Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. Baş prokuror K.Əliyev çıxışında 2024-cü ilin birinci yarımilində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin yeni nailiyyətlər qazandığını, respublikamızda mühüm, əlamətdar hadisələrin yaşandığını bildirib. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, həm bundan, həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a evsahibliyi statusumuzun təhlükəsizlə bağlı tələblər və vəzifələr formalaşdırdığını diqqətə çatdırıb.
Baş prokuror Kamran Əliyev çıxışında həmçinin prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü vurğulayıb. Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 18518 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilmiş, 2023-cü ilin birinci yarımili ilə müqayisədə qeydə alınan cinayətlərin sayında 1015 fakt və ya 5,2 faiz azalma olmuş, ümumilikdə ölkə üzrə cəmi 8819 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 524-ü prokurorluq orqanlarında isintaq edilmişdir.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 359, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7076 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmiş, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 696 milyon 983 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə 193 milyon 441 min manatın ödənilməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 75 milyon 906 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49 milyon 368 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 8.361.026 manat məbləğində əmlak üzərinə isə həbs qoyulmuşdur.
Qeyd edilib ki, 2023-cü ildən istifadəyə verilmiş “Elektron Porkurorluq” informasiya sistemi artıq bütün prokurorluq orqanlarında uğurla tətbiq edilir, Baş Prokurorluğun Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə qoşulması nəticəsində 2024-cü ilin birinci yarımili ərzində inteqrasiya ilə prokurorluq orqanlarına 6825 sənəd daxil olmuş, 7582 sənəd isə digər qurumlara göndərilmişdir.
Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər il olduğu kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ciddi cəhdlə davam etdirilib, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, axtarışda olan 4 nəfər isə saxlanılıb.
Kollegiya iclasında daxili işlər və digər aidiyyəti dövlət qurumları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8307 şəxs barəsində 7530, apellyasiya instansiyası məhkəmələrində 2588 şəxs barəsində 2378, kassasiya instansiyası məhkəməsində 1542 şəxs barəsində 1350 (bütün instansiya məhkəmələri üzrə cəmi 12437 şəxs barəsində 11258 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Hesabat dövründə prokurorluq orqanları tərəfindən 770 apellyasiya və 304 kassasiya protestləri verilmiş, *384 apellyasiya protesti və 71 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunmuşdur.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 458 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2024-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 643 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə hesabat dövründə daxil olmuş müraciətlərdən 14562 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmaqla qanuna müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 4-nə töhmət və ya şiddətli töhmət elan edilib, 3 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin icra edildiyi, prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 26-cı növbəti müsabiqə elan edildiyi diqqətə çatdırılıb.
Hesabat dövründə Prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə Türk Dövlətlərinin məhkəmə və hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təşkil edilib, eyni zamanda Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətləri Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında və Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 5-ci iclasında iştirak edib.
Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 24 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. Həmçinin, xarici ölkələrdə cinayət törədərək qaçıb ölkəmizdə gizlənmiş şəxslərlə bağlı daxil olmuş sorğular əsasında 18 nəfərin müvafiq ölkələrə ekstradisiyası həyata keçirilib. Eyni zamanda konkret cinayət işləri üzrə hüquqi yardım göstərilməsi sahəsində xarici ölkələrlə səmərəli əməkdaşlıq davam etdirilib.
Vurğulanıb ki, 2024-cü ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Şəfahət İmranov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Xankəndi şəhər prokuroru Rəşadət Orucov isə hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Baş prokuror yekun çıxışından öncə 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edildiyini xatırladaraq media nümayəndələrini təbrik etmiş, onlara yaradıcılıq və fəaliyyətlərində uğur və müvəffəqiyyətlər arzu etmişdir.
XQ