Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

post-img

Orta qulağın kəskin iltihabı (kəskin orta otit) əsasən uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biridir. Orta qulağa infeksiyanın keçməsi nəticəsində iltihabi prosesin uzun müddət davam etməsi təbil boşluğunda irinli mayenin toplanmasına səbəb olur. Xəstəliyin müalicəsi məqsədi ilə ilkin olaraq həkim tərəfindən medikamentoz müalicə təyin olunur. İltihab və infeksiyanın bir neçə ay ərzində təkrar olunması fonunda şiddədli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, mayenin təsiri altında təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.

Mirinqotomiya eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə aparılan cərrahi müdaxilədir. Mirinqotomiya zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Prosedurdan sonra pasiyent özünü daha yaxşı hiss etməyə başlayır. Bir müddət tıxanıqlıq hissi müşahidə edilsə də qulaqda eşitmə normallaşır. 7-10 gündən sonra təbil pərdəsində açılan kəsik, çapıq izi və ya digər mənfi fəsadlar olmadan tam sağalır.

Kəskin orta otit təkrar olunduqda və iltihablanma 3 aydan artıq davam etdikdə yığılan mayenin xaric edilməsi məqsədi ilə qulağa müvəqqəti  qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu cərrahi prosedur böyüklərdə adətən yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən  icra olunur.

Qulaq boruları orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş (kəskin orta otit) uşaqlarda daha çox yerləşdirilir. Mayənin drenajı ilə yanaşı, qulaq borusu ventilyasiyanı təmin edərək orta qulaqda mayenin yığılmasının qarşısını alır.

Böyüklərdə timpanostomik boru adətən, uçuş və ya dayvinq zaman baş verən təzyiq dəyişikliyi (barotravma) nəticəsində şiddətli qulaq ağrısının müalicəsi məqsədi ilə taxılır. Müalicə olunmazsa, nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi daha ciddi fəsadlara gətirib çıxara bilər.

Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam sağalır. Qulaq borusu 2 il ərzində özü düşmürsə həkim tərəfindən çıxarılır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə qulağa borunun taxılması (timpanostomiya) ilə birlikdə 96 mirinqotomiya əməliyyatı icra olunub.

Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və endoskopik müayinələr aparılır. Kəllədaxili patologiyaya şübhə olduqda həkim tərəfindən KT və MRT diaqnostik müayinələri təyin oluna bilər. Xəstəliyin diaqnostikası və cərrahi müalicəsi, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf (qulaq borusu), ehtiyac yaranarsa qulaq borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.

Mirinqotomiya və timpanostomiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

 

P.ƏMİRCANOV

XQ

Sosial həyat