Qarabağ Bəyannaməsində qarşıya daha iddialı məqsədlər qoyulur

post-img

Azərbaycan Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının formalaşmasında və inkişafında müstəsna rol oynamaqdadır. Xüsusən son illərdə Azərbaycanın Türk Dünyasının birliyi, güclənməsi istiqamətində çalışmaları son dərəcədə genişlənib. Prezident İlham Əliyevin göstərdiyi təşəbbüslər bu birliyə ayrı bir şəkildə rəng qatmaqda, dəstək olmaqdadır.

Şuşada bugünlərdə türk dövlət başçılarının qeyri-rəsmi zirvə sammiti də məhz Azərbaycanın, onun liderinin türk birliyinə verdiyi töhfənin ən bariz nümunəsidir. 23-25 oktyabrda Qırğızıstanda Türk Dövlətləri Təşkilatının rəsmi zirvə sammitinin keçirilməsi gözlənilir. Lakin bir ildə dövlət başçılarının bir dəfə deyil, iki dəfə və daha çox toplanmasının, qərarlar qəbul etməsinin birliyə daha çox dəstək olacağı planlaşdırılaraq Şuşada da qeyri-rəsmi sammit keçirilməsi qərarlaşdırılıb.

Türk Dövlətləri Təşkilatının qarşısında həllini gözləyən mühüm məsələlər var. 2021-ci ildə Türk Konseyi daha sanballı formata – Türk Dövlətləri Təşkilatına keçirildikdən sonra inteqrasiya imkanlarını genişləndirmək, regional güc olmaqdan qlobal güc olmağa doğru addımlar atmaq vacib bir amil kimi qarşıda durur. Bunun üçün hazırkı siyasi birliyi iqtisadi, mədəni, ictimai, elm, təhsil, səhiyyə və s. istiqamətlərdə möhkəmləndirmək lazımdır. 

Hesab edirəm ki, Şuşa toplantısının sonunda qəbul edilən Qarabağ Bəyannaməsi qeyd edilən məsələləri özündə əks etdirən çox vacib bir sənəddir. Bütün maddələri tək-tək şərh etmədən deyə bilərik ki, bu sənəd strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinə aparacaq möhtəşəm bir layihədir. Bu toplantıda türk dünyası liderləri daha iddialı məqsədləri qarşıya qoymuş oldular və biz tezliklə bu məqsədlərin də gerçəkləşdirilməsinin şahidi olacağıq.

Şimali Kipr Türk Cümhuriyyətinin, Macarıstanın və Türkmənistanın quruma tamhüquqlu üzv olması üçün çalışmalar aparılmalıdır. Bu 3 dövlətin üzvlüyü TDT-ni daha da gücləndirəcək amil olacaq, onun əhəmiyyətini son dərəcədə artıracaq.

Azərbaycan və Türkiyə türk birliyi istiqamətində addımlarında qərarlı və qətiyyətlidir. Digər türk dövlətlərinin də qərarlı və cəsarətli, vacib qərarların qəbulunda aktiv olması lazımdır. Əgər belə olarsa, o zaman yuxarıda qeyd etdiyimiz istiqamətlərdə Türk Dövlətləri Təşkilatının effektiv qərarlar verməsi, addımlar atması mümkündür. Bizim ailəmiz Türk Dünyasıdır, yaşasın Türk Dünyası!

Mübariz GÖYÜŞLÜ,

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Siyasət