İran limanları Ermənistana su qapısı açacaqmı?

post-img

Ermənistanın hazırkı rəhbərliyi ölkəni düşdüyü geosiyasi dalan vəziyyətindən çıxarmaq üçün çıxış yolları axtarır. Çünki rəsmi İrəvan bunun iqtisadiyyata, əhalinin maddi rifahına törətdiyi fəsadları getdikcə daha aydın dərk edir. Er­mənistan hökumətinin 2023-cü il oktyabrın sonlarında təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsi bunun göstəricisi sayıla bilər.

Qeyd edək ki, Ermənistan dənizlərə, okeana çıxışı olmayan dünyanın 44 ölkə­sindən biridir. Ümumiyyətlə, dünya oke­anına çıxışın olmaması istənilən dövlətə siyasi və iqtisadi problemlər yaradır. Bu səbəbdən tarix boyu irili-xırdalı dövlət­lər, xalqlar böyük sərvət, qan tökmək və siyasi kapital bahasına olsa belə, açıq sulara çıxış əldə etmək üçün mübarizə aparmışlar.

Ermənistan şərqdə Azərbaycanla, o cümlədən cənub-qərbdə ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, qərbdə Türkiyə, şimalda Gürcüstanla və cənubda İranla həmsərhəddir. Ölkənin 1980-ci illərinin sonlarından Azərbaycana qarşı Qara­bağda başlatdığı separatizm hərəkatı və sonradan davam etdirdiyi işğalçılıq mü­haribəsi səbəbindən Ermənistan–Azər­baycan sərhədi bağlıdır. Eyni zamanda, qardaş Türkiyə Respublikası Kəlbəcər rayonunun 1993-cü ilin aprelində erməni hərbi birləşmələri tərəfindən işğalından sonra Ermənistanla sərhəddəki iki sər­həd nəzarət-buraxılış məntəqələrini bağ­layıb. Söhbət Qarsda yerləşən “Akyaka” və İğdırda yerləşən “Alican” sərhəd nə­zarət-buraxılış məntəqələrindən gedir.

Türkiyə hökuməti torpaqlarımız iş­ğalda olduğu dövrdə hər zaman bəyan edirdi ki, Qarabağda erməni zülmü bit­məyənədək sərhədlərin açılmasından söhbət gedə bilməz. Məlum olduğu kimi Azərbaycan xalqı və dövləti 2020-ci ilin payızında Vətən müharibəsi apararaq, işğal altındakı torpaqlarını 44 gün ərzin­də azad etdi. 2023-cü ildə isə cəmi bir sutkalıq antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunun bütün əra­zisi üzərində suverenliyimiz bərpa edildi. Beləliklə, Türkiyənin Ermənistanla sər­hədləri açmaq üçün irəli sürdüyü şərt ara­dan qalxmış olub. Amma bu şərti yerinə yetirən, BMT-nin müvafiq qətnamələrini icra edən Azərbaycan özüdür. Əgər Er­mənistan rəhbərliyi könüllü şəkildə işğal olunmuş ərazilərdən çıxsaydı, bəlkə də vəziyyət başqa cür olardı...

Ölkəmiz Ermənistanın yaratdığı mü­naqişəni, işğal faktını aradan qaldırsa da, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Ermənistan konstitusiya­sında hələ də bizə ərazi iddialarını özün­də əks etdirən müddəalar qalmaqdadır. İyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev bununla bağlı da fikirlərini bölüş­dü. Dövlətimizin başçısı bildirdi ki, Er­mənistan–Azərbaycan sülh prosesi ilə bağlı bir neçə məsələ hələ də açıq qal­maqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermə­nistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalı­dır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi: “Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətin­də və ictimai diskursunda Türkiyəyə qar­şı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Tə­bii ki, Ermənistanın hazırkı konstitusiya­sı dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağ­lanması, sadəcə olaraq, mümkün deyil”.

