Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Fransanın Azərbaycana qarşı davranışından asimmetrik müharibə qoxusu gəlir
Rəsmi Paris 2024-cü il Yay Olimpiya Oyunlarını fürsət bilərək, Azərbaycana qarşı növbəti təxribatını törədib. “France 2” telekanalı neytrallıq prinsipini pozaraq, Ermənistan komandasına xüsusi rəğbətini büruzə verib. Ermənistanı “tarixən fransızların ürəyinə yaxın bir ölkə” kimi təqdim edib.
Azərbaycan komandasının təqdimatını isə məqsədli şəkildə neqativ tonda verib. Ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” adlandırıb. Təqdimatdakı qüsurlar bununla bitmir. Növbəti mərhələdə Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirilib. Elə rəy formalaşdırmağa çalışıb ki, guya, işğalçı bizik. Bir sözlə, Fransa XXXIII Yay Olimpiya Oyunlarını Makronun məkrli siyasətinə alət edib.
Məsələ ondadır ki, Rəsmi Paris son hərəkətləri ilə təkcə Beynəlxalq Olimpiya Xartiyasının maddələrini deyil, sivil, demokratik dünyanın bütün davranış normalarını pozub. Fransa mediasının ermənipərəst mövqeyi müəyyən mənada anlaşılandır. Amma bu yanaşma, faktların təhrif edilməsi, başqalarının haqqının tapdalanması fonunda gerçəkləşdirilməməlidir.
“France 2” telekanalı Ermənistan komandasını müsbət fonda təqdim etmək üçün Azərbaycan barədə informasiyaları saxtalaşdırıb. Bu, həm də, media haqqında modern prinsiplərin pozulması deməkdir. Həmin prinsiplərin altında Fransanın imzası var. Məsələn, medianın etik davranış prinsiplərini ehtiva edən beynəlxalq sənədlərdən biri – Münxen Bəyannaməsi KİV-in münaqişələrə münasibətdə bitərəf davranışını tələb edir. Həmin bəyannaməni imzalayan 5 dövlətdən biri Fransadır. Amma bu gün Münxen Bəyanaməsini ən çox pozan da Fransadır.
Müşahidələr göstərir ki, “France 2”, “France 24”, “Le Fiqaro”, eləcə də Fransanın digər KİV-nin bu yöndə xətalara yol vermələri təsadüfi xarakter daşımır. Şuşa Qlobal Media Forumunda qeyd edildiyi kimi, onlar Fransa hakimiyyətinin ruporuna çevrilərək, şüurlu şəkildə dezinformasiyalar ötürürlər. Fransa ötən 30 il müddətində Minsk qrupunun həmsədri qismində fəaliyyəti ilə sübut etmişdi ki, Qarabağ münaqişəsinə yanaşmada tərəfsiz davrana bilmir. Məsələni ədalətsiz formada, Ermənistanın xeyrinə həll etmək istəyir və bunun üçün bütün vasitələrə əl atır.
Qarabağ münaqişəsinin bitməsindən sonra isə Fransanın davranışında yeni elementlər ortaya çıxdı. Görünən budur ki, o, Ermənistan üzərindən iş quraraq, Cənubi Qafqaza daxil olmaq, burada özünün təsir dairəsini yaratmaq istəyir. Yəni, əvvəllər öz siyasətini “Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq” adı ilə pərdələyirdisə, Qarabağ probleminin həllindən sonra qılafını atıb, prosesin önündə birbaşa öz sifəti görünməyə başlayıb.
Fransanın Cənubi Qafqaza yönəlik ekspansiya siyasəti zorakılığa əsaslanır və o, neokolonializm alətlərindən istifadə edir. Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. İki ölkə arasında münaqişənin yenidən alovlandırılması üçün Ermənistanı sürətlə silahlandırır. Özünün Cənubi Qafqazda iştirakını münaqişələrin alovlandırılmasında görür. Azərbaycanı da öz siyasətinə tabe etdirmək üçün təzyiq mexanizmlərindən yararlanır, beynəlxalq təşkilatlardakı təmsilçiliyindən faydalanaraq ölkəmizə təsir göstərməyə çalışır.
44 günlük müharibədən sonra baş verən proseslər bunu deməyə əsas verir ki, Fransa Azərbaycana qarşı davranışlarında asimmetrik müharibə elemetlərinə istinad edir. Təsir dairəsində olan media qurumlarını, transmilli KİV-ləri qarayaxma kampaniyasına cəlb edir. Bu vasitə ilə qlobal ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışır. Paralel olaraq, beynəlxalq platformalarda qondarma müzakirələr açır, ölkəmizin adına kölgə salır. 2022-ci ildə, hələ müharibənin davam etdiyi dövrdə Azərbaycanın məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxararaq, təzyiq göstərmək, ölkəmizi özünün haqq işini tamamlamaqdan yayındırmaq istəmişdi. 2022-ci ilin dekabrında “Laçın yolu” mövzusunu əsas götürərək, Azərbaycan məsələsini BMT müstəvisinə çıxarmaq üçün növbəti dəfə təşəbbüs göstərmişdi. Eyni hərəkətlərini 2023-cü ilin avqust ayında da təkrarlamışdı. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin, guya, “blokadaya salınması” barədə əsassız iddialar irəli sürmüşdü. Bölgədə yaşayan ermənilər üçün yalançı humanitar yardım karvanı göndərməklə “humanitar böhran” kampaniyasına başlamışdı.
2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verdirməyə çalışdı. Fransa Azərbaycana qarşı təzyiq mexanizmlərini bu gün də davam etdirir. Onun davranışları bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmağa hesablanıb.
Makron hakimiyyəti belə yanlış hərəkətlərlə Azərbaycanın suveren hüquqlarına müdaxilə etdiyi kimi, Fransanın özünə də ciddi zərər vermiş olur. O, Fransanın “sülhsevər, demokratik ölkə” imicini dağıdır. Məhz belə davranışın nəticəsidir ki, Fransa əsrlər boyunca nəzarətində olan Afrika ölkələrindən qovulur, hər sahədə sıxışdırılır. Cənubi Qafqazdakı pozucu hərəkətlərinə görə də cavab verməli olacaq.
Amma, təəssüf ki, Fransanın media sahəsində yaratdığı neqativ tendensiyalar hələ uzun müddət davam edəcək. “France-24”, “France 2”, “Le Fiqaro”, “Euronews”un Fransa xidmətinin indi sərgilədikləri münasibət sivil dünyanın yüz illər boyunca formalaşdırdığı prinsipləri dağıdır, bəşəriyyətə neqativ tendensiyalar təqdim edir.