Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyini reallaşdıracaq Azərbaycan başlıca hədəfini açıqlayır. Hədəf sülh və barışdır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki paylaşımı bunu deməyə əsas verir.
İstər-istəməz yada Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatının ötən il dekabrın 7-də yaydıqları birgə açıqlama düşür. O açıqlama ki, orada sülh egidası əsas götürülürdü və xoş niyyətin təzahürü olaraq Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə ərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyirdi.
Bəli, sülh məntiqi mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, sözügedən açıqlamanın ilk cümləsində bildirilmişdi ki, Bakı və İrəvan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşürlər. Həmçinin vurğulanırdı ki, Azərbaycan və Ermənistan münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edirlər.
Əlbəttə, sülh həm də etimad mühitinin mövcudluğundan asılıdır. Ona görə də açıqlamada hər iki qurumun ölkələr arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə etdikləri önə çəkilirdi. Sənəddə humanizm dəyərlərini rəhbər tutan Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə, öz növbəsində, 2 azərbaycanlı hərbçini azad etməyə razı olduğu vurğulanırdı və bu razılaşma dərhal həyata keçirildi.
Qeyd edək ki, haqqında söz açdığımız birgə açıqlamada Azərbaycan və Ermənistan beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadının yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırmışdı. Beynəlxalq ictimaiyyətin isə prosesə yanaşma tərzini gördük. Daha çox Bakı–İrəvan sülh razılaşması fonunda qlobal rəqabət amillərinin ön plana çıxdığını hiss etdik. Mövcud xüsusda İrəvanın sənədin məramına zidd davranışları da diqqətimizdən yayınmadı. Ancaq hesab edirik ki, ümumən Azərbaycanın ortaya qoyduğu əzm əməli nəticələrini verdi. Artıq Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ciddi işlərə start verilib və prosesin dönməz xarakter aldığını söyləmək üçün əsaslar var.
Deməli, hər bir halda sülh məntiqi başlıca yeri tutur. Azərbaycan Prezidentinin “X” sosial şəbəkəsindəki açıqlaması da prinsip etibarilə məhz bu məntiqdən qaynaqlanır. Ancaq H.Hacıyev məsələni daha qlobal miqyasda vurğulayır. Ən əsası isə sülhü geosiyasi rəqabətdən qorumaq amalını hədəf seçir. Prezidentin köməkçisi ölkəmizin təşəbbüsünün Olimpiya atəşkəsindən ilhamlandığını vurğulayır və bütün diqqəti iqlim dəyişikliyi ilə bağlı aktual problemlərin həllinə, ölkələri mövcud istiqamətdə birgə səylərdə birləşdirmək məqsədinə yönəldir.
Bəli, Azərbaycan geosiyasi rəqabət mühitinin ən müxtəlif təzahür formalarını yaxşı görür. Nəzərə alaq ki, bu rəqabət bir çox hallarda bəşəri dəyər və prinsipləri tam arxa plana atır, onları manipulyasiya predmetinə çevirir. Bəzi ölkələr həmin prinsipləri digərlərinə qarşı alət kimi istifadə edirlər. Biz dünyada ikili standartlar siyasətinin var gücü ilə özünü göstərdiyini müşahidə edirik. Ayrı-ayrı dövlətlər onun fəsadlarından sığortalana bilmirlər. Nəticədə xalqlar, sadə insanlar əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, tələf olurlar. Mövcud xüsusda Rusiya–Ukrayna müharibəsinin son dərəcə ağır nəticələrini vurğulamaq mümkündür. Ancaq onu da görürük ki, bəzi qüvvələr həmin savaş fonunda yenə siyasi spekulyasiyalarından əl çəkmirlər. Bu baxımdan bir neçə gün sonra İsveçrədə, guya, Ukrayna probleminin həllinə dəstək məqsədi ilə keçiriləcəyi bildirilən Qlobal Sülh Sammitini də misal çəkmək mümkündür.
