İyun ayından başlayaraq “Bakı Metropoliteni” QSC-nin stansiya və tunellərinin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək.
Məlumatı Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov verib.
Onun sözlərinə görə, ötən ilin ilin yay aylarından Bakı metrosunda bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılaraq, monitorinqin nəticələri əsasında tunellərdə mikroiqlim sisteminin vəziyyəti təhlil edilib. Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib.
“Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır. Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində Yaşıl və Qırmızı xətlərdə olan ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyaların açıq sahələrinin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə, işçi qrupların müntəzəm monitorinqləri aparılacaq”,-deyə baş mühəndis qeyd edib.