Ermənistan baş naziri Qarabağa görə müharibəyə hazırlaşmadığını bəyan etdi
Ermənistanda siyasi ehtiraslar soyumaq bilmir. Səbəbi məlumdur. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalar erməni cəmiyyətində müxtəlif siyasi qüvvələri baş nazirə qarşı hərəkətə gətirib.
Baş nazir Nikol Paşinyan eyni vaxtda həm parlamentin müxalif fraksiyalarına, xaricdən təlimatlandırılan ekslərin bəyanatlarına, həm də tavuşluları ona qarşı qaldıran separatçılara cavab vermək məcburiyyətində qalıb. Onun sülh istiqamətində atdığı addımları həzm edə bilməyən müxalif düşərgə əhalini kütləvi aksiyalara, “İstefa!” tələbi ilə küçələrə çıxmağa çağırır. Amma baş nazirin Azərbaycanın dörd kəndi ilə bağlı məlum qərarından sonra baş verəcəklərə heç də hazırlıqsız olmadığı görünür.
Özbaşına buraxılmış “müxalifət”
“Ermənistan Dağlıq Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan ingilis jurnalistlərə onlayn müsahibəsində deyib. Bu barədə hökumətin mətbuat katibi Nazeli Baqdasaryan özünün “Facebook” səhifəsində paylaşım edib.
Bir qrup vətəndaş Tavuşdakı vəziyyətlə əlaqədar Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Paşinyana qarşı şüarlar səsləndiriblər: “Sizin torpaq vermək, ölkəni təhlükəyə atmaq, bizə xəyanət etmək, Vətəni təslim etmək mandatınız yoxdur! Postunuzu tərk edin!”. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla iki saatlıq görüşdən sonra hökumət binasını tərk edən Tavuş vilayətinin kənd icma başçıları az sonra yenidən binaya qayıdıblar. “Armenpress”in məlumatına görə, bu dəfə icma başçılarını Paşinyan özü qəbul edib. Görüşün nəticələri ilə bağlı məlumat verilməyib.
Tam əminliklə söyləmək olar ki, Ermənistan müxalifətinin sülh prosesinə mane olmaq cəhdləri fiaskoya uğrayıb. Axı, bu ölkənin müxalifətinin özəyini rusiyayönümlü qüvvələr təşkil edir. Amma Ağ Ev və Brüssel kimi, Moskva da dörd kəndin geri qaytarılmasını, demarkasiya prosesinin başlanmasını alqışlayıb. Deməli, əldəqayırma müxalifət həm maliyyəsiz, həm də “sosial bazasız” qalıb. Yaranmış durumda hansısa keşişin, ehtiyatda olan polkovnikin, bir neçə deputatın, kənd icmalarının rəhbərlərinin etiraz və iddiaları havadan asılı qalır. Prosesi dəstəkləyənlər isə həmin ərazilərin vaxtı ilə Ermənistan ordusu tərəfindən işğal faktını etiraf ediblər.
Amma baş nazirin məsələ ilə bağlı ingilis jurnalistlərə söylədiklərini erməni mediası geniş tirajlayıb. Paşinyan deyib: “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur. Biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq. Əvvəl də qeyd etmişdik ki, Ermənistan hökuməti hazırda yaşayışın olmadığı Azərbaycanın dörd kəndində – Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanis-Ayrıma insanların normal qayıdışı üçün addımlar atmağa başlayıb. Bu proses nəticəsində Ermənistanın Voskepar, Kirants, Berkaber kəndlərinin sakinlərinin də öz evlərində sakit və rahat həyat sürməsi mümkün olacaqdır”.
Sabiq nazir Paşinyanı dəstəklədi
Artıq Azərbaycan–Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib. Məlumatda bildirilir ki, hökumətlərarası komissiyanın səkkizinci görüşündə əldə edilən razılaşmalara müvafiq olaraq 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Əslində, bu prosesi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan çox vacib addımlardan biri kimi qiymətləndirmək doğru sayılar.
