YAP-ın yenidən qalib gəlmək əzmi böyükdür

post-img

İsa HƏBİBBƏYLİ, 
AMEA-nın prezidenti, akademik 

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edildiyi şəraitdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi yeni tarixi dövrdə cəmiyyətin yeniləşdirilməsinə və daha genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir. Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən Yeni Azərbaycan Partiyasının ilk dəfə olaraq bütün dairələrdən – 125 seçki dairəsindən öz namizədlərini irəli sürməsi zəngin ənənələri olan bu güclü və mütəşəkkil partiyanın böyük siyasi potensiala, etibarlı ehtiyat kadr bazasına malik olduğunu göstərir. Bu, həm də Yeni Azərbaycan Partiyasının növbəti dəfə qalib gəlmək əzmini, qələbə qazanmaq inamını aydın şəkildə nümayiş etdirir.

Bundan başqa, Yeni Azərbaycan Par­tiyasından olan namizədlərin tərkibində tanınmış ziyalıların, zəngin təcrübəyə malik mütəxəssislərin, cəmiyyət tərə­findən qəbul edilən adlı-sanlı simaların olması da partiyamızın yenidən parla­mentdə səs çoxluğunu qazanacağına böyük inam yaradır. Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxillik parlament təcrübəsinə malik deputatların yer alması da partiyanın qızıl fondunu daha da möhkəmləndirmək, onların bilik və bacarıqlarından cəmiyyətin inkişafı naminə yaradıcı şəkildə istifadə etmək prinsipinə sadiqliyinin ifadəsidir. Müşahi­dələr göstərir ki, partiyamızın namizədlər siyahısı, eyni zamanda, gənc qüvvələrlə də zənginləşdirilmişdir. Bu isə Yeni Azər­baycan Partiyasının yeni tarixi dövrdəki yeniləşmə proseslərinə həm də yeni qüv­vələrlə getmək iradəsinin real göstəricisi­dir. Həmçinin seçkilərdə Yeni Azərbaycan Partiyasından olan qadın namizədlərin çoxalması isə ölkəmizdə dərinləşməkdə və genişlənməkdə davam edən demok­ratikləşdirmə və gender bərabərliyi təşəb­büslərinin daha da inkişaf etdirilməsinə təkan vermək məqsədi daşıyır. Zənnim­cə, YAP ərazi təşkilatlarının bir çox səd­rlərinin deputatlığa namizəd göstərilməsi də məqsədyönlü addım olub, parlament­də iqtidar partiyasının mövqelərinin daha da gücləndirilməsinə xidmət edən əhə­miyyətli gedişdir. 

Bir sözlə, atılmış ilkin məqsədyön­lü addımların təhlili onu göstərir ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçkiqabağı siyasi mübarizədə yüksək səviyyədə və fəal şəkildə iştirak etmək üçün bütün imkanlara malikdirlər. Bunlar isə öz növbəsində Milli Məclisə seçkilər­də cəmiyyətin bütün təbəqələrindən olan seçicilərin fəallığının artmasına da ciddi şəkildə təsir göstərəcəkdir.

İnanırıq ki, Azərbaycan Respubli­kasının Milli Məclisinə VII çağırış üzrə seçkilər əvvəllər olduğu kimi, demokratik mübarizə şəraitində keçəcək, ölkəmizdə müasir inkişafın yeni mərhələsinə çatmaq üçün siyasi-ideoloji zəmin hazırlayacaq, ali qanunverici orqanımızın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcəkdir. Bütövlükdə, VII çağırış üzrə Milli Məclisə keçiriləcək seçkilər müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi yollarında dönmədən və qətiyyətlə müba­rizə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçir­diyi çoxşaxəli və məqsədyönlü siyasətin gerçəkləşməsinə özünün layiqli töhfəsini verəcəkdir.

Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə qarşıdan gələn növbə­dənkənar parlament seçkilərində uğurlar arzulayıram.



Siyasət