Xoşməramlı idmanı qərəzli siyasətə bulaşdıran makronizm
Dünyaya Volter, Didro, Russo, Monteskye, Sartr, Kamyu, Stendal... kimi dahiləri bəxş edən ölkənin və xalqın milli-dini deqradasiya prosesi, deyəsən, özünün finiş xəttinə yaxınlaşır. Dünənədək “qoca qitə”nin öləziməkdə olan parlaqlığını, azca da olsa, qoruyub saxlamağa çalışan Fransa bu imicini paytaxt Parisin ortasından keçən Sena çayının çirkab sularında itirdi. Bu ölkə XXXIII Yay Olimpiya Oyunlarının açılışında təkcə imicini deyil, antik Yunanıstanda alovlanıb günümüzədək yol gələn məşəli də Sena çirkabında qərq etdi.
Fransa Senatına son seçkilərdə siyasi imici kəllə-mayallaq olan Emmanuel Makronun Olimpiada fürsətindən nəinki daxildə özünü reabilitasiya üçün, eləcə də xarici arenada istifadə etmək niyyəti baş tutmadı. Paris-2024-ün açılış mərasimində “böyük güclərin”, dünyanın nüfuzlu siyasi liderlərinin iştirak etməməsi Olimpiadanı qeyri-populyar, sönük bir tədbirə çevirmiş oldu. Açılış mərasiminə ABŞ, Böyük Britaniya, İtaliya, Çin, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı kimi aparıcı ölkələrin liderləri gəlmədilər. Tədbirdə müsəlman dövlətlərindən yalnız Qətər təmsil olunurdu. Latın Amerikası rəsmilərindan bir nəfər də olsun Parisdə görünmədi. Bunu, sadəcə, Olimpiya Oyunlarının keçirildiyi ölkəyə etinasızlıq, saymazlıq kimi yox, Makronu boykot jesti kimi qəbul etmək olar.
* * *
XXXIII Yay Olimpiya Oyunlarının “gey şou”nun rövnəqləndirdiyi açılış mərasiminin ssenari müəllifləri həm də Yelisey sarayının anti-Azərbaycan siyasətini, məkrli niyyətini bir daha nümayiş etdirdilər. Tədbiri canlı yayımlayan Fransanın “France 2” telekanalının aparıcısı erməni idmançılarını “dostlarımız”, Ermənistanı isə “tarixən fransızların qəlbinə ən yaxın ölkə” adlandırıb. Bununla da kifayətlənməyib, “Dağlıq Qarabağın süqutu” ilə bağlı təəssüf dolu mətni oxuyub. Bizim idmançıları təqdim edəndə isə aparıcı Azərbaycanı, sadəcə olaraq, “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” adlandırıb. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına uyğun olaraq, Olimpiya Xartiyasının əsas prinsiplərindən biri idmana və idmançılara qarşı istənilən siyasi və ya kommersiya istismarına qarşı mübarizədir.
Baş vermiş siyasi təxribatla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən etiraz məktubunda qeyd olunur ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Məktubda deyilir: “Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib”.
Rəsmi Parisin 30 ildən çoxdur nümayiş etdirdiyi anti-Azərbaycan təbliğatının davamı kimi qəbul edə biləcəyimiz siyasi-ideoloji Olimpiya təxribatına niyə təəccüblənməliyik ki? Bu ölkə və onun sakinləri Azərbaycanın torpaqlarını erməni işğalından təmizləməsi, ərazi bütövlüyünü təmin etməsi faktını hələ də həzm edə bilmir. Onlar əllərinə düşən istənilən fürsətdən məkrli planlarını işə salmaq üçün yararlanmağa çalışırlar. Bu dəfə qədim və müqəddəs Olimpiya Oyunlarını öz “oyunlarına” vasitə bildilər.
