Rəsmi İrəvana yaxın ekspertlər Qərbin tezislərini necə yayırlar?
Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi ilə bağlı diskussiyalar ara vermir. Rəylər müxtəlifdir. Əlbəttə, bu qərar ilk növbədə Azərbaycanla Rusiyanın bir-birinə olan inam və etimadının nəticəsidir. Hesab edirik ki, müstəqillik illərində hər iki dövlət arasında möhkəm səmimi bağlar yaranıb. Elə bağlar ki, hətta, bəzi gərginlik anlarında da durumu sığortalayıb.
Bəli, hazırda Bakı ilə Moskva qarşılıqlı olaraq “qırmızı cizgiləri” qorumağı bacarırlar. Sülhməramlı kontingentin Qarabağı tərk etməsi bunun əyani sübutudur. Çünki Rusiyanın yerləşdiyi yeri tərk etməsi ağrılı prosesdir və bunu hər kəs yaxşı bilir. Belə nəticəyə gəlmək mümkündür ki, ölkələr arasındakı münasibətlər hazırda özünün ən yüksək səviyyəsinə çatıb.
Amma rus sülhməramlılarının Qarabağdan çıxma qərarına başqa yanaşmalar da var. Ötən saylarımızda məsələyə ABŞ başda olmaqla kollektiv Qərbin münasibətini diqqətə çatdırdıq. Qısaca deyək ki, reaksiyalar neqativdir. Qərb dünyasının yanaşmasında iki motiv var. Birincisi, “Rusiya Cənubi Qafqazdakı mövqelərini itirir” tipli sırf təbliğata hesablanmış deyimlərə nəzər salaq. Maraqlıdır ki, 2018-ci ildən sonra Kremli regiondan sıxışdırmaq niyyətli gedişlərdə başlıca alət rolunda Ermənistan çıxış edirdi. Kollektiv Qərb ona fokuslanaraq, anti-Rusiya ritorikasını işə salır və mövcud xüsusda ölkədə Rusiya hərbi bazasının varlığı məsələsi qabardılırdı. İndi paradoksal durum yaranır: Ermənistanda Rusiya hərbi bazası qalır, ancaq Azərbaycanda Rusiya hərbçiləri yoxdur. Belədə Qərbin sülhməramlılar üzərinə oynadığı “Moskvanın Cənubi Qafqazdan sıxışdırılması” təbliğatı yersizdir. Bu, bir daha onu göstərir ki, Kremllə münasibətlər səmimi əsasda qurulduqda nəticə hasil olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının ən böyük uğuru da elə budur.
Kollektiv Qərbin Rusiya sülhməramlılarının Qarabağdan çıxmalarına yönələn reaksiyalarındakı ikinci məqama diqqət yetirək. Bildirilir ki, Moskva etibarlı müttəfiq deyil. Əlbəttə, bu zaman onunla rəsmi İrəvan arasındakı əlaqələrə fokuslanma meyli nəzərə çarpır. Ənənəvi olaraq işlədilən bir deyim də var: Rusiya Ermənistanın maraqlarını satdı. Hansı maraqları? Əlbəttə ki, ön planda Qarabağ dayanır. Qərbin yanaşmasından belə aydın olur ki, Moskva bölgəni erməniləşdirməli idi. O zaman elementar sual yaranır: Rusiya Qarabağda erməni separatizmini saxlamalı idisə, nəyə görə Ermənistan hakimiyyəti erməni milli identikliyi baxımından yüksək qiymətləndirilən məsələ olduğu halda, Kremlə qarşı çıxmaq yolu tuturdu?
***
Bəli, rəsmi İrəvan yenə anti-Rusiya köklənişini davam etdirir. Bunu rus sülhməramlılarının Qarabağdan çıxmaları xüsusunda da gerçəkləşdirir. Ancaq hazırda bir qədər fərqli metod seçilib. Erməni ictimai rəyinin təmsilçiləri, hakim dairələrə yaxın politoloq-ekspert cameəsi sülhməramlıların gedişi xüsusunda Rusiyanı, bir növ, aşağılayırlar. Elə görüntü yaradırlar ki, sanki Moskva Cənubi Qafqazı güzəştə gedir. Güzəşt kimədir? Əlbəttə ki, söhbət Qərbin qarşısında geri çəkilməkdən getmir. Bildirilir ki, Kreml bölgədəki liderliyini Türkiyəyə verir. Şübhəsiz ki, belə deyimlər Rusiya ilə Türkiyə arasında nifaq salmağa hesablanıb. Üstəlik, hazırda Türkiyə ilə müttəfiq olan Azərbaycanın Rusiyanı sıxışdırması məntiqi də qabardılır. Göründüyü kimi, son dərəcə hiyləgər siyasi metod seçilib. Heç şübhəsiz, bu sayaq ifadələr Qərbin beyin mərkəzlərinin erməni siyasilərə verdikləri tezislərdən qaynaqlanır.
