Naxçıvanda seminar-müşavirə

post-img

Mərkəzi Seçki Komissiya­sı tərəfindən Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində növbədənkə­nar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qayda­sında həllinə həsr olunan regional seminar-müşavirələrə start veri­lib. Həmin tədbirlərin tərkib his­səsi olaraq Naxçıvandakı “ASAN xidmət” mərkəzində sözügedən mövzu ilə bağlı seminar-müşavirə keçirilib.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov tədbirin əhəmiyyətin­dən danışaraq bildirib ki, bu cür tədbirlər seçki vaxtı namizədlərin narazılıqlarının sayının azalmasında, şikayətlər qarşı­sında ədalətli qərar verməklə həllində xüsusi önəm daşıyır. Seçkilərdə qeydiy­yata alınmış 26 siyasi partiyadan 25-nin iştirak etdiyini vurğulayan komissiya üzvü vətəndaşların seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmələrinin vacibliyini diqqətə çatdırıb və bununla əlaqədar zə­ruri tövsiyələr verib. O, dairə seçki komis­siyalarında MSK-ya MSK-dan da məh­kəməyə ünvanlanan şikayətlərin məhz bu tədbirlər vasitəsilə elə birinci mərhələdə həll olunacağına ümidvar olduğunu bildi­rib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Səxavət Novru­zov çıxış edərək qeyd edib ki, şikayət­lərə Azərbaycan Respublikasının İnzi­bati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır. İş üzrə məhkəmə qərarın­dan həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa iki gün müd­dətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

Sonra Ali Məhkəmənin hakimi Müşfiq Həsənovun “Seçkilərdə seçki hüquqla­rının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının mü­dafiəsi ilə bağlı işlər”, Mərkəzi Seçki Ko­missiyası Katibliyinin müdiri İlqar Əliza­dənin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şi­kayət və müraciətlərin seçki komissiyala­rında araşdırılması prinsipləri və xüsusiy­yətləri” mövzularında çıxışları dinlənilib.

Seminar-müşavirəyə seçki müba­hisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.



Son xəbərlər