putinin Bakıda səsləndirdi­yi bir fikrə də diqqət yetirək. Rusiyanın dövlət başçısı Bakı–İrəvan münasibətləri­nin normallaşmasından danışarkən, sabiq Sovet İttifaqı vaxtından qalan müvafiq sənədlərin nəzərə alınmaqla, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından söz açmışdır. Bəli, həmin sənədlər Rusiyadadır və bu məsələ ilk dəfə deyil ki, gündəmə gəlir. Yəni, əv­vəllər də Kremlin təmsilçiləri, xüsusən də Xarici işlər naziri S.Lavrov Moskvanın nizamlama prosesində iştirakından danı­şarkən, real xəritələrin Rusiyada olduğu­nu vurğulamışdı. Elə isə sual olunur: real xəritələrdə Ermənistan adlı dövlət varmı və ya hansı formada var? Bu sual da ritorik olduğundan əlavə şərhə ehtiyac duymuruq. Sadəcə bunu deyirik: düşünmək növbəsi Ermənistanındır. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət