II yazı
Böyük İpək Yolunun Qərb və Şərq arasında beynəlxalq münasibətlərin yaranmasında, xalqların bir-birinin mədəniyyətlərindən bəhrələnməsində, ticarət əlaqələri qurmasında müstəsna rolu olub. Məhz Böyük İpək Yolu vasitəsilə buddizm Hindistandan Özbəkistana, oradan isə Çin, Koreya və Yaponiyaya yayılıb.
XIX əsrin ortalarında fransalı filoloq Stanislas Jülyen eramızın 630-cu illərində Hindiquşa və Amudərya sahillərinə səyahət edən buddist rahib Süan-tzyanın kitabını fransız dilinə tərcümə edib. Bu kitabda çiçəklənən Soqd diyarından, onun paytaxtı Səmərqənd şəhərindən, Şaşdan (indiki Daşkənd), Fərqanə vadisindən, Ustruşan, Keş və Baktriyadan söhbət açılır.
Məlum olur ki, VII əsrin sonlarında müsəlmançılığın qəbul edilməsinə qədər bu yerlərdə buddizm öz çiçəklənmə dövrünü yaşayıb. Süan-tzyan qədim Tarmitdə (indiki Termez) onlarla monastırın, minlərlə buddist rahibin, Budda heykəllərinin olduğundan xəbər verib.
Surxandəryadakı buddizm izlərindən biri də eramızın I-III əsrlərinə aid edilən Fayaztəpə buddist məbəd kompleksidir. Kompleks köhnə Termez xərabələrinin şimal-qərbində, Amudərya çayı ilə qədim karvan yolunun arasında yerləşir. Bu abidə qazıntılar zamanı arxeoloqlara böyük köməyi dəymiş Surxandərya diyarşünaslıq muzeyinin direktoru R.F.Fayazovun şərəfinə Fayaztəpə adlandırılıb.
Fayaztəpə üç monumental tikilidən ibarətdir. Mərkəzi hissədə məbəd, şimal-qərbdə Vixara monastırı, cənub-şərq hissədə isə təsərrüfat binaları yerləşir. Kompleksin ümumi sahəsi 1,5 kvadratkilometrdir. Uzunluğu 117, eni 34 metr olan binanın tikintisində çiy kərpiclərdən istifadə olunub. Binanın üstü gümbəzlə örtülüb. Divarları müxtəlif rəngli şəkillərlə bəzədilmiş məbəddə Buddanın heykəli ucalır. Bir vaxtlar məbədin divarları boyu Buddaya həsr olunan, hündürlüyü 4 metrə çatan heykəllər var imiş. Heykəllər ilkin olaraq qırmızı rəngdə olsa da sonradan qızılı rəngə boyanıb.
Məbədin cənub hissəsində Buddanın qırmızı geyimdə təsviri qorunub saxlanılıb. Buddanın arxaya yığılmış saçları, gözəl siması diqqəti cəlb edir. Məbədin şərq divarında divarüstü rəsmlərin izləri görünür. Burada tapılan saxsı parçalarının birinin üstündə üzlərini Buddaya tutan iki kişi təsvir olunub. Belə tapıntılar onu deməyə əsas verir ki, Kuşan səltənəti dövründə Baktriyada Buddaya sitayiş ediblər. Buradakı heykəllərin çoxu gil və samandan hazırlanıb, üstləri gipslə örtülüb.
Məbədin qapısı yanında nadir sənət əsəri – Triada aşkar olunub. Triadanın mərkəzində bodxa adlanan müqəddəs ağacın budağı üstündə oturan Budda, hər iki tərəfində isə ona sitayiş edən rahiblər əks olunub. Məbədin həyətində divar boyu rahiblərin hücrələri, zəvvarlar üçün yataqxanalar yerləşib. Həyətdəki böyük salonda divarlar rəngbərəng şəkillərlə bəzədilib.Burada mərmər parçalarından düzəldilən, suyu içməli olan gölməçə də var. Su sanki şirin ağzından tökülür. Şir obrazı Küşan dövrü sənətinə aiddir və güclü, əzəmətli Buddanı əks etdirir.
Abidənin arxitektura-tarixi strukturunun təhlili göstərir ki, o, vahid bir plan əsasında tikilib. Fayaztəpədəki heykəllərin Hindistan buddizm təsviri sənəti ilə birbaşa oxşarlığının olmaması sübut edir ki, onların memarı Qandxara buddist memarlıq sənəti ənənələrinə vaqif olan baktriyalı bir sənətkardır.
Açıq səma altında muzeyə çevrilən Fayaztəpədə uzun illər özbək və yapon alimləri tədqiqat işləri aparıblar. Maraqlıdır ki, müsəlmanlar Həcc ziyarətinə getdiklər kimi, yaponlar da Fayaztəpəyə ziyarətə gəlirlər.
Qaratəpə isə Amudərya çayının sahilində, köhnə Termezin şimal–qərbində üç təpə üzərində salınmış buddist məbədidir. 1928-ci ildə sənətşünas alim A.Strelkov bu ərazidə mağaralar aşkar edib. Mağaraların ağzı qum və kərpic qırıntıları ilə bağlı olub. 1961-ci ildə burada geniş qazıntı işlərinə başlanılıb.
Mağaralar açıldıqca sınıq barelyeflər, saxsı parçaları, metal pullar aşkar olunub. Sübut edilib ki, Qaratəpədə böyük buddist məbədlər sistemi mövcüd olub. Eramızın II əsrinə aid olan məbədlərin daxili hissəsi tematik şəkillərlə, ağac və gil heykəllərlə bəzədilib. Tapılan bütün əşyalar, heykəllər, rəngli naxışlar onların məhz Baktriya bədii sənət məktəbinə aid olduğunu göstərir. Divarlarda qədim Baktriya, fars, soqd, Suriya, ərəb dillərində yazılara rast gəlinir.
II-III əsrlərdə Qaratəpə özünün çiçəklənmə dövrünü yaşayıb. IV əsrdə Sasanilər Kuşan dövləti üzərində qələbə çaldıqdan sonra məbədlərin çoxu fəaliyyətini dayandırıb, monastır tənəzzülə uğrayıb. Mağaraların ağzı qum və kərpiclə bağlanıb, bəziləri isə qəbir kimi istifadə olunub. IV-V əsrlərdə monastırı yeniləməyə cəhd göstərilib, bura Hindistandan zəvvarlar gəlməyə başlayıb. Ərəb istilasından sonra isə qeyri-müsəlman obyektlərinin üzərinə qoyulan vergilər Mərkəzi Asiyada, həmçinin Termezdə buddist məbədlərinin bağlanması ilə nəticələnib. Termez monastırlarında yaşayan rahiblər Kəşmirə gedib, qalan əhali isə ərəblərə ram olaraq İslam dinini qəbul edib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Termez