Yaxud ədalət və qətiyyətin siyasi-diplomatik mükafatı
Laçın – Xankəndi yolunun Ermənistan qovuşduğu yerdə Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü sülh prosesinə daha bir töhfə ilə əlamətdar oldu. Dünən yayılan xəbərdə bildirildi ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
İki dövlət arasında ilk sərhəd dirəklərinin quraşdırılması son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Son 36 ildə millətçi separatizmin tüğyan elədiyi, dövlət siyasəti səviyyəsinə qaldırıldığı ölkənin Azərbaycana qarşı qanlı təcavüzkarlığı və dağıdıcı ışğalçılıq əməlləri iflasa uğrayandan sonra sülhdən başqa yol qalmadı. Qarabağdakı xunta rejiminin mövcudluğuna son qoyulsa da, sülh masası arxasına keçmək istəməyən, müxtəlif manipulyasiyalarla prosesdən yayınan Ermənistan ölkəmizin siyasi və diplomatik iradəsi qarşısında, nəhayət, ötən həftə geri çəkildi. 30 il Azərbaycanla güc məntiqi ilə danışan işğalçı ölkə “dəmir yumruğ”un zərbəsi ilə diz çökəndən sonra yeni geosiyasi vəziyyətlə barışmağa məcbur oldu.
Dünən iki ölkənin sərhədd xəttində basdırılan ilk sərhəd dirəkləri məğlub erməni sparatizminin tabutuna vurulan mismarlar anlamına gəlir. Bu başlanğıc həm də rəsmi İrəvanın Bakının birbaşa sülh danışıqları təşəbbüsünü qəbul etməsidir. Bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli siyasəti və diplomatik məharəti ilə Azərbaycan dövlətinin qazandığı növbəti tarixi uğurdur. Azərbaycan üstün iqtisadi gücü, möhtəşəm hərbi qüdrəti ilə Ermənistanı sülhə məcbur etdi.
Onu da deyək ki, Ermənistan rəsmilərinin son aylardakı açıqlamaları sübut edir ki, rəsmi İrəvan artıq Azərbaycanla yekun sülh sazişini imzalamaqdan başqa yolunun olmadığını anlayır. İrəvan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların bərpası istiqamətində praktik addımlar atılmasının qaçılmaz proses olduğunu qəbul etdi. Başqa yolu yoxdur. Ermənistan Qərbdəki havadarlarından dəstək ala bilmədi, rəsmi Bakı həmin ölkələrin ölkəmizə qarşı əsassız təzyiq cəhdlərini inamla zərərsizləşdirdi. Antiterror tədbirlərindən sonra ölkəmizə qarşı təzyiq cəhdləri sıradan çıxdı, beynəlxalq ictimaiyyətdən gözləntilər özünü doğrultmadı. Fransa–Ermənistan tandeminin əsassız iddialarla BMT-nin Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qərarların qəbuluna yönələn səyləri iflasa uğradı. İlk sərhəd dirəyi həm də buna vurulan mismardır.
Ötən müddətdə Azərbaycanın, guya, Ermənistanı hərbi təhdidlərə məruz qoyan və yeni hərbi əməliyyatlara hazırlaşan, bu ölkənin ərazi bütövlüyünü tanımayan tərəf kimi təqdim etmək cəhdləri də beynəlxalq arenada ciddi qarşılanmadı. Rəsmi Bakının diplomatik səriştə ilə son bir ildə Fransa, ABŞ və Avropa İttifaqının ermənipərəst vasitəçiliyindən imtina kursu da özünü doğrultdu. Ermənistanı Rusiyanın təsirindən çıxararaq öz forpostuna çevirməyə çalışan Qərb ölkələrinin təxribatçı bəyanat və açıqlamaları isə sadəcə, Ermənistana təsəlli xarakteri daşıdı. Nəhayət, Ermənistanın Qərbdəki havadarlarına güvənərək fevral ayında şərti sərhəddə yeni təxribatlar törətmək cəhdinin qarşısını Silahlı Qüvvələrimiz anında və qətiyyətlə aldı.
ABŞ və Avropa İttifaqının Ermənistana iqtisadi-hərbi dəstək göstərmək məqsədilə keçirdiyi 5 aprel görüşünə Azərbaycanın prinsipial etirazını qarşı tərəf geosiyasi təhdidlərə çevik müqavimət əzmi kimi qəbul etməli oldu. Gərginliyin artdığı bir zamanda ABŞ-ın Dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi və aparılan müzakirələr bu ölkənin Azərbaycandakı maraqlarının və mövqelərinin zəifləməsində maraqlı olmadığını təsdiqlədi. Bütün bu proseslərin gedişi göstərdi ki, yekun sülh müqaviləsinin imzalanmasının gecikməsi Ermənistanın öz əleyhinə işləyir, onu müəyyən Qərb ölkələrinin əlində vasitəyə çevirir. Beləliklə, Ermənistan hakimiyyəti Qərbdəki havadarlarına arxalanaraq, sülh prosesinə xələl gətirən, prosesi süni şəkildə yubadan addımların mənasızlığını dərk etməli oldu.
