Ermənipərəst siyasətçilər, media nümayəndələri yanlış narrativlər yayırdılar, Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
II MƏQALƏ
Azərbaycanın tarixi həmləsi
Bəzən bu dünyada haqlı olduğunu sübut etmək çox çətin olur. Əgər ətrafda çoxları bir dəlini ağıllı kimi, ağıllını da dəli kimi təqdim edirsə, onda doğrudan da onlar yerlərini dəyişə bilərlər. Ağıllı bütün təzyiqlərə tab gətirib, haqqı sona qədər qoruyarsa, qarşıdakılar tam sınmış olurlar. Dövlət səviyyəsində bu məsələlər daha mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Ermənipərəst dairələrin (etiraf edək ki, informasiya savaşında onların təcrübəsi və texnoloji imkanları genişdir) davamlı olaraq Azərbaycan dövlətinə, xalqına, ziyalılarına, vətəndaşlarına şər-böhtan dolu həmlələr etməsi cəmiyyətdə xeyli psixoloji durğunluq yaratmışdı.
İlham Əliyev zəkası və siyasi iradəsi ilə onların bütün həmlələrini qətiyyətlə dəf etdi. Bunu II Qarabağ savaşı zamanı Prezidentin xarici jurnalistlərə verdiyi çoxsaylı müsahibələrindən aydın gördük. İlham Əliyev qərəzli suallara təmkini, ədaləti, məntiqi və dik duruşu ilə elə cavablar verirdi ki, qarşıdakı sarsılırdı! Şübhə yoxdur ki, dünya miqyasında həmin müsahibələrin siyasi, diplomatik, ideoloji və informasiya özəlliklərini hələ çox araşdıracaqlar.
Bizim üçün həmin dövrdə informasiya savaşı meydanında isə bu, olduqca vacib hadisə idi. Azərbaycan cəmiyyəti və xalqı əyani olaraq qərəzli dairələrlə necə savaşmağın nümunəsini göstərirdi. 30 illik informasiya həmlələri fonunda, bu, bizim qəhrəmanlıq nümunəmiz idi. Hər kəs Prezidentin müsahibəsindən sonra bir az da yüngülləşirdi, üstündən illərin informasiya yükünü götürürdü.
Bu, nəzəri və praktiki cəhətdən maraqlı bir fenomen idi. Çünki milyonlarla vətəndaş öz Prezidentinin informasiya müharibəsi meydanında təkbaşına necə mübarizə apardığını görürdü. Müşahidə edirdi. Görünən mənzərə 30 illik çalışqanlığın, zəhmətin və yüksək zəkavi enerjini sərf etməyin məntiqi nəticəsi olduğu kimi, Zəfərdən sonrakı fəaliyyətimizin də iradi rəmzi idi! Prezident öz davranışı, mübarizəsi ilə milyonları oyadır və səsləyirdi: Azərbaycanın ədalətli həmləsinin zamanı yetişmişdir!
İlham Əliyev II Qarabağ savaşı başlanan andan eksklüziv olaraq nümayiş etdirirdi ki, uzun müddət tarixi ədalətsizliyə hədəf olmuş Azərbaycanın əks-hücuma keçməsi təbii və tarixi haqqıdır. Milyonların haqqıdır! Ona görə də hər bir cəbhədə azərbaycanlının mübarizə aparması müqəddəsdir, hüquqidir, ədalətlidir, qanunidir!
Prezidentin 2020-ci ilin payızında göstərdiyi həmin möhtəşəm informasiya fəaliyyəti bir oyanışın başlanğıcı oldu. Bu, hər kəsin səfərbərliyində təcəssüm etdi. Azərbaycan tarixi həmləsinə başlamışdı.
Cəmi bir neçə gün öncə Prezident İlham Əliyev II Qlobal Şuşa Media Forumunda jurnalistlər qarşısında eyni qürurlu duruşu, yüksək zəkası, dəmir məntiqi və vətənsevərliyi ilə çıxış etdi. Bu dəfə başqa statusda – möhtəşəm qələbə qazanmış dövlətin, millətin, cəmiyyətin və bütövlükdə, Türk dünyasının lideri kimi danışırdı! Bu dəfə İlham Əliyev jurnalistlərlə informasiya savaşı aparmırdı, əksinə, onların səmimi və yaxın dostu kimi Azərbaycana qarşı aparılan informasiya müharibəsinin, şər-böhtanın siyasi, informasion, diplomatik və ideoloji anatomiyasını anladırdı. 2020-ci ilin 44 günündə nümayiş etdirdiyi eyni təmkin, yüksək zəka, ədalətli yanaşma və dərin təhlilləri ilə hər kəsi məftun edirdi.
