Dünya narahatdır. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi Yaxın Şərqi regional müharibənin astanasına gətirib. İran qisas alacağına söz verib, ancaq hücumun nə vaxt və hansı miqyasda olacağı bilinmir. İsrail bütün ssenarilərə hazır olduğunu açıqlayıb. ABŞ və Böyük Britaniya Tel-Əvivi qorumaq üçün regiona hərbi gəmilərini göndərib. Bir çox ölkənin vətəndaşlarını Livana səfərdən imtina etməyə çağırması bölgədə onsuz da mürəkkəb olan vəziyyətin daha təhlükəli istiqamətdə inkişafını göstərir.
İndi hamını bir sual düşündürür: İsmayıl Haniyənin öldürülməsi regionda böyük müharibənin başlanmasına səbəb ola bilərmi? Müharibə barədə proqnozlar müxtəlifdir. Məsələn, “The Guardian” qəzetinin Qüdsdəki müxbiri Bethan McKernan düşünür ki, HƏMAS-ın gücü azalsa da, bölgədəki digər qruplar İsrailə cavab verə bilərlər. Müəllif yazır: “Oktyabrın 7-də Fələstin qruplaşmasının hücumundan sonra İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının hüdudlarından kənardakılar da daxil olmaqla, HƏMAS rəhbərliyinin “ölüm üçün işarələndiyini” demişdi. Lakin Haniyənin öldürülmə vaxtı və yeri o deməkdir ki, bu, artıq regional müharibəyə çevrilmək ərəfəsində olan münaqişədə sabitliyi pozan başqa bir amil ola bilər”. Müəllif düşünür ki, hava hücumlarının və hədəflənmiş qətllərin artması zamanı səhv addımlar riskləri getdikcə artırır.
Analitik yazır ki, HƏMAS-ın siyasi büro rəhbərinin öldürülməsi, görünür, İsrail üçün böyük bir mənəvi dəstək, Netanyahu üçün bir “nemət” və Fələstin qrupu üçün isə ağır zərbədir: “Qəzzada, təxminən, 10 ay davam edən qarşıdurmadan sonra İsrail indiyədək HƏMAS-ın yüksək səviyyəli liderlərini aradan götürə bilməmişdi”. Müəllif xatırladır ki, hərəkatın hərbi qanadının lideri Yəhya Sinvar hələ də Qəzzada sərbəst hərəkət edir. Bu ayın əvvəlində qruplaşmanın hərbi komandiri Məhəmməd Deifi hədəf alan iri hava hücumunun uğurlu olub-olmadığı da bəlli deyil.
Bəs Haniyənin öldürülməsi Qəzzə müharibəsinə necə təsir edəcək? Amerikanın CNN media orqanının xarici siyasət analitiki Barak Ravid xatırladır ki, Tel-Əviv Haniyəni oktyabrın 7-də keçirilən əməliyyatın memarlarından biri kimi görür. B.Ravid də HƏMAS liderinin öldürülməsinin regionda sülh axtarışlarına ciddi təsir göstərəcəyini bildirir. ABŞ-nin “New York Times (NYT) qəzetindəki təhlildə qeyd edilir ki, Haniyə ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə keçirilən atəşkəs danışıqlarında əsas rol oynayıb. Məqalədə Haniyənin öldürülməsinin mümkün atəşkəs razılaşmasının təxirə salınmasına səbəb olacağı iddia edilir. “Wall Street Journal” (WSJ) qəzeti də analitik yazısında vurğulayır ki, HƏMAS liderinin öldürülməsi Qəzza müharibəsinin bütün Yaxın Şərqə yayılmasına səbəb ola bilər.
2010-2012-ci illərdə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeronun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış lord Peter Rikketts də düşünür ki, HƏMAS liderinin öldürülməsi İsrailin Qəzza müharibəsində əməliyyatlarını ləngidəcək. BBC-yə danışan Rikketts deyib ki, HƏMAS-ın artıq atəşkəs danışıqlarına müsbət yanaşacağına şübhə edir: “Bu, İsrailə Qəzzada əməliyyatı bitirmək üçün siyasi meydan verə bilər. Çünki İsrailin Baş naziri Benyamin Netanyahu indi deyə bilər ki, o, həqiqətən, də Haniyənin liderliyinə böyük zərbə endirib”.
Oksforddakı Böhran Araşdırmaları İnstitutunun direktoru Mark Almond hesab edir ki, İsrailin HƏMAS-a qarşı sui-qəsdləri çox asanlıqla qiyamətə gətirib çıxara bilər. “İndependent” qəzetindəki məqaləsində müəllif qeyd edir ki, İsrailin gecənin bir yarısı İranın paytaxtının mərkəzində əsas düşməni olan fələstinliyə ölümcül zərbə vura bilməsi ilk baxışdan onun müasir döyüşlərdə ustalığının sübutudur. Bir neçə saat əvvəl Beyrutda Hizbullahın yüksək səviyyəli hərbi komandiri Fuad Şükürün hədəfə alınması kimi, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi də İsrailin düşmənləri üçün heç bir sığınacaq olmadığını göstərdi. Bununla belə, M.Almondun fikrincə, İsrailin anti-İsrail zorakılığı təşkil edənləri tapmaq və öldürmək yollarının uzun siyahısı onu göstərir ki, sui-qəsdlər xalq tərəfindən dəstəklənən terror qruplarının və üsyançıların aradan qaldırılmasında dalana dirənir.
Müəllif düşünür ki, Haniyənin öldürülməsi onun inadkar savaşını daha da məşhurlaşdıra bilər. HƏMAS liderinin öldürülməsi təşkilatı bir müddət iflic edə bilər, lakin HƏMAS hərəkat olaraq qalacaq: “HƏMAS indi təkcə qisas tələbləri ilə qarşı-qarşıya qalmayacaq, eyni zamanda, İran, Hizbullah və İraqdakı digər iranpərəst qruplar və Yəməndəki husilər də oyuna girəcək. Hətta Qətər də Haniyənin öldürülməsi ilə vasitəçilik rolunun bitdiyini açıqlamışdı”.
Britaniyalı analitik HƏMAS liderinin Tehranda öldürülməsini İranın nüfuzuna zərbə kimi qiymətləndirir: “Tehranın İsrail tərəfindən alçaldılması onu tez bir zamanda nüvə silahı hazırlamağa sövq edə bilər. Bu, Yaxın Şərqdə qiyamət təhlükəsini artırır”. Britaniyalı analitik bildirir ki, İran İsrail və Amerikaya qarşı qisas çağırışları qarşısında geri çəkilmək istəməyəcək .
Regionda böyük hərbi münaqişə riskinin olduğunu göstərən amillərdən biri də budur ki, ABŞ Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu, qırıcı eskadrilya və əlavə döyüş gəmiləri göndərir. CNN yazır ki, bu, Qəzza müharibəsinin ilk günlərindən Pentaqonun bölgəyə göndərdiyi ən böyük hərbi kontingentdir. İsrail də “mümkün ssenarilərə” hazır olduğunu söyləyir. İsraillilər qida ehtiyatı yığırlar, aviaşirkətlər uçuşları ləğv edir və səyahət xəbərdarlıqları qüvvədədir, bir sözlə bölgə İranın cavabına hazırlaşır.
P.S. “Asharq al-Avsat” qəzeti mənbələrə istinadən yazır ki, HƏMAS-ın siyasi bürosunun iki üzvü və hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının üç komandiri İsrailin endirdiyi zərbə nəticəsində Qəzza zolağında öldürülüb.
S.ELAY
XQ