Ümumiyyətlə, xoş mərama, həmrəyliyə xidmət edən idmanı siyasi mübarizə vasitəsinə çevirmək cəhdləri yolverilməzdir. Axı, idman ayırıcı deyil, həmişə barış, birləşdirici amil missiyasını yerinə yetirib. Olimpiada isə müxtəlif irqlərin və xalqların dostluğunun, həmrəyliyinin rəmzi kimi tanınıb. Vaxt olub ki, Olimpiya yarışlarına görə hətta döyüş əməliyyatları dayandırılıb, qarşı duran tərəflər atəşkəs rejiminə riayət ediblər. Amma iyulun 26-da Parisdən izlədiyimiz görüntülər, eşitdiyimiz şərhlər onu deməyə əsas verir ki, dünyaya demokratiyadan mühazirə oxuyan Fransa, konkret indiki halda, Makron hökuməti belə sivil dəyərlərdən uzaq düşüb. Onun Yay Olimpiya Oyunlarını Azərbaycana qarşı düşünülmüş oyununda alətə çevirməsi isə artıq siyasi deqradasiyanın son həddi sayılmalıdır.
Olimpiya Xartiyasında deyilir ki, Olimpiya hərəkatının məqsədi idmanı bəşəriyyətin ahəngdar inkişafının xidmətinə, dinc cəmiyyətin yaradılmasına töhfə verməkdir. “Fransa prezidenti Emmanuel Makron və hökuməti hazırda Parisdə keçirilən Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi dəyərləndirsələr də, Fransanın müstəmləkəçilik və neokolonial siyasətləri bunun əksini göstərir”. Bu fikirlər Bakı Təşəbbüs Qrupu Paris Olimpiadasında Olimpiya Oyunlarının prinsiplərinin pozulması ilə bağlı bəyanatında yer alıb. “XXI əsrin “sülh və ümid anı” olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi? Olimpiadaya ev sahibliyi edən ölkə Kanakidə siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində uşaqları ilə birlikdə bu “sülh anını” yaşamaq hüququ var”, – deyə bəyanatda bildirilir.
* * *
Paris Olimpiya Oyunlarının çiskinli açılış mərasiminin ən yaddaqalan səhnələri transgenderlərin və transvestitlərin “nümunəvi çıxışları”, LGBT-ləşmə tendensiyasının əyani nümayişi oldu. Dünya xristianlarının dini hisslərinə istehza olunan şouda Leonardo da Vinçinin İsa Məsihin şagirdləri ilə son yemək səhnəsi təsvir etdiyi “Sonuncu şam yeməyi” rəsmi parodiya edilib. “The Telegraph” qəzeti yazıb ki, Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimində nümayiş etdirilən “gey-parad”a görə üzr istəyiblər. Məsihin və onun həvarilərinin görüşündə İncildəki səhnəyə “uyğun” çılpaq müğənnilərin çıxışı siyasətçilərin və katolik kilsəsi nümayəndələrinin kəskin tənqidinə tuş gəlib. Olimpiadanın açılış mərasiminin bədii rəhbəri Tomas Jolli qəzetə bildirib ki, o, şouya verilən mənfi reaksiyadan “çaşıb qalıb”.
Bəs, o biabırçı səhnələrə etiraz edənlər kimlərdir?
* İtaliya Baş nazirinin müavini Matteo Salvini dini parodiyanı “təhqiredici və alçaq əməl” adlandırıb: “Milyardlarla xristianın təhqir edildiyi Olimpiadanın açılışı, həqiqətən, pis başlanğıcdır”.
* Dünyanın ən zəngin iş adamı İlon Mask qalmaqallı parodiyanı tənqid edərək, bunu “xristianlar üçün dözülməz dərəcədə təhqiramiz” adlandırıb.
* La Liqanın prezidenti Xavyer Tebas X bloqunda yazıb: “Bu, qəbuledilməz, hörmətsizlik və biabırçılıqdır! “Sonuncu şam yeməyi”ndən bu şəkildə istifadə xristianlara qarşı təhqirdir. Dini inanclara hörmət harada qaldı?”.
Deməli, da Vinçinin fırçasına məxsus şeytan ziyafətinin “canlandırılması” təşkilatçılara Olimpiya sevinci bəxş etmək əvəzinə, tənqid və qınaq gətirib. XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimində yaşanan qanqaraçılıq bununla da bitmir. Cənubi və Şimali Koreyanın eyni dövlət kimi təqdim olunması, bayraqlarının dəyişik salınması da iştirakçıların və tamaşaçıların diqqətindən yayınmayıb.