İndi Ermənistanda reallığı olduğu kimi qəbul edib, düşdükləri vəziyyətdən çıxış yolunun yalnız sülhə açılan qapılardan keçdiyini anlayanlar az deyil. Onlardan biri ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyandır. “Müharibənin alternativi var. Bu yol diplomatik və siyasi vasitələrdən keçir”, – deyən keçmiş nazir hazırda xarici aktorların Ermənistanın beynəlxalq davranışına və daxili gündəliyinə öz təhlükəli təsirlərini formalaşdırmağa çalışdıqlarını deyib. İki gün əvvəl Ümumerməni Diplomatlar Şurasının mətbuat konfransında Ermənistan XİN-in sabiq rəhbəri A.Ayvazyan çıxışında vurğulayıb ki, indiki şəraitdə diplomatiya istər-istəməz dövlətçiliyin əsas müdafiə xəttinə çevrilir: “Biz, Xarici İşlər Nazirliyi yaradılmasında xidmətləri olmuş diplomatlar kimi öz sözümüzü deməliyik. Bu gün həyata keçirilən xarici siyasətin alternativi yoxdur. Yəni, alternativ müharibədir. Yaxın günlərdə Ümumerməni Diplomatlar Şurası “dəyirmi masa” təşkil edəcək və orada gündəliyi eyni konturlarla təqdim edəcəyik”.
Tehran sükutu pozdu
Aprelin 19-da Azərbaycanla Ermənistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə əldə edilən razılaşmanı Rusiya, Türkiyə, Almaniya, ABŞ və Aİ-nin əksər ölkələri alqışlayıb. Amma, nədənsə, Tehranın baş vermiş bu önəmli fakta münasibəti bir qədər ləngidi. Razılaşmanın üstündən beş gün keçəndən sonra Tehran sadəcə, XİN sözçüsü səviyyəsində bu qərara “hörmətlə yanaşdığını” bəyan etdi: “Biz Azərbaycanla Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”.
Bakı İrəvanla münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha bəyan edib. “Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq konfransda söyləyib. Hazırda tərəflərdə sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışın formalaşdığını qeyd edən cənab Prezident “Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə əlavə edib. Dövlətimizin başçısı çıxışında Azərbaycan Ermənistan ərasizində eksklav sayılan dörd kəndinin taleyinə də toxunub: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.
İki stulda oturmağın sonu
“Nikol Paşinyan yenə eyni vaxtda iki stulda əyləşmək “taktikasından” yararlanmaqda davam edəcək, yoxsa, bu dəfə mövqeyini tam dəqiqləşdirəcək?”. Ermənistan mediası məhz bu kontekstdə Nikol Paşinyanın yaxın bir ay ərzində Moskvada keçiriləcək üç vacib tədbirdə iştirak edib-etməyəcəyi ətrafında fəal diskussiya açıb. Rusiya paytaxtında ard-ara düzənlənəcək tədbirlərin birincisi mayın 7-də Prezident Vladimir Putinin andiçmə mərasimi, ikincisi mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammiti və üçüncüsü, mayın 9-da faşizm üzərində qələbənin 79-cu ildönümü ilə bağlı keçiriləcək Qələbə paradıdır. Bu sırada Qələbə gününü xüsusi vurğulayan “Hraparak” qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti Kremllə intriqaları davam etdirsə də, hökumət aparatından bildirilib ki, baş nazirin səfərləri barədə əvvəlcədən müvafiq qaydada məlumat veriləcək. Eyni zamanda, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi mesajı bu məsələyə müəyyən qədər aydınlıq gətirib: “Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri şəxsən müzakirə edə biləcəklər”.