Erməni siyasilərin sülhməramlılar mövzusu ilə bağlı qabartdıqları ikinci məqamda da aşkar həyasızlıq elementləri var. Onlar bildirirlər ki, rus hərbi kontingentinin Qarabağı vaxtından əvvəl tərk etməsi Azərbaycanın və Rusiyanın razılaşdırılmış qərarıdır. Erməni siyasilərin təqdimatı təxminən belədir: Sülhməramlıların bölgədən çıxma qərarının qəbulunda Ermənistanın rəyi və maraqları nəzərə alınmayıb. Baxmayaraq ki, İrəvan Bakı və Moskva kimi tamhüquqlu tərəfdir. Çünki 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatda onun da imzası var və sülhməramlılar Qarabağa həmin sənədə əsasən yerləşdirilmişdilər.
Guya, Ermənistan hakimiyyəti üçtərəfli bəyanata məhəl qoyurdu? Əlbəttə ki, yox! Həyasızlıqlarını davam etdirən erməni siyasilər Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə diqqət çəkir və bildirirlər ki, rus hərbçiləri həmin tədbirlər sonrası “Bakının həyata keçirdiyi etnik təmizləmə siyasətinin” qarşısını kəsə bilmədilər. Ona görə də birincilərin bölgədə qalmalarına lüzum yoxdur.
Şübhəsiz ki, bu sayaq deyimlər yolverilməzdir. Çünki Rusiya dövləti dəfələrlə bəyan edib ki, Qarabağı tərk etmiş erməni sakinlərin dinc və təhlükəsizlik şəraitdə öz yaşayış yerlərinə dönmələrinə hər cür dəstək göstərməyə hazırdır. Yeri gəlmişkən, Azərbaycan rəhbərliyi də hər zaman bu mövqedə olub və bəyan edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi, ölkə konstitusiyasının imkan verdiyi hər cür hüquq və azadlıqlardan yararlana bilərlər...
Erməni siyasilərin qabartdıqları daha bir məqama keçid alaq. Söhbət Rusiyanın diqqəti Ukrayna cəbhəsinə yönəltməsi ilə bağlıdır. Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Ermənistan Azərbaycana qarşı təxribatlar törədirdi. Ölkəmiz buna adekvat cavab verirdi və verməyə bilməzdi. Əlbəttə, cavablar sərt alınırdı. Belə bir durumda rəsmi İrəvan Rusiyanın fəaliyyətsizliyi məsələsini qabardırdı və bildirirdi ki, Moskva müttəflik öhdəliklərini yerinə yetirmir. Hər dəfə bölgədə eskalasiya mühiti yarananda belə deyimlər dövriyyəyə buraxılırdı. Hətta bir dəfə N.Paşinyan bildirmişdi ki, Moskvanın başı Ukraynaya qarışdığından, Ermənistanın təhlükəsizliyi ilə əlaqədar düşünmək iqtidarında deyil. Hazırda sülhməramlıların Qarabağdan çıxmaları müstəvisində də sözügedən fikirlər gündəmə gətirilir. Halbuki Kreml dəfələrlə bəyan edib: Ukrayna müharibəsi onun diqqətini Cənubi Qafqazdan ayırmaq iqtidarında deyil. Əlbəttə, region Rusiya üçün mühüm əhəmiyyətini saxlayır və saxlayacaq da.
Ermənistan siyasiləri sülhməramlıların çıxmaları xüsusunda daha bir məqama diqqət çəkirlər. Onlar bildirirlər ki, rus hərbçilərinin Qarabağı tərk etmələri təkcə dünyada deyil, həm də Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət fonunda baş verir. Onların fikrincə, 44 günlük müharibədə Türkiyənin dəstəklədiyi Azərbaycanın Qələbəsi Ankaranın bölgədəki nüfuzunu xeyli artırdı və qüvvələr nisbətinin dəyişməsinə səbəb oldu. Eyni zamanda, Cənubi Qafqazda dəyişən dinamika İran, Fransa, Hindistan kimi digər oyunçular üçün də imkanlar açır. Ən əsası isə sonuncular Rusiyanın zəifləyən mövqeləri hesabına mövcudluqlarını gücləndirməyə çalışacaqlar.
Ə.RÜSTƏMOV
XQ