Yaxud Qriqoryanın Moskvaya “dirsək göstərməsi”nin altından boylananlar
El məsələdir: “Araba aşandan sonra yol göstərən çox olar”. Amma bu da bir həqiqətdir ki, bütün hallarda təqsir arabaçının boynunda qalır. Yolunu, səmtini, apardığı yükün həcmini və qoşqudakı atların gücünü məhz o dəqiq bilməli idi. Qəza baş verəndən sonra isə arabaçının təqsiri özündə deyil, başqasında axtarması ilə əsl həngamə başlayır.
Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın “Rusiya Qarabağı əlimizdən alıb, Azərbaycana verdi” kimi avantürist açıqlamasını məhz təqsirkar arabaçının qaldırdığı vay-şivənlə müqayisə etmək olar. Onun Qarabağ savaşında Ermənistanın məğlubiyyətə uğramasına görə təqsiri Moskvanın boynuna yıxmaq, İrəvanın xarici siyasət kursunda səmt dəyişikliyini əsaslandırmaq cəhdinin arxasında Qərbin barmağının olduğu şübhəsizdir.
A.Qriqoryanın ikitərəfli münasibətlərdə diplomatik qalmaqala səbəb olan məsuliyyətsiz bəyanatı baş nazir və parlamentin spikerinin xəbəri olmadan verdiyini düşünmək sadəlövhlük olardı. Rəsmi İrəvan Moskvaya incikliyini özündə ehtiva edən ismarıclarını məhz təhlükəsizlik şürasının katibinin dili ilə çatdırıb.
Rusiya bölgədən getmişdi ki?
İrəvan rəsmisinin bəyanatı həm də ortaya maraqlı suallar çıxarır. Məsələn, Qriqoryan otuz il əvvəl Rusiya bölgədə olmasaydı, ermənilər Qarabağı nəinki işğal edə, ümumiyyətlə, Azərbaycanın əzəli torpağına iddia etməyə özlərində cürət tapardılarmı? – sualına aydınlıq gətirsin. Hələ bundan daha maraqlı sual odur ki, əgər Rusiya olmasaydı, hayların iki yüz il bundan əvvəl Qarabağda, İrəvan xanlığınının ərazisində məskunlaşması siyasəti baş tutardımı? İndi Qriqoryan Avropadan aldığı şlyapasını qabağına qoyub bu sualın da cavabını tapmağa çalışsın: onlar Rusiyasız Cənubi Qafqazda “Ermənistan” adlı bir dövləti yarada bilərdilərmi?! Hayların təhlükəsizlik sahəsi üzrə başbiləni XXI əsrin əvvəlində yalnız “Qarabağın əllərindən alındığını” dünyaya car çəkir.
Fəqət Qriqoryanın cavabını özünün də dəqiq bildiyi suallar az deyil. “Rusiya Ermənistana köməyə gəlmədi” deyərkən onun özü də yaxşı dərk edir ki, Rusiya bölgədən heç yerə getməmişdi və iki əsrdir ki, buradadır. Bu müddət ərzində Rusiya daim Ermənistanın yanında və içində olub. Elə bü gün də Ermənistanın Rusiya ilə ticarəti olmadan iki-üç aya aclıqla üz-üzə qala biləcəyini hamıdan yaxşı həmin Qriqoryan bilir. Onun dilə gətirməyə cürəti çatmadığı digər reallıq ondan ibarətdir ki, indi, sadəcə, Cənubi Qafqaza Türkiyə gəlib və həm də bu səbəbdən Azərbaycan arxalı və güclü dövlət kimi Ermənistanın burnunu ovmağı bacarıb.
