Qarabağda konsulluq – prinsiplərimizin “olmaz!” məntiqi

post-img

Müqəddəs bölgəmiz siyasi avantüra üçün rəqabət meydanı deyil!

Azərbaycanın Qarabağ bölgəsində xarici ölkələrin konsulluqlarının açılması ilə bağlı məsələnin gündəmə gəldiyini görürük. Daha doğrusu, mövcud istiqamət­də müəyyən meyillər nəzərə çarpır, müxtəlif fikirlər, bəyanatlar səslənir. Əlbət­tə, ilk baxışdan, bunları pozitiv qiymətləndirmək olar. Qarabağa ali səviyyəli xarici diplomatların səfərlərinin reallaşmasına təşəbbüs göstəririksə, qarşı tərəfdən adekvat yanaşmaların mövcudluğunu görürüksə, niyə konsulluq xid­məti də olmasın? Ancaq məsələnin başqa tərəfləri var və yazımızda onlardan söz açacağıq. 

Bəli, Azərbaycan dövləti Qarabağa sahiblənmək ruhunu nümayiş etdirir, bu qədim diyarın xalqımıza məxsusluğunu göstərir. Biz, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalının fəsadlarını, dağıntıları, qarətləri və talanları nümayiş etdiririk. İstəyirik ki, beynəlxalq aləm duru­mu öz gözü ilə görsün, dünyada bəşəri ci­nayətlərə qarşı müqavimət hissi möhkəm­lənsin. Biz Qarabağın timsalında haqqın nahaq, xeyirin şər üzərindəki qələbəsini göstərmək kimi amala köklənmişik. Nə­hayət, xalqımız və dövlətimiz Qarabağa sahiblənmək ruhunun tərənnümü kimi işğaldan azad edilmiş bölgələrimizdə nəhəng quruculuq işləri gerçəkləşdirir. 

Onu da deməliyik ki, aparılan ge­nişmiqyaslı bərpa və quruculuq işlərinə dünyanın dörd bir yanından şirkətlər, hol­dinqlər qoşulurlar. Yenidənqurma proses­lərində müəssisələri, firmaları iştirak edən hər bir ölkəyə təşəkkürümüzü bildiririk. Ayrıca təşəkkürümüz birbaşa o dövlət­lərədir ki, özlərinin büdcələri hesabına iş­ğaldan azad edilmiş ərazilərimizdə tədris mərkəzləri, elm və səhiyyə ocaqları inşa etdirirlər. Heç şübhəsiz, bu kimi fəaliyyət ölkələrimiz arasındakı bağları, dostluq və səmimiyyəti gücləndirəcək və gücləndirir də. Ancaq...

Nəzərə alaq ki, otuz ilə yaxın davam etmiş Qarabağ münaqişəsi Ukraynada müharibə başlayanadək postsovet mə­kanındakı ən qanlı münaqişə kimi xatır­lanırdı. Bu tipli münaqişələrdə ən çox itki verən və məhrumiyyətlərlə üzləşən xalq statusunda idik. Otuz mindən artıq şəhid. Bu, adi bir rəqəm deyil. Otuz min şəhid milyonlarla insan üçün faciə yaşantısıdır, bir insan nəslinin genefonduna vurulan ağır zərbədir. Hələ rayonların, kəndlərin və qəsəbələrin viran qalmasını demirik. Tanrıya şükürlər olsun ki, özümüzdə güc tapıb bu müsibəti və məşəqqəti aradan qaldırmağı bacardıq. Qarabağın bərpası­nı da böyük ölçüdə öz gücümüzə reallaş­dırırıq. 

İndi Qarabağa qayıdış zamanıdır. Biz doğma yurdumuza sahiblənməyin həs­rətlə gözlədiyimiz mərhələsini yaşayırıq. Elə bir mərhələni ki, onun özünün nə qə­dər əziyyətli olduğu yaxşı məlumdur.

Təsəvvür edin, işğal illərində Azərbay­canın müxtəlif bölgələrində dünyaya gəlmiş nəsil yetişib. Bu nəslin nümayəndələrinin bir çoxu həyatla, çətinliklərlə mübarizə apa­ra-apara özünə oturuşmuş düzən qurublar. Onların qayıdışında mənəvi amillərlə yanaşı, sosial-psixoloji və iqtisadi faktorlar da nəzərə alınmalıdır. Azərbaycan dövləti bu kimi məqamları hesablayır. Qarabağ və işğaldan azad olunmuş ərazilərimiz məsələsi buna görə də həmişə aktuallığını saxlayır. 