İlham Əliyev “Cənubi Qafqazda tarixi-geosiyasi dəyişikliklər baş verir” tezisi ilə müasir geosiyasi və siyasi təlimlərin araşdırmaçılarına manşet mövzu verirdi. Yəqin onların daha ağıllı olanları Azərbaycan Prezidentinin II Qarabağ savaşı başlananda olduğu məkanla indi media forumu təşkil etdiyi məkanı müqayisə edə biləcəklər. İlham Əliyev informasiya savaşına Bakıdan başladı, Şuşada Qələbəsinin fəlsəfəsini anlatdı! Yalnız qalib sərkərdə kimi deyil, daha çox müdrik, uzaqgörən və təmkinli lider kimi. Bu da Azərbaycan Prezidentinin şər qüvvələr üzərində mənəvi qələbəsinin bir fraqmentidir. Çünki mübarizə davam edir, irəlidə görüləsi çox işlər vardır. O işlərin təməli 44 günlük savaşdan dərhal sonra regionda yaranmış geosiyasi, siyasi və hərbi vəziyyətdə qoyulmuşdu!
44 gün sonra
Məlum oldu ki, Azərbaycan Prezidenti bütün regionun geosiyasi dinamikasını dəyişməkdə qərarlıdır. Sözün həqiqi mənasında, xüsusilə, Qərbin güclü dövlətlərinin liderləri bunu qəbul etmək istəmədilər və müyyən mənada şoka düşdülər. Həm də ona görə ki, İlham Əliyev bu qətiyyətini ədalət və beynəlxalq hüquq normaları çərçivəsində ardıcıllıqla həyata keçirirdi. İnformasiya cəbhəsində Azərbaycan Prezidenti aramsız həmlələr edirdi. Qısa müddətdə Qərbə, Rusiyaya və İrana anlatdı ki, Azərbaycan Cənubi Qafqazın geosiyasi ruhunu dəyişəcək və yeni əməkdaşlıq, təhlükəsizlik mühiti yaradacaq!
Biz həmin mərhələdə müxtəlif şəhərlərdə, fərqli ermənipərəstlərin iştirakı ilə keçirilən görüşlərin üzərində dayanmırıq. Biz həmin epizodları da təsadüfən ətraflı qeyd etmirik. Çünki məhz 44 günlük savaşdan sonra, ondan az əhəmiyyətli olmayan siyasi-diplomatik və informasiya müharibəsi gedirdi. Məhz həmin mərhələdə Azərbaycanın etdiyi təkliflər, irəli sürdüyü şərtlər, dialoq imkanlarını təşviq etməsi qarşı tərəfi yavaş-yavaş ayıltdı. Bu gün Şuşanın informasiya məkanında gördüyümüz təmtəraqlı və ədalətli ab-havanın əsası o dövrdə masa ətrafinda gərgin müzakirələrin istiliyində qoyulurdu. Yəni 44 gündən sonrakı mərhələ 44 gün qədər əhəmiyyətli və vacib zaman kəsimidir!
Yeni cəbhələr və üfüqlər
Ermənistanın havadarlarının gözləmədikləri bir mqavimətlə rastlaşmaları onları bir müddət şoka saldı. Lakin təcrübəli siyasi-ideoloji texnoloqlar və tarixi böhtançılar yeni üsullar axtarışından qalmırdılar. Aydın görünürdü ki, informasiya müharibəsinin səngərini Azərbaycanın qarşısında qurmaqla bir şeyə nail ola bilməyəcəklər. Ona görə də həmin səngərləri maskalı surətdə Azərbaycanın içərilərində yaratmağa başladılar. Çox müxtəlif üsul və bəhanələrlə Azərbaycan cəmiyyətində özünə qarşı inamsızlıq və ümidsizlik, iqtidar-xalq qarşıdurması yaratmağa və azərbaycanlılara mənəvi zərbələr vurmağa cəhdlər etdilər. Bu dəfə demokratiya, insan haqları, söz azadlığı kimi faktorlardan daha peşəkarcasına istifadə etməyə başladılar.
O sırada Qərbə getmiş azəraycanlıların bir neçəsindən yararlanmağa çalışdılar. Lakin bəlkə də tarixin istehzasıdır ki, həmin gedənlərdən biri Şuşada Azərbaycan Prezidentinə sual verdi və ölkəmiz haqqında qürurla danışdı. İlham Əliyevin reaksiyası həmişə olduğu kimi, çox ədalətli oldu: “Vətənə xoş gəlmisiniz!” Lakin 2020-2024-cü illər arası müxtəlif dairələrin küyünə gedən bir sıra soydaşımız informasiya müharibəsində qarşı tərəfdə durmağı özünə rəva bildi. Məlum təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı Azərbaycnın gərgin və intensiv siyasi, ideoloji, diplomatik və informasiya savaşı apardığı bir dönəmdə bəziləri haqsızın yanında – ermənilərin qərbli havadarlarının yanında durdular. Acınacaqlıdır, lakin Azərbaycan bunu da keçdi.
