Azərbaycanın diplomatik xidmət orqanlarının 105 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub

post-img

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, rəsmi qəbulda Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə beynəlxalq müstəvidə ölkəmizin maraqlarını qoruyan və təşviq edən bütün əməkdaşlara təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Xidməti fəaliyyətləri zaman dünyasını dəyişən diplomatların xatirəsi ehtiramla yad edilib.

Ölkə rəhbərliyi tərəfindən aparılan, milli maraqlara əsaslanan suveren, uzaqgörən və praqmatik xarici siyasət xəttinin ölkəmizin bütövlüyünün qorunmasına, vətəndaşlarımızın rifahına, inkişafına hədəfləndiyi, eyni zamanda, regional və beynəlxalq səviyyədə dayanıqlı inkişafa töhfə verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə qarşılıqlı hörmət və daxili işlərə qarışmama kimi prinsiplərin rəhbər tutulduğu ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirildiyi, habelə müxtəlif, o cümlədən iqtisadi, energetika, nəqliyyat, humanitar, rəqəmsal diplomatiya sahələri üzrə təşəbbüslərin irəli sürüldüyü bildirilib.

Uzun illər ölkəmizin xarici siyasət prioriteti olan keçmiş erməni işğalına son qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən görülən böyük işlər nəticəsində ərazi bütövlüyü və suverenliyimizə beynəlxalq dəstəyin təmin edildiyi, bununla da Zəfərimiz üçün zəruri siyasi və hüquqi çərçivənin yaradıldığı vurğulanıb. Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanların yarandığı qeyd olunub. Yaranmış bu tarixi şəraitdə ölkəmizin hər zaman olduğu kimi, dialoq və sülh tərəfdarı qismində çıxış etdiyi, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları əvəzinə, regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığı qeyd edilib.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən qlobal qeyri-sabitliyin fonunda Azərbaycanın baxışının çağırışlara qarşı mübarizədə möhkəm əməkdaşlığın gücləndirilməsi olduğu və bu baxışın irəlilədilməsinin xarici siyasətimizin yeni proaktiv roluna dəlalət etdiyi bildirilib. Bu istiqamətdə, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, habelə COP29-a ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində inkişaf etmiş və inkişafda olan ölkələr arasında körpü yaradılması istiqamətində təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik xidmət orqanları əməkdaşlarına, o cümlədən peşə bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən diplomatik rütbə ilə təltif olunan diplomatlara səmimi təbriklərini çatdırıb. Keçmiş işğal və münaqişənin aradan qaldırılmasından sonra bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramının tam fərqli ab-havada qeyd olunduğu bildirilib.

Ölkəmizin regional və qlobal təşəbbüslərindən geniş danışan Hikmət Hacıyev xüsusilə COP29-a sədrliyimizin qlobal çağırışlarla mübarizəyə sadiqliyimizi nümayiş etdirdiyini bildirib.

Regionumuzda sülh və təhlükəsizlik quruculuğunun vaxtının yetişdiyi, bölgəmizin silahlara deyil, əməkdaşlığa ehtiyacının olduğu diqqətə çatdırılıb. Sülh prosesinin əsas komponenti olan sülh müqaviləsinin isə imitasiya xarakterli deyil, həqiqi və səmimi olmasının vacibliyi, bu istiqamətdə, ilk növbədə, Ermənistanın daxili auditoriyasının buna hazır olmasının əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasir Əbdül Kərim Əbdül Rəhim tədbirdə çıxış edərək Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin adından səmimi təbriklərini çatdırıb. Müstəqilliyinin ilk illərindən bəri Azərbaycan tərəfindən qazanılan diplomatik uğurların sevinc doğurduğu qeyd olunub, ölkəmizə bundan sonra da davamlı nailiyyətlər arzulanıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın diplomatiya tarixinə həsr olunmuş videoçarxı izləyiblər.

Rəsmi qəbul ziyafət və konsert proqramı ilə davam edib.















Siyasət