Burada söhbət Ermənistan liderinin Moskvaya gözlənilən səfərindən gedir. Rəsmi İrəvanın son vaxtlar Rusiyaya qarşı kəskinləşən siyasi ritorikası, o cümlədən, aprelin 5-də Brüsseldə keçirilən Aİ–ABŞ–Ermənistan formatında görüşlə bağlı Kremlin Paşinyandan cavabını gözlədiyi xeyli sualları yığılıb. Keçən həftə RF XİN rəsmisi Mariya Zaxarova ənənəvi brifinqdə Moskvanın Ermənistandan ABŞ və Avropa İttifaqı ilə “hərbi-siyasi razılaşmalar” barədə yayılan məlumatlara dəqiq reaksiya gözlədiyini bildirəndə də məhz bu məsələni nəzərdə tuturdu. İqtisadiyyatının 35-40 faizi Rusiyanın hesabına formalaşan Hayastana qeyri-rəsmi yollarla hər ay milyardlarla dollar maliyyə axını var. Yəni, Moskva səfərində Paşinyan bütün bu məsələlərə aydınlıq gətirməli olacaq. İrəvan yaxşı başa düşür ki, artıq eyni vaxtda “iki stulda oturmaq” mümkün olmayacaq.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Nikol Paşinyan son dərəcə ziddiyətli siyasətçidir. Onun bu günə qədərki təzadlı, bir-birini təkzib edən açqlamaları kimi, indi verdiyi bəyanatı da bizdə müəyyən şübhələr doğurur. İndi belə bir sual yaranır: əgər, o, anlayır və qəbul edirsə ki, Qarabağ Azərbaycana məxsus ərazidir, onun torpağıdır, onda 44 günlük müharibədə erməni zabit və əsgərləri nəyin uğrunda vuruşurdular? Minlərlə itkini nəyə görə verdi? Onlar nəyi kimdən müdafiə edirdilər? Ortaya bu cür sualların çıxması təbiidir.
Paşinyanın nə dərəcədə səmimi olduğu qeyri-müəyyəndir. Onun az sonra buna tamamilə əks bəyanat verə biləcəyi gözləniləndir. Əlbəttə ki, bölgədə vəziyyət kökündən dəyişib və Ermənistan baş naziri yaxşı başa düşür ki, Azərbaycanla baş-başa gəlmək onun özünün maraqlarına cavab vermir. Çünki, Bakı bütün hallarda ona elə adekvat cavab verə bilər ki, o, hakimiyyəti itirər. Məhz bunu anladığı üçün indi bu xarakterli bəyanatlarla çıxış edir.
Hazırda iki ölkənin sərhədində delimitasiya prosesinə start verilib. Aydın məsələdir ki, Azərbaycan geri aldığı dörd kəndlə kifayətlənməyəcək. Gündəlikdə daha dörd kənd durur. Bundan başqa, Zəngəzur dəhlizi, Ermənistan konstitusiyasında qonşularına qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması məsələləri var. Bütün bu məsələlər öz həllini tapandan sonra sülh sazişini imzalaya, dinc və təhlükəsizlik şəraitində yaşaya bilərik. O zaman Paşinyanın ziddiyyətli bəyanatları bizi heç maraqlandırmayacaq.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Ermənistan baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqları anladı. Onu da başa düşdü ki, Azərbaycanla növbəti müharibə ölkəsini fəlakətə sürükləyə və bu, onun hakimiyyətinin sonun yaxınlaşdıra bilər. Ermənistan ordusu hələ də özünə gəlməyib, aldıqları silahlar da işə yaramır. Məhz belə bir vəziyyətdə Paşinyan qəbul edir ki, əsas məqsədi Azərbaycanla razılaşmaların sayını artırmaqla, son nəticədə sülh sazişini, yaxud da çərçivə sənədini imzalamaq olmalıdır. Bunun üçün sərhədlərin delimitasiyası ilə bağlı Bakının tələblərini yerinə yetirməyə məcburdur. Paşinyan bunları Ermənistan ictimaiyyətinə anlatmaqla məşğuldur.
O, həm də Qarabağ səhifəsinin Ermənistanın üzünə bağlandığını da başa düşür. Qarabağdan köçmüş həmin ermənilər özləri etiraf edirlər ki, İrəvanın onları geri qaytarmağa gücü yoxdur. Bu məsələ Ermənistan hakimiyyətinin gündəmində durmur. Amma elektorat yenə də Paşinyanı dəstəkləyir. Cəmiyyətin sifarişi ondan ibarətdir ki, baş nazırləri Azərbaycanla tezliklə razılaşma əldə etsin. Dörd kəndi qaytardığına görə revanşistlər, radikallar Nikol Paşinyanı “satqın” adlandırsa da, görürük ki, onlar İrəvanda insanları küçələrə çıxara bilmirlər.
Erməni cəmiyyəti yorulub, heç müxalifətin də taqəti qalmayıb. Onlar müharibədə məğlub olmuş Paşinyana ona görə baş nazir mandatına verdilər ki, bir daha müharibə olmasın və hökumət Azərbaycan və Türkiyə ilə problemlərini həll etsin.
İmran BƏDİRXANLI
XQ