Ancaq Ermənistan xarici işlər nazir­liyinin dünən yaydığı açıqlama hayların xəstə təfəkkürdən əl çəkənə bənzəmə­diklərini göstərir. Onlar Azərbaycandan əməkdaşlıqla, dinc yanaşı yaşamaqla bağlı səslənən konstruktiv fikirləri sanki, yanlış interpretasiya etməyə öyrəşiblər. XİN-in bəyanatı da onlardan biri hesab oluna bilər. Hayastanın heç bir qonşu­suna, o cümlədən Azərbaycanda ərazi iddiasının olmadığının bəyan edildiyi açıqlamada daha sonra deyilib: “Ermə­nistan Respublikasının konstitusiyası və ona düzəlişlər Ermənistan Respublika­sının daxili işləridir və biz rəsmi Bakının bununla bağlı 2018-ci ildə ölkə daxilin­də başlatdığımız müzakirələrə müdaxilə cəhdlərini daxili işlərimizə kobud mü­daxilə kimi qiymətləndiririk. Eyni zaman­da, hesab edirik ki, bu cür söhbətlər sülh prosesini tormozlayır və Azərbaycanın sülhə nail olmaq üçün səmimiyyətini şü­bhə altına alır”.

Ermənistan XİN-in açıqlaması Azər­baycanın hansı təfəkkürə malik şəxslərin idarə etdikləri dövlətlə müzakirə apardığı­nı aydın şəkildə ortaya qoyur. Məhz belə bir ölkə özünün siyasəti üzündən qeyd etdiyimiz kimi, geosiyasi dalan vəziyyə­tindədir. Onun dörd qonşusundan ikisi ilə sərhədləri 30 ildən çoxdur ki, bağlıdır. Halbuki, Azərbaycan Prezidenti çıxışında ölkəmizin Ermənistanın daxili işlərinə qa­rışmaq niyyətində olmadığını aydın şəkil­də ifadə etmişdi: “Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”.

Ümumiyyətlə, Azərbaycanın dün­yanın bütün ölkələri ilə münasibətləri ərazi bütövlüyünə, suverenliyə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsipləri üzə­rində qurulub. Rəsmi İrəvanın Bakıdan verilən mesajları doğru-düzgün dərk et­məsinə, öz ideologiyalarını, cəmiyyət­dəki əhvali-ruhiyyəni dəyişmələrinə ehti­yac var. Əlbəttə, bu, zaman tələb edən işdir. Onların revanşizm ideyalarından tamamilə imtina etmələri gələcəkdə sülh sazişinin imzalanması, sərhədlərin açıl­ması, beləliklə Ermənistanıın üzləşdiyi çətinliklərdən yaxa qurtarması deməkdir. Əfsuslar olsun ki, biz revanşizm ideyala­rının təkcə müxalifətdə deyil, iqtidarda da olduğunu görürük. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlən­məlidir. Ancaq dövlət başçımızın da de­diyi kimi, biz sülh sazişinin bütün bəndlə­rinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması is­tiqamətində konstruktiv işə sadiqik.

Onu da bildirək ki, Ermənistan baş nazirinin təklif etdiyi “Sülhün kəsişmə­si” layihəsi Azərbaycanla sərhədin bir neçə yerində yeni nəzarət-buraxılış məntəqələrinin yaradılmasını nəzərdə tutur. 2024-cü il yanvarın 10-da yerli te­leviziya kanallarına müsahibə verən Pre­zident İlham Əliyev Ermənistan tərəfinə məsləhət görmüşdü ki, burada manipul­yasiyalarla məşğul olmasın. Ölkəmizin prinsipial mövqeyi bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsindən Naxçı­vana yol Mehri ərazisindən keçməlidir. Çünki erməni tərəfinin təklif etdiyi digər marşrutlar tamamilə yararsızdır və ilbo­yu həmin marşrutlardan istifadə etmək mümkün olmayacaq. Ərazidə qışda iqlim və relyef də çox sərtdir. Sovet İttifaqı za­manında da dəmir yolu Mehri ərazisindən keçib. Prezident bildirmişdi ki, əks-təqdir­də, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, Bakının dediyi marşrut açılma­sa, biz Hayastanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər.