Hazırda elə bir şərait yaranıb ki, nə yayda Parisdə keçiriləcək Olimpiya Oyunlarının, nə də Bakıda noyabrda keçiriləcək İqlim Dəyişikliyi Konfransının ab-havası hiss olunur. Hazırkı durum heç bir müsbət perspektiv vəd etmir. Buna görə dünyaya sülh mesajının verilməsi mütləqdir. Azərbaycan COP29-a evsahibliyini gerçəkləşdirəcək ölkə kimi bu mesajı verir. Deməli, həm də diqqəti iqlim dəyişikliyinin fəsadlarına yönəldir. Nəzərə alaq ki, həmin fəsadlar bəşəriyyəti daha çox təhdid etmək gücünə malikdir. Sual olunur: ayrı-ayrı dövlətlər nə üçün mübarizə aparırlar Üstünlük əldə etmək, daha geniş imkanlara sahiblənmək üçün. Bir halda ki, qlobal iqlim dəyişikliyi dünyanın düzənini pozmaq kimi güclü təbiətə malikdir, o zaman hazırkı mübarizəyə dəyərmi Əlbəttə ki, dəyməz. Axı müharibələrlə, qanlı qarşıdurmalarla ətraf mühitə zərər tendensiyasının doğurduğu laqeydlik davam etsə, uğrunda mübarizə aparılan məqsədlər heçə enəcək. İqlim dəyişikliyi hər bir qlobal gücün maraq və mənafeyinin üzərindən xətt çəkəcək. Görəsən, beynəlxalq ictimaiyyət bunu nə dərəcədə düşünür?
Təbii ki, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin fəsadlarını nəzəri baxımdan yaxşı dərk edir. Dünya üzrə aparılan müxtəlif hesablamalar var ki, onların nəticələrinə əsasən 30, 40, 50, 100 ildən sonra yer üzündəki həyatın indiki kimi olmayacağını söyləmək mümkündür. Hər kəs bundan söz açır. Ancaq sanki arxayınlıq var. Görünür, kimlərsə, hansısa qlobal güclərsə bu gün üçün yaşamağı üstün tutur, bəşəriyyətin gələcəyi barədə düşünmürlər. Heç şübhəsiz, belələri COP29-a da yalnız pristij məsələsi kimi baxırlar.
Azərbaycan isə formal görüntü və gündəliklərdən tam uzaq, real siyasət yeridir. Hər zaman da belə olub. lkəmizin beynəlxalq miqyasda qaldırdığı bütün təşəbbüslərin arxasında quru söz deyil, gerçəklik dayanır. Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi hər bir fikir reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Bir sözlə, Azərbaycan sözü havaya atmır. Ona görə H.Hacıyevin bildirdikləri həm də zamanı boşa verməməklə bağlı çağırışdır. Görünür, o, elə bu səbəbdən obrazlı şəkildə bildirir ki, velosipedi təkrar-təkrar ixtira etməyə ehtiyac yoxdur.
Bəli, COP-lar arasında sinerji və ardıcıllıq yaratmaq son dərəcə vacibdir. Deməli, bu tip konfransların məğzində dayanan məntiq nəsildən-nəsilə ötürülməlidir. Azərbaycan üçün bu ötürmədəki başlıca motiv sülhdür. Ona görə ölkəmiz İqlim Dəyişikliyi Konfransı müddətində dünyada sülh təşəbbüsünü irəli sürür. Eynilə ay Olimpiya Oyunlarında olduğu kimi. Elə bir sülh ki, səmimiyyətə əsaslansın və onun davamlılıq parametrləri üzərində düşünülsün. Düşünüləcəkmi Bu, təşəbbüsümüzə dünya dövlətlərinin hansı reaksiyanı göstərəcəyindən, müvafiq surətdə hansı əməli tədbirləri həyata keçirəcəyindən asılıdır. Gözləyək.
Ə. CAHANGİROĞLU
XQ