Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığa, təhlükəsizliyə hər zaman təhdid olan, xarici havadarları tərəfindən dəstəklənərək regionda onların maraqlarını təmin etmək məqsədilə vaxtaşırı destruktiv addımlar atan Ermənistanın təxribatlar seriyası davam edir. Ölkənin əvvəlki iqtidarları Qarabağda başlatdıqları separatçılıq əməllərində və Azərbaycan torpaqlarının işğal olunması məsələsində ilk vaxtlar SSRİ rəhbərliyinə, sonra isə ermənipərəst Boris Yeltsin hökumətinə güvənirdilər. Hayların digər “istinadgahı” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi-siyasi qurum idi.
İkinci Qarabağ müharibəsində məğlubiyyətinə, xüsusilə ordumuzun ötən il uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə görə Moskvanı suçlu görən rəsmi İrəvan hazırda üzünü Qərbə çevirmiş durumdadır. Rusiyanın rəhbərliyi altında keçirilən bütün tədbirləri boykot edən, KTMT-ni maliyyələşdirməyəcəyini bildirən Ermənistan hökumətinin üzvləri, Paşinyan başda olmaqla Avropa ölkələrində tez-tez peyda olurlar. Nikol Avropa şəhərlərində keçirilən bir tədbiri belə qaçırmır. Bu yaxınlarda isə o, Almaniyaya gedərək UEFA Avropa Çempionatının final oyununu izləmiş, Berlin küçələrində velosiped sürmüş, insanlarla şəkil çəkdirmiş, həyat yoldaşı ilə alış-veriş etmiş və muzeyə bilet almaq üçün növbəyə durmuşdu. O, bununla özünün də avropalılardan biri olduğunu nümayiş etdirməyə və onların rəğbətini qazanmağa çalışmışdır.
Ancaq Paşinyanın və iqtidarının əməlləri onların gerçəkdən sivil, mədəni, sülhpərvər olduqlarını ciddi şəkildə şübhə altına alır. Bu yaxınlarda Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər keçirilib. Fransa Ermənistanı öldürücü silahlarla təchiz edir. Avropa İttifaqı tərəfindən isə Avropa Sülh Fondu adlanan təşkilatın xətti ilə Hayastana ilkin mərhələdə 10 milyon avro dəyərində hərbi yardım göstərilib. Bütün bunlar heç də bölgədə sülhə xidmət etmir. Əksinə, Azərbaycan Müdafiə Nazirliyinin iyulun 25-də yaydığı bəyanatda qeyd edildiyi kimi, işğalçı Ermənistanı təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Onu da bildirək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Növbəti təxribat iyulun 28-də baş verib. Həmin gün saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 29-da yaydığı məlumatda bildirib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Bütün bunlar bölgədə yeni gərginlik ocağının yaradılmasına aşkar cəhdlər edildiyini ortaya qoyur. Maraqlıdır ki, bu proseslər sülh müqaviləsi üzrə danışıqların aparıldığı bir zamanda baş verir. Rəsmi İrəvan bir tərəfdən sülhdə maraqlı olduğunu bəyan edir, digər tərəfədən isə şərti sərhəddə təxribatlar törədir. Bu isə onun sülhdə səmimi olmadığını aşkar surətdə ortaya qoyur. Əslində, İrəvan sülh sazişi üzrə təkliflərə cavab vermək əvəzinə, destruktiv əməllərlə məşğul olur. Azərbaycanın xoş məram nümayiş etdirərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Ermənistanı da dəvət etməsi fonunda İrəvanın bu kimi addımları onun dəyişməz mahiyyətinin göstəricisidir. Bəs son vaxtlar İrəvan şərti sərhəddə təxribatlar törətməklə nəyə nail olmaq istəyir? Mövzu üzrə fikirlərini öyrəndiyimiz Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, son vaxtlar Ermənistanda gedən proseslər regionda təhlükəsizliyə təhdid yarada biləcək şəkildə inkişaf edir. Onun sözlərinə görə, Ermənistanın sürətlə silahlanması və bu silahlanmanın, açıq-aydın, nümayişkəranə şəkildə həyata keçirilməsi ölkə daxilindəki revanşist qüvvələri ruhlandırır. Hərbi ekspert qeyd etdi ki, adətən, ölkələrin silahlanma prosesi onun hərbi potensialına aid olduğundan qapalı şəkildə həyata keçirilir. Ermənistan rəhbərliyi isə bütün kontraktları media önündə imzalayır. Onlar bununla “biz silahlanırıq” mesajını ötürməyə çalışırlar. Eyni zamanda, Hayastan hərbi-siyasi rəhbərliyi havadarlarının maraqlarını təmin etmək məqsədilə bölgədə sabitliyə deyil, gərginliyə səbəb olan addımlar atır: “Onların sülh müqaviləsinin imzalanmasına “bir addım irəli, iki addım geri” prinsipi ilə yanaşması, sazişin imzalanmasına yaxın olduğumuz dövrdə şərti sərhəddə təxribatların törədilməsi digər proseslərin davamı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan silahlanırsa, yaxud onu silahlandırırlarsa, deməli, burada hansısa məqsəd var. Həmin məqsəd heç də regionda sabitliyə xidmət etmir. Onlar şərti sərhəddə təxribatlar törətməklə, vəziyyəti gərginləşdirməklə, kvadrokopterləri havaya qaldırıb kəşfiyyat uçuşları aparmaqla bir daha Azərbaycanı adekvat addımlar atmağa vadar edirlər”.
