I YAZI
Qarabağın erməni işğalı altında olduğu 30 ildən artıq bir dövrdə torpaqlarımızın necə viran edildiyi dünya ictimiyyətinə məlumdur. Törədilən bütün cinayətlərə görə Ermənistan cavab verməli və vurulan zərərə görə təzminat ödəməlidir. Azərbaycanın bu iddialarla beynəlxalq məhkəmələrə müraciətləri bu cinayətlərin cəzasız qalmaması anlamına gələcəkdir.
İşğal dövründə ermənilər Ağdam ərazisini viran qoymaqla kifayətlənməmişdilər. Onlar ayrı- ayrı yerlərdəki xalqımıza məxsus maddi abidələri yox etmiş və talan etmədiklərini isə mənimsəməklə erməniləşdirmək, bu ərazilərdə Azərbaycan türklərinə məxsus dəyərlərimizi məhv etmiş, saxtakarcasına onları öz adlarına çıxarmağa çalışmışlar.
İş o yerə çatmışdı ki, ermənilər Qarabağın gözü olan Ağdam şəhərini və bu bölgəni də "erməni yurdu" adlandırmağa başlamış və bu istiqamətdə təbliğat aparmağa başlamışdılar. Adını dəyişdirərək “Aqna” qoyduqları Ağdamın bəzi yerlərində arxeoloji qazıntılar aparmaqla burada "erməni sür-sümüyü" axtarmış və burada qədimdən ermənilərin yaşadığını “sübut etmək“ üçün maddi sərvətlərimizin bir hissəsini Ermənistana daşımışlar.
Ermənistan "alimləri" Ağdam ərazisindəki qədim tarixi olan Gövürqala şəhərini dünyaya "Tiqranakert" kimi tanıtdırırdılar. 2006-cı ildə onlar müxtəlif ölkələrdən dəvət etdikləri bir qrup “alimlə” Ağdam rayonu ərazisində yerləşən və Qarabağ xanlarının yay imarəti olan Şahbulaq Qıfılı saray-kompleksində “qədim Tiqranakert” şəhərinin xarabalıqlarını tapmaq üçün qazıntılar etmiş, tarixi məkana görünməmiş zərər vurmuşlar.
Bu cinayətə onlar xarici ölkə mütəxəssislərini də cəlb etmişdilər. Bu qazıntılar zamanı guya saray xarabalıqları arasından çoxlu sayda xaçkarlar ortaya çıxmışdı. Ermənilərin məkrli məqsədlərini anlayan və özünə hörmət edən bəzi əcnəbi alimlər buna etiraz etmiş və dərhal ekspedisiyanı tərk edərək qazıntıları dayandırmağı tələb etmişdilər. Belə faktlar olmuşdu ki, ermənilər özləri ilə gətirdikləri “xaçkarları” buraya basdırır, sonra onları çıxarıb “kəşf” kimi qələmə verirlərmiş... Erməni hiyləsi üzə çıxmışdı. Ən savadsız tarixçiyə belə bəllidir ki, elmə məlum olan Şərqi Anadoludakı “Tiqranakert” şəhərinin mövcud olduğu dövrdə hələ xristianlıq yox idi. Qafqazda da belə bir şəhərdən danışmaq elmin özünə xəyanət idi.
Qazıntılar zamanı guya o da məlum olub ki, bu tarixi tapıntılar erkən xristianlığa aiddir, dini kompleksin bir parçasıdır, oyulmuş mağarada və onun yan-yörəsindəki hörgü divar isə xristian memarlığını andırır, 2007-ci ilin aprel ayından burada qazıntılar daha intensiv aparılmış və guya maddi çətinliklər səbəbindən dayandırılmışdı.
Bir müddət sonra Tiqranakert təxtibatı yenidən işə salınmışdı. Ağdamın ərazisində olan bu tarixi məkanı qonşu Əsgəranın inzibati ərazisinə daxil edərkən isə niyyət “kəşflərin” inandırıcılığına nail olmaq idi. Qazıntılara rəhbərlik edən tarix elmləri namizədi Vardeqes Safaryanın açıqlaması da bunu sübut edir. Saxtakar tarixçi deyib ki, guya “Tiqranakert”in şimal hissəsinin qala divarlarının uzunluğu 500 metrə çatır. Safaryanın bundan sonra dedikləri erməni yalanının hansı həddə çatdığını göstərir: “Avropa üçün Troya nədirsə, ermənilər üçün Tiqranakert də odur”.
Ötən əsrin 1980-ci illərində Azərbaycan burada ekspedisiya aparıb və tapılan hər şey türk mədəniyyətinin nişanəsidir, 1071 Malazgirt zəfərindən və səlcuqların Anadolu və Qafqaza axınlarından çox öncələr türklərin bu ərazilərdə yaşamasının sübutlarından biri kimi dəyərli tarixi dəlildir. Qarabağın 100 ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır.
Bir daha vurğulayaq ki, sözügedən arxeoloji qazıntlıları "türkləşdirilmiş" erməni kilsə-kompleksi adlandırmaq ənənəvi erməni saxtakarlığıdır. Onlar Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, ABŞ, Livan və Fransadan da tədqiqatçılar cəlb edərək, bu qazıntı işlərini “beynəlmiləlləşdirərək” ona hüquqi don geyindirməyə çalışırlar.
Ermənilər xarici turistlərin diqqətini bura çəkmək məqsədi ilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray-kompleksini təmir edərək, kompleksin içərisində “Tiqranakert” adlı tarix muzeyinin yaradıldığını təntənəli şəkildə elan edib, burada bayağı bir festival düzənləmiş, bu barədə xəbərləri xarici internet şəbəkələrində yaymışdılar.
Eyni zamanda, Ağdam ərazisində apardıqları bu qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı-Gədəbəy mədəniyyətinə aid məşhur kurqanları (torpaq qəbirlər) dağıdaraq buradakı qiymətli maddi nümunələri Ermənistana daşıyıb aparmaqla məşğul olmuşdular. O cümlədən buradakı toponim və yer adlarını dəyişdirərək, Şahbulaq saray-kompleksinin adını Surenavan, ətraf əraziləri isə “Tiqranakert” adlandırmağa başlamışdılar.
Qeyd edək ki, Şahbulaq qalası Bayat qalasından öncə, Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiətipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunub, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib.
Tarixi mənbələrdə göstərilir ki, Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 kilometr aralıda - indiki “Şah bulağı” adı ilə məşhur olan bulağın yaxınlığında bir saray-kompleks tikdirməyə başlayıb. Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək, əlavə Bayat qalasını tikdirib, daha sonra isə Şuşa qalasını inşa etdirərək, sonuncunu xanlığın mərkəzinə çevirib.
Qafar MEHDİYEV
XQ