Sonda bir daha “France 2” milli telekanalın efirdən üfürdüyü siyasi avantüraya qayıdaraq demək istəyirik ki, Paris İrəvanı özünə “bacı”, yaxud başqa nəsə hesab edə bilər, amma bu ona Olimpiya hərəkatının prinsip və qaydalarını pozması üçün mənəvi haqq vermir. Daxili və xarici problemlərdən başlarını itirmişlərin ümumbəşəri dəyərləri ayaqlar altına atması təəccüb doğurmamalıdır. Biz bu olayda Makronlu fransız cəmiyyətin kübar obrazından cılız və idbar xislətə yuvarlanmasının çirkin formada nümayişinin şahidi olduq.
Bütün hallarda, üstümüzə atılan, amma yapışmayacaq çirkaba baxmayaraq, idmançılarımızın parlaq çıxışlarına ümid bəsləyirik. Onların əsas hədəfi üçrəngli bayrağımızı Parisdə dalğalandırmaqla, himnimizi səsləndirməklə bədxahların gözünü oymaqdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Görünür, rəsmi Paris Olimpiya Oyunlarının açılışı ilə geylərin şousunu səhv salıb. Bunu Makron Fransasının həm daxildə, həm də xaricdə özlərini aparmaq, davranış üslubu kimi qəbul etmək lazımdır. Onun yeritdiyi siyasətə tam adekvat prosesdir. Əslində, bu, Olimpiya Oyunlarının adına xələl gətirən bir açılış idi. Nəticədə ölkənin imicinə, reytinqinə növbəti zərbəni vurmuş oldular. Dünyanın nüfuzlu informasiya vasitələri, telekanallar bununla bağlı kəskin reaksiyaları ictimaiyyətə çatdırdılar.
Təqdimat zamanı Azərbaycanın “Qafqaz respublikası” adlandırılmasını təsadüfi hal saymıram. Dövlət televiziyasının aparıcısı əvvəlcədən yazılmış konkret ssenariyə uyğun çıxış edirdi. Həmin çıxışdan tam aydın oldu ki, rəsmi Parisin təxribatçı siyasi davranışı, anti-Azərbaycan addımları Olimpiya Oyunlarına da öz ləkəsini vurdu. Bu cür biabırçı, rüsvayçı yanaşma özünü qədim və sivil dövlət kimi qələmə verən Fransaya başucalığı gətirmir.
Tam əminlikklə deyə bilərəm ki, bu olay tarixə Olimpiya Oyunlarının ən biabırçı açılışı kimi düşəcək və yaddaşlardan silinməyəcək.
Fərhad MƏMMƏDOV,
siyasi icmalçı
– Fransanın dövlət telekanalında Azərbaycanla bağlı belə hədyanların səsləndirilməsi ilk baxışda təəccüb doğura bilər. Amma reallıq odur ki, məhz Fransa dövlətinin apardığı informasiya siyasəti nəticəsində cəmiyyətin böyük qismi anti-Azərbaycan ovqatına köklənir. Makron iqtidarı hökumətin ixtiyarında və nəzarətində olan bütün media resurslarını ölkəmizə qarşı yönəltdiyini bilirik. Həmin şəbəkə bölgədə problemlərin əsas mənbəyi kimi Azərbaycanı göstərməyə çalışır. Bu tendensiya həm Fransanın daxili siyasətində, həm də kənardakı müstəmləkələrində özünü göstərir. Olimpiya Oyunlarının açılışını canlı işıqlandıran hökumətə bağlı hansısa telekanalın efirindən Azərbaycana qarşı neqativ və reallıqdan uzaq mülahizələrin səsləndirilməsi təəccüb doğurmamalıdır.
Əslində, bu, Emmanuel Makron hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü məqsədyönlü siyasətin növbəti təzahürüdür. Belə halların gələcəkdə də baş verəcəyini istisna etmək olmaz. Çünki Makron özünün anti-Azərbaycan ritorikasından əl çəkməyəcək və bu siyasətindən üz döndərməyəcək.
İmran BƏDİRXANLI
XQ