Baş verən proseslər fonunda 2024-cü il mayın 13-də Hindistan və İran ara­sında Çabahar limanının icarəyə veril­məsi haqqında saziş imzalanması İrəvan üçün göydəndüşmə olub. Qeyd edək ki, sazişə əsasən, razılaşma 10 il sonra yenilənəcək və limanın idarəçiliyi Hindis­tanda qalacaq. Hindistan Errmənistana hər cür dəstək verən, son illərdə onunla əməkdaşlığı daha üstün səviyyəyə qal­dıran, müxtəlif çaplı silah-sursat tədarük edən ölkədir. İranla Ermənistan arasında da yüksək səviyyəli münasibətlərin oldu­ğu bir gerçəklikdir. Aydın görünür ki, üç ölkə birləşərək regionda “İrəvan–Tehran–Nyu-Dehli oxu” formalaşdırmaq istəyirlər. Bugünlərdə Ermənistanın “CoolCargo” MMC adlı ekspeditor şirkəti öz coğra­fiyasının genişləndiyini və İranın şimal (Ənzəli) və cənub (Çabahar) limanların­da yeni filiallar açdığını elan edib. Qeyd edilib ki, bu addım Şimal–Cənub marş­rutlarında, eləcə də Asiyadan Ermənista­na, Avropaya və MDB ölkələrinə gedən marşrutlarda səmərəli nəqliyyat kom­munikasiyasını təmin etmək məqsədini daşıyır. “Baqramyan 26” teleqram kanalı yazıb ki, Ənzəli liman filialı Şimal–Cənub marşrutu üzrə Rusiya və MDB ölkələrini İranla, həmçinin Asiya və Afrikanı (Hind okeanı vasitəsilə) birləşdirən əsas qov­şaq rolunu oynayır. Bu isə Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələri üçün logistika imkanlarını genişləndirməyə imkan verir.

Həmçinin, Çabahar limanındakı filia­lın Asiyadan İran vasitəsilə Ermənistana, daha sonra isə Avropa və MDB ölkələ­rinə yüklərin daşınması üçün yeni pers­pektivlər açdığı vurğulanıb. Bu limanın beynəlxalq ticarətdə mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, Asiyanın dəniz marşrutlarına Hind okeanı vasitəsilə bir­başa çıxış malların idxal-ixrac prosesi­ni xeyli asanlaşdıracaq. Habelə, İranın strateji əhəmiyyətli limanlarında filialların açılmasının “CoolCargo” MMC-yə əsas marşrutlar üzrə nəqliyyat kommunika­siyalarının səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etdiyi qeyd olunur.

Ancaq hansı limanda filial yaratmaq­dan, hansı qapıların erməni şirkətlərinin üzünə açılmasından asılı olmayaraq, bu ölkə başa düşməlidir ki, onun iki ölkə ilə sərhədləri bağlı qaldıqca hər hansı cid­di inkişafdan söhbət gedə bilməz. Eyni zamanda, Şimal–Cənub beynəlxalq nəq­liyyat dəhlizinin, xüsusən də onun qərb marşrutunun açar dövləti Azərbaycandır. Şimal–Cənub məhz Azərbaycan ərazi­sində daha bir vacib layihəyə – qlobal Cənubun istehsalçılarını avropalı isteh­lakçılarla birləşdirən Transxəzər marşru­tuna (Orta dəhliz) inteqrasiya olunub.

Mövzu ilə bağlı fikirlərini öyrən­diyimiz “Qafqaz tarixi” mərkəzinin rəhbəri Rizvan Hüseynov bildirdi ki, Azərbaycanın 2020-ci ildə qazandığı ta­rixi qələbənin mühüm elementlərindən biri üçtərəfli bəyanatda Naxçıvana dəh­lizin açılmasına dair bəndin salınması idi. Onun sözlərinə görə, Zəngəzur dəh­lizi həm siyasi, həm də iqtisadi cəhətdən strateji əhəmiyyətə malikdir. Dəhliz Azər­baycanın əsas hissəsini Naxçıvan MR-lə birləşdirməkdən əlavə, ölkəmizi qardaş Türkiyə ilə, bütövlükdə Türk dünyasını birləşdirməlidir. Ancaq Ermənistan verdi­yi sözü yerinə yetirmir və üç ildən çox­dur ki, bu dəhlizi açmaqdan imtina edir. Bunun əvəzində “Sülhün kəsişməsi” kimi cəfəng təşəbbüslər irəli sürür.

Ekspertin fikrincə, İrəvan indi gözünü İran limanlarına dikib. Bu yolla Ermənis­tana silah-sursat daşınmasının daha da asanlaşacağına ümid edir. Ancaq 2020-ci və 2023-cü illərin hadisələri Ermənista­na dərs olmalıdır. Onlar bundan sonra da ölkəmizə qarşı hansısa addımlar atacaq­ları təqdirdə artıqlaması ilə cavablarını alacaqlar.

Səxavət HƏMİD
XQ



Siyasət