Naxçıvan Nazirlər Kabineti bir sıra aktlar qəbul edib

post-img

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Qərarı ilə “Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Nizamnamədə Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərdiyi müəyyən edilmiş, həmçinin mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, idarə olunması forması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, ləğvi və yenidən təşkili qaydası öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  ­2024-cü il 31 iyul tarixli Sərəncamı ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Orqanik Naxçıvan” publik hüquqi şəxsin yaradılması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.

“Orqanik Naxçıvan” publik hüquqi şəxs muxtar respublikada orqanik istehsal sektorunun inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi məqsədilə yaradılıb.

“Orqanik Naxçıvan” publik hüquqi şəxs tərəfindən aparılan işlərin səmərəliliyinin artırılması və görülən işlərə nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən müşahidə şurası yaradılıb. 

XQ

 

Son xəbərlər