Aprelin 19-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, eləcə də delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü iki ölkə arasında uzun illərdən bəri davam edən gərginliyin azaldılması, yekun sülh sazişi layihəsi üzərində aparılan işin sürətləndirilməsi baxımından önəmli addım oldu. Əldə olunmuş razılaşmaya əsasən, sərhəd xətti Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçəcək, beləliklə, Qazax rayonun işğal altında olan 4 kəndi birinci mərhələdə Azərbaycana təhvil verilir. Tərəflər sərhədin bütün digər hissələrinin, o cümlədən, anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə də razılığa gəliblər.
Ümumiyyətlə, delimitasiya komissiyasının son iclasları iki ölkə arasında mübahisəli məsələlər ətrafında fikir mübadiləsinin aparılması, qərarların qəbulu baxımından səmərəli platforma rolunu oynadı. Məhz bu zəmində ilk dəfə olaraq iki ölkənin ərazi mübahisəsinin dinc yolla tənzimlənmə mərhələsinə daxil olmasını beynəlxalq ictimaiyyət də yüksək qiymətləndirdi. Yekun sülh sazişinin imzalanması istiqamətində növbəti addım olan bu razılaşma regionu geosiyasi rəqabət meydanına çevirmək istəyən qüvvələrin, eləcə də Ermənistanın rəsmi Bakının qətiyyətli, prinsipial mövqeyi qarşısında geri çəkilməsi deməkdir.
İrəvandan fərqli olaraq, rəsmi Bakı danışıqlar prosesinin hansısa qlobal güc mərkəzinin inhisarına alınmasında, sülhyaratma prosesində üstün tərəf kimi çıxış etməsində maraqlı deyil və bunu yolverilməz hesab edir. Azərbaycan növbəti dəfə sübut etdi ki, qlobal güclərin iştirakı olmadan da danışıqlar aparmaq, real nəticələr əldə etmək mümkündür. Hadisələrin məntiqi göstərir ki, Ermənistan sülhü və sabitliyi hansısa Qərb ölkəsində, digər üçüncü tərəfdə deyil, məhz Azərbaycanla birbaşa danışıqlarda axtarıb tapmalıdır.
Yada salaq ki, rəsmi Bakının hələ 2023-cü il dekabrın 13-də 32 erməni hərbi əsiri qarşı tərəfə təhvil verməsi ölkəmizin regionda sülh və sabitlik tərəfdarı olduğunu, etimad quruculuğuna xidmət edən tədbirləri təşviq etdiyini göstərdi. Əldə olunmuş ikitərəfli razılaşmanın qısa zamanda icrası da göstərdi ki, hər iki ölkə vasitəçilərin iştirakı olmadan da anlaşa və etimad quruculuğuna xidmət edən qərarlar verə bilirlər.
Ümumən, onu da bildirək ki, delimitasiya prosesi özlüyündə mürəkkəb, zaman tələb edən geotexniki prosesdir. Mövcud istiqamətdə aparılan danışıqlarla bağlı yekun qərarın verilməsi o qədər də asan deyil. Ermənistanın ötən 3 ildə danışıqlarda qeyri-hüquqi əsaslara istinad etməsi, keçmiş SSRİ-nin 1975-ci il tarixli hansısa xəritəsinə əsaslanması prosesi yubatdı. Rəsmi Bakı Ermənistanın hüquqi əsası olmayan xəritələrə əsaslanmasının düzgün olmadığını, 1973–1986-cı illərdə sabiq ittifaq dövlətində bir sıra xəritələrin hazırlandığını diqqətə çatdırdı. əsassız ərazi iddiaları səbəbindən heç bir qonşusu ilə sərhədlərini delimitasiya etməyən Ermənistanın Azərbaycanla bu prosesi özü üçün sərfəli xəritə əsasında reallaşdırmaq istəyini normal məntiq qəbul etmədi.
Nəhayət, bir daha dünən start götürmüş delimitasiya prosesinin əhəmiyyətinə toxunaq. Azərbaycan öz prinsiplərində ardıcıldır. İlk dəfə olaraq Azərbaycan və Ermənistan arasında sərhəd dirəkləri qurulur. Yekun sülh müqaviləsinə aparan dirəklər etibarlı sülhün təhlükəsizlik xəttini müəyyən edəcək. Güclü Azərbaycanın diktə etdiyi marşrutda ilk addımlarını atan sülh dirəkləri Vətənimizə, xalqımıza əmin-amanlıq mesajı göndərir.
XQ-nin analitik qrupu