Avropa İttifaqının Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyi

post-img

İyunun 25-də Bakıda Avropa İttifaqına üzv dövlətlərinin minatəmizləmə üzrə ekspertlərinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin mütəxəssislərinin ilk görüşü keçirilib. 

Qeyd edək ki, bu təşəbbüs Aİ-nin ölkədə humanitar minatəmizləmə istiqamətində aparılan işlərə dəstək vermək məqsədi daşıyan daha geniş əhatəli fəaliyyətinin tərkib hissəsidir. Aİ və onun üzv dövlətləri indiyədək Azərbaycanda minatəmizləmə işlərinə dəstək verən ən böyük beynəlxalq donordur. Mayın əvvəlində “Team Europe” təşəbbüsünə start verilməsi də bunun bariz nümunəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 4-də Prezident İlham Əliyevlə telefon danışığından sonra Aİ hazırda ölkəmizə partlayıcı sursatların yaratdığı böyük problemin öhdəsindən gəlməyə kömək etmək üçün əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır. Proqramın davam edəcəyi 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayrılması nəzərdə tutulur. 

Bu baxımdan tədbir regionda bilik mübadiləsini təmin etmək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması və fəaliyyətə başlamasına kömək etmək üçün nəzərdə tutulan silsilə tədbirlərin birincisidir. ANAMA tərəfindən idarə olunan mərkəzdə xüsusi təlim vasitələrinin elmi tədqiqat və işlənmə imkanlarının olacağı, həmçinin əsas diqqət minatəmizləmə sektorunda ən son texnika və texnologiyalara yönəldilməklə yerli və beynəlxalq kadrlar üçün təlim proqramlarının təklif ediləcəyi gözlənilir.  

Bu yaxınlarda Bakıda Minatəmizləmə üzrə Üçüncü Beynəlxalq Konfransa ev sahibliyi etmiş Azərbaycan BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Mükəmməllik Mərkəzi yaratmaq əzmindədir. Bu məqsədlə Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində ANAMA ilə birgə təşkil olunan ilk seminar Aİ üzv dövlətləri və tərəfdaşlarının ekspertləri ilə qabaqcıl təcrübə, öyrənilmiş dərslər və innovativ həllərin mübadiləsini təmin edən bir platformadır. Sloveniya, eləcə də Bosniya və Herseqovinadan dəvət olunmuş ekspertlər strateji planlaşdırma, minatəmizləmə fəaliyyətində gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşəcəklər.

XQ

 

Siyasət