Qarabağın tacı, ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri iyulun 20-22-də ikinci dəfə Qlobal Media Forumuna evsahibliyi etdi. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən foruma 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-dək ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılmışdı. İştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayan forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ölkəmizdə və dünyada böyük rezonans doğurdu. Dünyanın aparıcı media orqanları dövlətimizin başçısının çıxışı zamanı dünyaya mühüm mesajlar ünvanlandığını vurğulayırlar. “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Vəlizadə “XQ”yə müsahibəsində forumun əhəmiyyəti barədə danışarkən dedi:
– Artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan Respublikası müstəqil xarici və daxili siyasət yürütmək yolu ilə dönmədən irəliləyir. Ölkəmiz heç bir halda bu yoldan dönmək niyyətində deyil. Baxmayaraq ki, bu, çox keşməkeşli yoldur. Biz belə bir istiqamət götürdüyümüz üçün zaman-zaman çox ağır sınaqlara, əsassız hücumlara, olmazın böhtanlara məruz qalmışıq. Təəssüf ki, bu sınaqlar, bu əsassız hücumlar və böhtanlar indi də davam edir. Çünki qlobal güclər özlərinin siyasi oyunlarını davam etdirirlər. Onlar bu siyasi oyunlara nisbətən kiçik dövlətləri cəlb etmək niyyətindədirlər.
Prezident İlham Əliyevin forumdakı çıxışı göstərdi ki, Azərbaycanı hələ də qlobal güclərin obyektinə çevirmək niyyətləri qalmaqdadır və bunun üçün cəhdlər var. Cənab Prezident xarici media nümayəndələrinin suallarını cavablandırarkən bir çox məsələlərə münasibət bildirmiş və demişdir ki, qlobal arenada Azərbaycanın xüsusi rolu var. Həmin qlobal arena isə yenə də müxtəlif güclərin döyüş meydançasına çevrilib. Ölkəmiz heç bir qarşıdurmada, çəkişmədə iştirak etmir və gələcəkdə də belə bir niyyəti yoxdur. Digər tərəfdən Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynamaq niyyətindədir. Bununla bağlı indiyədək əməli addımlar atılıb. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyi dövründə müəyyən təşəbbüslərlə çıxış edib. Həmin təşəbbüslər Qoşulmama Hərəkatının institusionallaşmasına kömək edib. Cənab Prezidentin qeyd etdiyi kimi, bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadılıb. Sədrliyimiz dövründə biz böyük nüfuz qazanmışıq.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, bundan sonrakı dövrdə həmin proseslər, yəni, Qlobal Cənubla əlaqələr genişlənəcəkdir. Cənab Prezident bildirdi ki, Azərbaycan Afrika İttifaqı ilə sıx əlaqələr qurur. Bəzi kolonial ölkələrin siyasi partiyaları, ictimai-siyası hərəkatları ilə əlaqələr yaradır və bu əlaqələr öz bəhrəsini verir. Azərbaycan kolonial ölkələrin, daha çox Fransanın müstəmləkəsi olan adaların müstəqilliyi ilə bağlı aparılan mübarizədə onlara yenə də institusionallaşdırma prosesində kömək göstərir. Bu da öz növbəsində həmin ölkələrdə gedən müsbət proseslərin xarakterini dönməz edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda COP29-un keçirilməsinə hazırlaşır. Bu mötəbər tədbirin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində konkret işlər görülür. Ölkəmiz COP29 çərçivəsində bir çox ada dövlətlərinin problemlərini qaldırmaq istəyir. Yeri gəlmişkən, həmin ada dövlətləri Qlobal Cənubun tərkib hissəsidir. Lakin onların səsi, onların problemləri eşidilmir.
– Sizcə, bunun səbəbi nədir?
– Çünki qlobal səhnədə, adətən, böyük güclərin səsi eşidilir. Bu da öz-özlüyündə təəssüf hissi doğurur. Bu məsələdə Azərbaycanın təşəbbüsü inkişaf edən ölkələrə dəstək göstərilməsi üçün müəyyən fond yaradılmasından ibarətdir. Həmin fond çərçivəsində göstəriləcək dəstək qlobal istiləşmənin mənfi təsirini inkişaf etməkdə olan ölkələr üçün minimuma endirməlidir. Qlobal istiləşmə Arktika və Antarktikada buzların əriməsinə gətirib çıxarır ki, bu da öz növbəsində dünya okeanının səviyyəsini qaldırır və kiçik ada ölkələri su altında qala bilər. Bu, böyük fəlakət deməkdir. Lakin biz dünya mediasında gedən yazılara, aparılan müzakirələrə baxdıqda, bu mövzunun ən axırıncı yerlərdən birini tutduğunu görərik.
Böyük güclər daha çox öz problemlərindən danışır, öz problemlərini həll etmək niyyətində olduqlarını gizlətmirlər. Kiçik ölkələrin, o cümlədən, kiçik ada ölkələrinin qayğısına qalan yoxdur. Əslində, kiçik ölkələrin problemləri böyük ölkələri maraqlandırmır. Azərbaycan isə bu missiyanı öz üzərinə götürüb. Yeri gəlmişkən, ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edərkən yenə də ərazi və əhalicə kiçik, daha az inkişaf etmiş ölkələrin problemlərini həll etməyə çalışırdı. Koronavirus pandemiyası dövründə peyvənd millətçiliyi, yəni peyvəndlərin çatışmazlığı fonunda Azərbaycan həmin ölkələrə vaksinlər göndərirdi. Həmçinin, onlara digər yardımlar edirdi. Azərbaycan digər ölkələri də kiçik ada ölkələrinə yardımlar üçün səfərbər edirdi. Bu da öz növbəsində 44 günlük Vətən müharibəsi dövründə həmin ölkələr tərəfindən Azərbaycana böyük dəstəyin verilməsinə gətirib çıxarmışdı. Bu nümunə göstərir ki, inkişaf etməkdə olan ölkələr öz-özlüyündə böyük siyasi və iqtisadi potensiala malik olan dövlətlərdir. Ancaq bu potensialdan kifayət qədər effektiv istifadə olunmur. Azərbaycan ilk ölkələrdən biridir ki, öz nümunəsində inkişaf etməkdə olan dövlətlərin səylərini səfərbər etməklə böyük güclərin qarşısına qüvvə qoymağın mümkünlüyünü nümayiş etdirdi.