Ş.Ramaldanov hesab edir ki, bunlar sırf İrəvanın özünün ortaya çıxardığı ssenari və ya qərarlar deyil. Ermənistana havadarlıq edən və regionda maraqları olan böyük dövlətlərin ssenari və qərarlarıdır. Regionda bütün proseslər “3+3” formatında həll olunmalıdır. Ancaq Ermənistana havadarlıq edən Fransa, Avropa İttifaqının bəzi digər ölkələri və ABŞ bölgədə öz maraqlarını təmin etmək üçün Ermənistanı silahlandırırlar. Hazırda törədilən təxribatlar da həmin ssenari əsasındadır.
Müsahibimiz qeyd etdi ki, Ermənistanda Aİ-nin mülki müşahidə missiyası adı altında yerləşdirilmiş yarımhərbi qrupun üzvlərinin sayı artır. Missiya sülh adı altında orada kəşfiyyat xarakterli işlər həyata keçirir, erməni cəmiyyətini Rusiyaya qarşı qaldırmağa xidmət edir. Bu çərçivədə ABŞ ilə bir-birinin ardınca keçirilən hərbi təlimlər də diqqəti cəlb edir. Biz həmin təlimlərin Azərbaycanla şərti sərhəddə gərginliyi artırdığının şahidi oluruq.
Hərbi ekspert düşünür ki, proseslər sırf Azərbaycana qarşı yönəlməyib. Ölkəmiz burada birinci hədəf kimi nəzərdə tutulmayıb. Ancaq buna baxmayaraq, vəziyyətin gərginləşməsi regionda ümumi təhlükəsizliyə xələl gətirir. Müxtəlif qüvvələr bölgədə yeni münaqişə ocaqları alovlandırmağa çalışırlar. Belə olan təqdirdə baş verənlər “3+3” formatı üzrə bölgənin bütün ölkələrinə mənfi təsir göstərəcək. Azərbaycan və Ermənistan arasında mövcud vəziyyəti nəzərə alaraq situasiyanı gərginləşdirən qüvvələr ikili standartlar siyasətini işə salacaq, özlərinin maraqlarına uyğun qətnamələr qəbul edəcəklər. Bu qətnamələr əsasında Ermənistana havadarlıq edən ölkələr burada öz maraqlarını təmin etmək üçün hüquqi baza yaratmağa çalışacaqlar. Ermənistanın bu mövqeyi və gedən proseslər isə təhlükə yaradır: “Ona görə də düşünürəm ki, İrəvanın tutduğu mövqe nə erməni xalqına, nə də ölkənin maraqlarına xidmət edir. Paşinyan hökuməti isə nüfuzunu itirmiş iqtidar kimi özünü qorumaq üçün havadarları tərəfindən hansısa zəmanətlər alıb”.
Onu da qeyd edək ki, bu gün Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Sərdar Kılıç və Ruben Rubinyan Türkiyə–Ermənistan sərhədində danışıqların beşinci raundunu keçirəcək. Bu barədə türkiyəli jurnalist Sena Alkan məlumat yayıb. Ermənistan xarici işlər nazirliyi də Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşəcəyini təsdiqləyib. Hayastan xarici siyasət idarəsinin sözçüsü “X” hesabında bildirib ki, iyulun 30-da Ermənistan–Türkiyə sərhədində xüsusi nümayəndələrin beşinci görüşü olacaq. İrəvanın bir tərəfdən Azərbaycanla şərti sərhəddə vəziyyəti gərginləşdirib, digər tərəfdən ölkəmizin ən yaxın müttəfiqi ilə danışıqlar aparması görüntüsü yaratması da Hayastan rəhbərliyinin siyasi riyakarlığından xəbər verir. Azərbaycanla münasibətlər normallaşmadan Türkiyə ilə hansısa sahədə danışıqlarda nəticə əldə ediləcəyi ciddi şəkildə sual altındadır. Rəsmi İrəvan bunu anlamalı və bütövlükdə, regionda sülh və sabitlik naminə konstruktiv yanaşma ortaya qoymalıdır.
Səxavət HƏMİD
XQ