Həmin böhran sona çatanda aydın oldu ki, Qərbin demokratiya, liberalizm və insan haqları üzərində qurmaq istədiyi yeni oyunların potensialı tükənir. Azərbaycan cəmiyyəti bu kimi təxribatları dəf etmək immunitetini daha da möhkəmləndirdi. O zaman emənipərəstlər informasiya savaşının yeni mərhələsinə keçdilər. Gizli, amansız və olduqca təhlükəli bir mərhələ başladı.
Peşəkar təxirbatçıların “mülki missiyaları”
Onlar əsas güclərini iki istiqamətə yönəltdilər. Birincisi, Azərbaycan cəmiyyətini daxildən parçalamağa istiqamətlənmiş addımlar atdılar. Prezident İlham Əliyev bunu Şuşada çox gösəl ifadə etmişdir. İlham Əliyev demişdir: “Natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq”.
Xarici informasiya mənbələri Azərbaycan və azərbaycanlılar haqqında manipulyativ məlumatlar yaymaqla cəmiyyətin mənəvi-ideoloji ab-havasını dəyişməyə səy göstərirlər. Eyni zamada, vətəndaşların gözündən Azərbaycan dövlətçiliyini salmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanı haqsız göstərmək üçün absurd ittihamlar belə irəli sürürlər.
Məsələn, Avropa siyasi dairələri II Qarabağ savaşını “Azərbaycan Qarabağda terror edir” kimi təqdim etməyə çalışdılar. Absurd kontekstlərdə insan haqlarından dəm vurmağa başladılar. Onların dediklərinə inanılsa idi, onda Azərbaycan əsgəri hər addımında “terrorçu” olmalı idi. Terrorçu isə “azadlıq aşiqi”! Sanki Qrabağda məhv edilmiş azərbaycanlılar, ümumiyyətlə, mövcud olmamışlar. Onların yurdlarına qayıtmaq hüququndan Qərbdə kəlmə belə kəsmirdilər. Əvəzində Laçın yolundan elə informasiya spekulyasiyaları etdilər ki, sonda heç özləri də inanmadılar. Bütün bu cəhdlərin sonu puç oldu!
Lakin erməni havadarlarının başqa bir süni priyomu da ortaya çıxmışdı. Qərblilər keçmiş peşəkar təxribatçılardan “mülki missiya” düzəldərək Ermənistana atdılar. Onlar indi sərhədin o tərəfindən Azərbaycanı müşahidə edirlər. Hərbi-təxribatçı xislətli bu “mülki missiya” Bakının ağıllı və təmkinli reaksiyası ilə tam yararsız hala düşdü. İndi onlar kimsənin, hətta ermənilərin belə yadına düşmür. Xüsusilə Fransa tərəfi bir neçə dəfə yardım adı altında təxribat törətməyə cəhd etdi və layiqli cavabını aldı.
Azərbaycan Qarabağda real quruculuq işləri görməklə yanaşı, dünya çapında güclü informasiya müharibəsini paralel apara bildi. Bunun başlıca əlaməti bir neçə dövlət başçısının Qarabağa səfər etməsi oldu. Macarıstan, Belarus, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlətinin rəhbərləri Qarabağa gəldilər və konkret layihələr həyata keçirmək haqqında razılaşmalar əldə oundu. Bununla Azərbaycan qarşı tərəfə praktiki layihələri və ədalətli informasiya savaşı ilə cavab verdi.
İndi Prezident İlham Əliyevin Şuşada irəli sürdüyü təklif bütün dünya üçün faydalıdır. Azərbaycan dövlət başçısı demişdir: “İstərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”. Yuxarıda üzərində ötəri dayandığımız bir çox informativ məqamların işğında bu tezis çox aktual və lazımlı görünür. Azərbaycan Prezidenti faktiki olaraq bütün KİV orqanlarına növbəti dəfə reallığı görüb, ona uyğun davranmağı təklif edir. Bunu ifadə etməyə İlham Əliyevin tam haqqı vardır. Çünki o, bütün çətinliklərə və ziddiyyətlərə baxmayaraq, Cənubi Qafqazı yeni geosiyasi müstəviyə çıxara bilmişdir. İndi isə onu qorumaq məsuliyyətini tam dərk edir.
Bu, informasiya müharibəsinin həm bir mərhələsinin sonu, həm də yeni mərhələsinin başlanğıcıdır. Bu dəfə də Azərbaycan Prezidenti hər kəsi qabaqlaya bilmişdir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru