İş o yerə çatıb ki, irland əsilli amerikalı məşhur ailənin sonuncu nümayəndəsi də üstümüzə diş qıcıyır. Özünün qalmaqallı imici ilə tanınan, ABŞ prezidentliyinə müstəqil namizəd, keçmiş demokrat kiçik Robert Kennedi Ermənistan–Azərbaycan münasibətlərini seçkiqabağı təbliğat proqramına daxil edib. O, prezident olacağı təqdirdə “Qarabağdan erməniləri zorla qovduğuna görə” Azərbaycana qarşı kəsərli sanksiyalar tətbiq edəcəyinə söz verib.
Elə bəri başdan bütün Amerika əhlinə aydındır ki, 1963-cü ildə ABŞ-nin sui-qəsdlə öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robertin Ağ evin dairəvi kabinetindəki kresloda oturmaq şansı sıfıra bərabərdir.
İntəhası, Co Baydenin prezidentlik marafonundan geri çəkilməsi xəbəri yayılandan dərhal sonra bu başabəla respublikaçı mətbuat konfransı keçirərək bildirib ki, “indi əsas mübarizə mənimlə Donald Tramp arasında olacaq”.
Kaliforniyadakı erməni diasporu kiçik Robert Kennediyə özlərinin son ümidgahı kimi baxır. Belə çıxır ki, Kennedinin, Trampdan savayı, demokratların prezidentliyə ehtimal olunan namizədi Kamala Harrisi məğlub etməkdən ötrü əsas “silahı” ABŞ-dakı erməni lobbisinin səsləridir. Onun seçki kampaniyasında Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Ambaryanın tezislərindən vaxtaşırı istifadə edərək, Azərbaycanın üzərinə hücuma keçməsi təzə hadisə deyil. Məsələn, bu ilin yanvarında erməni icma liderlərinin Cənubi Kaliforniyada təşkil etdikləri toplantıda Kennedi prezident kreslosuna əyləşən kimi “Qarabağ üzərində suverenliyi mütləq Ermənistana qaytaracağını” bildirmişdi. Bu məqamda şadlığından göyə hoppanan Ambaryan Kennediyə “erməni məsələsini prezident seçkiləri kampaniyasının gündəmində saxlamaq vacibdir” demişdi. O, bir az da irəli gedərək “Qarabağın “itirilməsində” həm hazırkı prezident Cozef Baydenin, həm də Kennedinin əsas rəqibi Donald Trampın günahkar olduğu” barədə məsuliyyətsiz və avantürist bəyanat vermişdi.
İndi isə kiçik Kennedi düzənlədiyi mətbuat konfransında lap “gül vurub”. Uğursuz respublikaçı bu dəfə Azərbaycanı təkcə “Rusiya neftini Avropa ölkələrinə satması səbəbindən” sanksiyalarla hədələmir, həm də Avropa İttifaqına üzv ölkələrin hamısını bu sanksiyalara qoşacağını vəd edir.
Bu da erməni hiyləgərliyinin yeni təzahürüdür. Xaricdəki hay media subyektləri Rusiyanın sanksiyaya məruz qalmış neft və qazının Avropaya satışında Azərbaycanın iştirakı ilə bağlı saxta xəbərləri Bakıya qarşı informasiya müharibəsində, anti-təbliğatda istifadə edirlər. Həmin feyk-xəbərlər, saxta tezislər Qərbin nüfuzlu KİV-ində mütəmadi yer alır, hətta bəzən Avropa siyasətçiləri arasında müzakirə mövzusuna çevrilir. Yeri gəlmişkən, bu günlərdə “Zartonk Media” internet nəşrinə müsahibəsində Robert Kennedi Türkiyəyə də “daş atıb”. O, rəsmi Ankaranı “Suriyanın şimalında kürdlərə qarşı soyqırımı”nda və “Kiprin yarısının işğalında” ittiham edib. Türkiyəni “dayandırmaq üçün” dişli tədbirlər görməyən NATO-nun işinə isə prezident seçildikdən sonra baxacağını bəyan edən kiçik Kennedi bu hərbi alyansı “sülhməramlı təşkilata” çevirəcəyini bildirib.
Beləliklə, ANCA-nın özünün boğazdanyuxarı faydasız anti-Azərbaycan fəaliyyəti ilə tanınmış avantüristə, nüfuzlu soyadının və şəcərəsinin adını batıran Robert Kennediyə arxalanması heç də təsadüfi deyil. Fakt ondan ibarətdir ki, Donald Trampdan ötrü “erməni məsələsi” nə indi, nə də əvvəlki seçki kampaniyasında aktual mövzu olmayıb. Seçki yarışını tərk etməyə qərar vermiş Cozef Bayden də erməni diasporunun isterik bağırtılarına baxmayaraq, Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərqərar etdikdən sonra Bakıya qarşı sanksiyaların tətbiqindən yayınması ilə hayları xeyli məyus etdi. Yəni Ağ ev Administrasiyası belə qənaətə gəlib ki, ABŞ-nin Cənubi Qafqazda milli maraqları və xarici siyasət prioritetləri üçün Azərbaycanla normal münasibətlər erməni elektoratının səsindən daha vacibdir. Nəticədə, ANCA-nın uğursuz namizədin seçki kampaniyasına pul buraxmaqdan başqa alternativi qalmayıb.
Kiçik Kennedinin və digərlərinin Azərbaycana “mövsümi hücumlarının” ölkəmizin beynəlxalq imicinə heç bir təsiri yoxdur. Haylara isə dahi filosof Konfutsinin yazdığı həqiqəti xatırladaq: “əgər kürəyinizə tüpürürlərsə, deməli, irəli gedirsiniz”.
İ.HƏSƏNQALA
XQ