– Rəsmi Bakının yürütdüyü xarici siyasət kursunun ölkəmizi müxtəlif kataklizmlərdən qoruduğunu hər kəs etiraf edir. Ölkəmiz böyük güclər arasında gedən qarşıdurmaların tərəfi deyil. Əksinə, son illərdə beynəlxalq aləmdə dostlarımızın və tərəfdaşlarımızın sayı artıb. Forumda bu istiqamətdə səslənən fikirlərlə bağlı mövqeyini bilmək maraqlı olardı...
– Bizim niyyətimiz kiminləsə qarşıdurmaya getmək və hansısa münaqişədə iştirak etmək deyil. Cənab Prezident çıxışında qeyd etdi ki, Azərbaycan həm Rusiya, həm də ABŞ-la normal münasibətlər saxlamaq niyyətindədir. Rusiya ilə münasibətlər nümunəvidir. Baxmayaraq ki, hazırda bir çox ölkələrlə Rusiya arasında münasibətlərdə müəyyən böhran yaşanır. Azərbaycanın apardığı siyasət göstərir ki, hətta, Rusiya ilə belə normal münasibətlər qurmaq mümkündür. Sadəcə olaraq, burada siyasi uzaqgörənlik lazımdır. Təəssüflər olsun ki, bir çox hallarda, bəzi ölkələrdə siyasi liderlər uzaqgörənlik nümayiş etdirmirlər. Yaxud, etdirmək bacarığına malik deyillər. Son nəticədə isə böhranlı vəziyyət yaranır. Eyni sözü Türkiyənin yürütdüyü siyasət barədə də demək olar. Nə üçün Rusiya ilə Türkiyə, yaxud digər ölkələrlə şimal qonşumuz arasında böhranlı vəziyyət yaranmır? Çünki onlar öz imkanlarını və Rusiyanın imkanlarını adekvat qiymətləndirərək, normal şəkildə münasibət qura bilirlər.
Digər tərəfdən, dünya siyasətində ikili standartlar mövcuddur ki, bu da yolverilməz bir haldır. İkili standartlar bəzi ölkələri nüfuzdan salır, onların xarici siyasətinin, necə deyərlər, faydalılıq əmsalını aşağı endirir və son nəticədə onlar öz reytinqlərini itirirlər. Yaxşı, onlar itirilmiş nüfuzlarını necə bərpa etmək niyyətindədirlər?! Əlbəttə ki, hərb, güc, kiməsə, nəyisə diktə etmək yolu ilə bunu etmək istəyirlər. Təəssüflər olsun ki, Azərbaycan bu praktika ilə uzun illərdir ki, üzləşib. Bəzi siyasi dairələr, bəzi siyasi güclər bizə nəyisə diktə etmək istəyirlər. Bunu kütləvi informasiya vasitələrindən istifadə etmək yolu ilə edirlər. Özü də bu prosesdə aparıcı media vasitələrindən yararlanırlar. Ancaq bu, alınmır. Çünki Azərbaycanda bu cəhdlərə qarşı artıq immunitet yaranıb. Eyni zamanda, ölkəmizin xaricdən kifayət qədər dəstəyi var. Bizə dost, müttəfiq, qardaş ölkələr mövcuddur. Bu mənada Türkiyəni, Türk Dövlətləri Təşkilatına üzv digər ölkələri, Pakistanı xüsusi qeyd etmək lazımdır. Bizim Avropada da tərəfdaşlarımız az deyil. Prezident İlham Əliyev forumdakı çıxışında bu məqamlara da toxundu. Bütün bu məqamları nəzərə almaqla ölkəmizə edilən əsassız hücumlar nəticəsiz qalır. Amma onlar yenə öz cəhdlərini davam etdirirlər. Əlbəttə, bu da yolverilməzdir. Çünki bir tərəfdən söz azadlığından danışan ölkələr digər tərəfdən çirkin kampaniyalar aparmaqla həm özlərini, həm də öz media orqanlarını nüfuzdan salırlar. Son nəticə etibarilə heç nəyə nail ola bilmirlər.
– Yeri gəlmişkən, Ermənistan rəhbərliyi son vaxtlar sülhdənqaçma istiqamətində bir sıra addımlar atır. Ölkənin əvvəlki rejimlərinə xas olan addımların Paşinyan iqtidarı tərəfindən təkrarlanması İrəvana nə vəd edir?
– Cənab Prezident Ermənistan–Azərbaycan münasibətləri barədə də ətraflı danışdı. Burada da yenə kənar qüvvələrin təsiri ilə Ermənistan təzadlı addımlar atır. Təəssüf ki, İrəvan son vaxtlar əsas məsələlər üzrə konstruktiv danışıqlar aparmaqdan yayınır. Bu da ondan xəbər verir ki, ölkə müstəqil olmadıqca, digər ölkələrin, böyük güclərin diktəsi ilə oturub-durduqca o heç vaxt sülh və sabitliyə nail ola, davamlı inkişafı təmin edə bilməyəcək.
Səxavət HƏMİD
XQ