Ölkəmizdə Böyük Qayıdış Proqramı icra olunur. Bu, elə bir fundamental proqramdır ki, tərkibində hər detal, hər incəlik nəzərə alınır. İnsanların məskunlaşmasından tutmuş, məş­ğuliyyətinədək bütün detallar. Nəticə etibarilə Azərbaycan dövləti, xalqı və cəmiyyəti Qara­bağa ruh işi kimi yanaşır. Belə yanaşmamız mütləqdir. Çünki 1988-1993-cü illərdə həs­saslıqdan kənar münasibətimizin acı dərsini almışıq. Görmüşük ki, özümüzün olana sa­hiblənmək əzmimizin zəifliyi necə böyük fa­ciələrə yol açır. Qəribə səslənsə də deməliyik: Qarabağa yalnız mədəniyyət beşiyi qismində göstərdiyimiz lokal münasibət bizi mədəniy­yətdəki incə tərzə köklədi. İncəliyimizi, kü­barlığımızı zəiflik kimi qiymətləndirən düş­mən isə “hərəkətə” keçdi... 

Nəhayət, Qarabağ mövzusunun siyasiləş­diyinə şahidlik etdik. Zamanında üzümüzə bu sözlər də deyildi ki, Qarabağ Azərbay­can xalqı üçün biçilmiş tərs aqibətdir. Bunu deyən xaricilər, sapı özümüzdən olan balta­lar istədilər ki, reallıqlarla barışaq. Qaraba­ğı unutmağımız üçün çox cəhd göstərdilər. Yaddaşımızı silməyə girişənlər tapıldı. Xüsu­si beyin mərkəzlərini işə salanlar da həmçi­nin. Beş, on, on beş, iyirmi, otuz ildən sonra Azərbaycan insanın Qarabağ düşüncəsi necə olacaq - bu istiqamətdə hesablamalar apardı­lar, tədqiqatlar gerçəkləşdirdilər. Doğma yurd yerlərimizi unudacağımız üzərinə siyasi sər­mayə yatırmaq kimi vicdansız davranışlarını gördük. Nəzərlərində sanki təcrübə dovşanı idik. Fəqət, səbr etdik, anımızı gözlədik və zərbəmizi vurduq...

Ermənistan işğalçıdır, bu, öz yerində. An­caq işğalla barışmağımızı istəyən xarici qüv­vələr başımıza gələnlərdə, ən azı, Ermənistan qədər müqəssirdirlər. Hətta daha çox günah­kardırlar. Çünki işğalçıya “dur” demədilər, onun azğınlığını leqallaşdırmaq yolu tutdular. Bu gün isə güclüyük. Başımızda-böyrümüzdə dolanırlar, guya bizə həmdəmdirlər, dəstək­dirlər. Harada idilər otuz il müddətində? Nə edirdilər? Hər şey məlumdur. 

Bəli, unutmuruq, çünki unutduğumuz za­man unudulduğumuzu gördük. Daha səhv et­məyə haqqımız yoxdur. Bu xalq bir daha acı­lara hamilə qala bilməz. Ona görə də Qarabağ həssaslığımız həmişə yüksək olmalıdır. İmkan verməməliyik ki, Qarabağ mövzusu hansısa şəkildə siyasiləşsin, siyasi rəqabət məsələsinə çevrilsin. Belə ehtimalları, şübhələri kənar­laşdırmalı, mövcud istiqamətdəki cəhdlərin qarşısını qətiyyətlə almalıyıq. Deməli, indi­ki dövrdə Qarabağın müxtəlif bölgələrində konsulluqlar, diplomatik nümayəndəliklər açılması məsələsi aktual olmamalıdır. Funda­mental baxış budur və bunu hamı – dostlar da, tərəfdaşlar da başa düşməlidirlər. 

Tam dərk edilməlidir ki, Qarabağ mədəni mərkəz olmaqla yanaşı, ruhumuzun daşıyıcısı olan məkandır. Bölgə Azərbaycan mədəniy­yəti və tarixinin beşiyidir öz yerində, habelə, azərbaycanlı kimliyinin formalaşmasının əsas elementidir. Müqəddəsliyimiz üzərinə oyun oynanılmasını, hətta bununla bağlı ehtimalı belə yaxın qoymadığımızı hamı tam mənada bilməlidir. 