Maraq doğuran əsas suallardan biri də budur ki, Armen Qriqoryan hətta “razılaşdırılmış” açıqlaması ilə təkcə Moskvaya deyil, həm də Qarabağ da daxil olmaqla Azərbaycanın ərazisi bütövlüyünü tanıdığını bəyan edən baş nazir Nikol Paşinyana “dirsək göstərib”. Bundan savayı, beynəlxalq hüququn və elə həmin ermənipərəst kollektiv Qərbin bəyəndiyi və təqdir etdiyi sülh təşəbbüslərini ayaqlar altına atıb. Qriqoryan separatizm və revanşizm meyillərinin açıq-aşkar sezildiyi bəyanatında əgər “Qarabağın əllərindən alındığı” ehtimalını irəli sürürsə, deməli, Ermənistanın işğalçı olduğunu və bu siyasəti bundan sonra da davam etdirmək niyyətini gizlətmədiyini ortaya qoymuş olur.
Qarabağı unutmağın çətinliyi
Armen Qriqoryanın “Rusiya Qarabağı əlimizdən alıb, Azərbaycana verdi” təxribatçı bəyanatına Moskvanın reaksiyası gözləniləndən də sərt oldu. İntəhası, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana ünvanladığı cavab Azərbaycan ictimaiyyətinda haqlı narazılıq yaradıb. M.Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib. Yəni, Rusiya XİN rəsmisinin məntiqinə görə, guya, ermənilər bizimlə öz torpaqları uğrunda vuruşublar. O, əslində, bu açıqlaması ilə Qarabağın işğalçı–separatçı haylara “məxsusluğu” hipotezini gündəmə gətirmək məqsədini güdüb. Eyni zamanda, böyük ehtimalla, “Dağlıq Qarabağ” məsələsini Azərbaycanın yadına salmağa çalışıb. Kremlin xeyir-duası ilə ara-sıra səslənən bu məzmunlu sətiraltı “minnətli xatırlatmalar” Bakı üçün yeni deyil. Hərçənd, rəsmi Moskvanın sərgilədiyi bu arzuolunmaz siyasi mövqe ikitərəfli münasibətlərə heç də müsbət çalarlar qatmır. Doğrudur, İrəvan və Moskva arasında diplomatik “haqq-hesab çəkmə” prosesinə Bakının qoşulmaq kimi bir niyyəti yoxdur.
Rusiya–Ermənistan münasibətləri iyunun 25-26-da Moskvada keçirilən forumun da əsas mövzularından olub. Moskva İrəvana yenidən Qərblə yaxınlaşmanın təhlükəsi barədə xəbərdarlıq edib. “NEWS.ru” nəşri Ermənistan hakimiyyətinin ABŞ ilə münasibətində nə qədər uzağa gedəcəyi və bütün Cənubi Qafqazı riskə atdığı sualına cavab tapmağa çalışıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk forumdakı çıxışı zamanı Paşinyan iqtidarının qərbyönlü siyasi xəttinə göz yummağı düzgün hesab etmədiyini deyib. Onu sözlərinə görə, Ermənistanın eyni zamanda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyü qeyri-mümkündür. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev isə barışdıcı mövqedən çxıış edib: “Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır. Yekun nəticə Moskvadan yox, İrəvandan asılıdır. Əsas məsələ Ermənistanın hazırkı rəhbərliyinin Rusiyaya qarşı antoqonizmin daşıdığı risklərdən nə dərəcədə xəbərdar olmasıdır”.
Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin Qriqoryana cavab verərək bildirib ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycana “təslim etməsi” ilə bağlı deyilənlət həqiqətə uyğun deyil: “Bu, tamamilə yalandır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksək rəhbərliyin qeyd və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Qriqoryan qoy onları oxusun”.
Ardınca Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Rusiya–Ermənistan arasında gərginliyin olduğunu təsdiqləsə də, hələlik İrəvanın MDB-dən çıxma riskini görmədiyini açıqlayıb: “Mən Qərbin erməni tərəfdaşlarına böyük təzyiqini görürəm. Onları bəzi hallarda İrəvanı anti-Rusiya mövqeyi tutmağa və ya MDB çərçivəsində əməkdaşlığını məhdudlaşdırmağa təşviq edirlər”.
Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) apardığı kursun əleyhinə çıxdığı təzə xəbər deyil. O, Ermənistanın KTMT ilə vidalaşacağını elan edərək, onu “köpük ittifaqı” adlandırıb. Onun sözlərinə görə, təşkilat üzvləri dörd il əvvəl Azərbaycanla birlikdə onun ölkəsinə qarşı “müharibə planlaşdırırlar”.
Beləliklə, İrəvanın Moskvaya qarşı bütün cəbhələr boyu “total diplomatik hücuma” keçdiyi göz qabağındadır. Onun Parisdən “Sezar” özüyeriyən artilleriya qurğularını alacağı, Avropa İttifaqına üzv olacağı ilə bağlı rəsmi açıqlamaları ikitərəfli münasibətlərin körüklənmiş tonqalının üzərinə benzin tökür. Amma sonda həmin tonqalda kimin yanacağı sual doğurmur.
Revanşizm xülyasına aludəçilik
Yaranmış situasiyada rəsmi Bakı İrəvan–Moskva münasibətlərinin “siyasi-filoloji müharibə” platformasında təzyiq vasitəsi kimi Qarabağ kartından istifadə edilməsini cavabsız qoymadı. Qriqoryanın avantürist bəyanatına cavab ən yüksək səviyyədə verildi. “Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, təqsiri başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Armen Qriqoryanın məlum açıqlaması ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib və mütləq qələbə qazanıb. Bununla da 30 il davam edən hərbi işğala son qoyulduğunu, Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olduğunu vurğulayan H.Hacıyev rəsmi İrəvanın müharibədə 10 mindən çox fərarisinin olduğunu etiraf etdiyini də nəzərə çatdırıb: “2023-cü ilin senyabrında 23 saata həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda olan Ermənistan ordusunun qalıqları tərksilah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb”.
Prezidentin köməkçisi bu kimi açıqlamaları Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürü kimi qiymətləndirib: “Həmin şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.
Hər yerdən və hər kəsdən əli üzülən qu quşu son nəfəsində vida nəğməsini oxuyur. O qəmli nəğmənin yeganə dinləyicisi elə özü olur. İndi İrəvan isteblişmentinin üzünü şimala tutub ifa etdiyi, yad notlara köklənmiş “siyasi serenadası” da vədəsiz səslənən siqnal kimi yalnız qıcıq yaradır. Quyruğu qapılar arasında qalmış Ermənistan hakimiyyətinin əlindən başqa nə gəlir ki? Əgər sabah bu hakimiyyətə “Artsaxın Azərbaycana verilməsində” Qərbi ittiham etmək versiyasını dövriyyəyə buraxmaq lazım gələrsə, onun bunu edəcəyinə heç şübhəniz olmasın. Paşinyanın iqtidar komandasının ayrıca götürülmüş bir üzvü bu gün siyasi konyuktura xatirinə atdığı addımı ilə, ümumiyyətlə, hakimiyyətin altniyyətini ortaya qoymuş oldu. Bunu biz onsuz da bilikdik. O səbəbdən təəccüblü olmadı.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı
– Burada təəccüblü bir şey yoxdur. Sadəcə olaraq, Paşinyanın baş nazir kimi, Mirzoyanın xarici işlər naziri kimi deyə bilmədiklərini üzə çıxarmaq üçün Armen Qriqoryanı qabağa veriblər. O cavan oğlanın isə tutduğu vacib posta qədər dövlət qulluğunda heç bir təcrübəsi olmayıb. Buna qədər hansısa beynəlxalq təşkilatlarda müxtəlif xarakterli işlərlə məşğul idi. Bəli, bir çox hallarda Paşinyan və Mirzoyan kənara sözlərini Qriqoryan vasitəsilə çatdırırlar. Onun dediyi isə heç bir hüquqa və ədalətə sığmayan yanlış mövqedir. Paşinyan və onun komandası “miatsum”, “dənizdən dənizə böyük Ermənistan” ideyalarının iflasa uğramasını Rusiyanın boynuna yıxmağa çalışır. Özlərini isə, həmişə olduğu kimi, “zərərçəkən, əzabkeş tərəf” kimi qələmə vermək istəyirlər.
Bəs, Azərbaycanın torpaqlarını işğal edən, yüz minlərlə soydaşımızı etnik təmizləməyə məruz qoyan, minlərlə vətəndaşımızı qətlə yetirən, şəhər və kəndlərimizi viran qoyan, qəbiristanlıqları, məscidləri dağıdan ruslar idi, yoxsa ermənilər? Əlbəttə ki, ermənilər! Bunu necə inkar edə bilərsiniz? İndi ağızlarını göyə tutub deyirlər ki, rus gəldi əvvəlcə Qarabağı bizə verdi, sonra da Azərbaycana qaytardı. Sözlərindən belə çıxır ki, guya, bunların heç bir təqsiri olmayıb, səbəbsiz yerə zərər çəkiblər. Bu, ağ yalandır! Rusiya daim ermənilərə dəstək verib, amma son məqamda gəlib bölgədə ermənilərin əvəzinə vuruşmalı deyildi ki. Moskva sağlam məntiqlə onlara dedi ki, işğal etdiyiniz torpaqlardan çıxın, onları öz sahibinə qaytarın. Razılaşmadıalar. Dedilər ki, yox, siz Türkiyəni saxlayın, Azərbaycanla özümüz bacararıq. Amma bacarmadılar, orduları darmadağın edildi, indi bütün təqsiri rusun üstünə atırlar.
Qriqoryanın məlum bəyanatı Paşinyan hakimiyyətinin daxilindəki ab-havanı, onun Rusiyaya, Qərbə, Amerikaya gerçək münasibətini üzə çıxardı. Bu problemi özləri yaradıblar, çıxış yolunu da özləri tapsınlar.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
– Ermənistan müstəqilliyini qazanandan sonrakı uzun illər boyu Rusiyanın yaxın müttəfiqi olub. Bundan başqa, İrəvan Moskvanın Cənubi Qafqazda güclənməsi üçün hər cür şəraiti yaradıb. Bunun əvəzində Rusiya Ermənistana 5 milyard dollar dəyərində silah-sursat verib. Bu fakt 1997-ci ildə rus generalı Roxlin tərəfindən açılmışdı. Yəni, ötən müddət ərzində ermənilər mütəmadi olaraq Rusiyadan silah alıblar. İkinci Qarabağ müharibəsində də Moskva bu əməliyyatları davam etdirib. 2020-ci ilin oktyabrında Rusiya, demək olar ki, hər gün Xəzər dənizi və İran vasitəsilə Ermənistana müxtəlif silahlar göndərirdi. Hazırda Paşinyan və onun komandası Kremllə münasibətlərinin korlandığını nümayiş etdirməyə çalışır. Onda sual olunur ki, bu halda niyə Ermənistan Suriyaya sülhməramlı kontingentini göndərib? Deyə bilərlər ki, bunu Koçaryan, sonra da Sarkisyan hakimiyyəti edib. Amma 2018-ci ildən bu yana Paşinyan iqtidarı da Rusiyanı bütün müstəvilərdə dəstəkləyib. Konkret olaraq Krım məsələsində İrəvan Rusiyanı birmənalı şəkildə dəstəkləyib.
Paşinyan komandası indi anti-Rusiya kampaniyasına başlayıb. Bu isə Ermənistanın ikiüzlü siyasətinin göstəricisidir. Məhz Azərbaycan 44 gündə Ermənistan ordusunu, onların “böyük Ermənistan” şovinist layihəsini darmadağın etməklə Cənubi Qafqazda bütün geosiyasi vəziyyəti, paradiqmanı dəyişdi. Bəli, buna Azərbaycan nail olub. O ki qaldı, Rusiyanın Qarabağı Ermənistandan alıb bizə verməsi məsələsinə, əlbəttə ki, bunların hamısı uydurma və cəfəng mülahizələrdir.
İmran BƏDİRXANLI
XQ