Qarabağın hər guşəsində torpağı qanı ilə suvarmış igidlərimizin ruhu dolaşır. Onlar ona görə canlarından keçməyiblər ki, kimlərsə, hansısa dövlətlərsə Qarabağın çəmənlərinə, dağlarına siyasi düzən olaraq baxsınlar. Onlar ona görə canlarını fəda etməyiblər ki, iki yüz illik erməni məsələsinin puça çıxmasında mü­hüm nöqtə sayılan Qarabağımız yenidən qlo­bal siyasi gündəmin mübarizə və mübahisə ritorikası baxımından əlverişli olsun. 

Bu gün qətiyyətlə deyə bilirik ki, Qara­bağ Azərbaycandır. Bunu dilə gətirmək, bu fəxri və qüruru yaşamaq qədər dərin, mənəvi rahatlıq verən heç bir hiss yoxdur, ola da bil­məz. Qarabağ tarix boyu itirdiyimiz torpaq­ların geri qayıdacağının müjdəsidir, zaman adlı amansız məhfumun diktə etdiyi şərtlərin çilik-çilik olduğu, ilahi ədalətin boy verdiyi məkandır. Bəşəriyyət üçün nümunəvi mə­kan. Elə bir məkan ki, hər qarışına dünyanın heyrətlə yanaşdığı qəhrəmanlıq və şücaət toxumları səpilik. O toxumların üzərində heç bir siyasi məhsul boy verə, şaxələnə bilməz. Biz o toxumlar üzərində avantüra cücərtilə­rinin yaranmasına nəinki imkan vermərik, bu istiqamətdəki səylərə ən kiçik şansı belə tanımarıq. 

“Qarabağ Azərbaycandır” nidası yalnız deyim deyil, ideologiyadır, bizi parlaq gələ­cəyə daşıyacaq məfkurədir. Qarabağ mili kimlik, milli şüur və özünüdərk simvoludur. Qarabağ müasir dövrdə türk faktorunun diriliş salnaməsidir. Dirilişimizin nəhəngliyə açılan qapısıdır Qarabağ. O, düşüncəmizin intibah dastanıdır. Elə bir dastan ki, nəsillərə miras qalacaq varlıq xəzinəmizdir. Bu xəzinə bizə məxsusdur. Biz bizə məxsus olanı əlimizdə, ovucumuzda bərk-bərk saxlamağa, qoruma­ğa, sadəcə, məhkumuq. İkili standartların, qeyri-adekvat yanaşmaların qarşısına çıxan bütün müqəddəslikləri silib-süpürmək poten­sialını özündə yaşatdığı hazırkı qlobal mühit­də həm də tapındığımız dəyərdir Qarabağ. Bu dəyərin siyasi ambisiyaların xisləti ilə çirk­lənməsinə izn vermərik. 

Onu da düşünmək lazımdır ki, hansısa şəhərdə, bölgədə istər diplomatik, istərsə də ticari nümayəndəliklərin açılması adi məsələ deyil. Bunun üçün müəyyən sosial sifariş ol­malıdır. Yəni, elə bir durum formalaşmalıdır ki, bu tipli fəaliyyətin gerçəkləşdirilməsinə əsas yaransın, təbii zərurət duyulsun. Əlbəttə, Qarabağımız, eləcə də işğaldan azad olunmuş digər bölgələrimiz günü-gündən çiçəklənir. Şübhə yoxdur ki, yaxın beş-on il ərzində müqəddəs yurd yerlərimiz mədəni olmaqla yanaşı, həm də iqtisadi mərkəzlərə çevriləcək. Ona görə gələcəkdə Qarabağımızda konsul­luq xidmətlərinin və digər diplomatik və ticari mərkəzilərin fəaliyyəti üçün zəmin formala­şa, yəni ehtiyac yarana bilər. Məhz o zaman siyasi xarakterli yanaşmalar sıradan çıxacaq, mövcud istiqamətdə hansısa şübhə yeri qal­mayacaq. Ümid və arzu edək ki, həm də o şəraitin yetişməsi üçün göstərdiyimiz beş-on illik müddət daha qısa olacaq, Qarabağımız, Azərbaycanımız, bütövlükdə Cənubi Qafqaz coğrafiyası dünyanın, sözün əsl mənasında, qibtə ilə yanaşdığı sülh məkanına çevriləcək. Bunun yolu isə bugünkü prinsipiallığımızdan keçir. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət