Yeni Kaledoniya xalqı Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Başladığımız işi Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə davam etdiririk. Bakı Təşəbbüs Qrupu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yaradılmasında da böyük rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra səsləndirib.
İki ölkə arasında əlaqələrin inkişafında ali təhsil müəssisələrinin, gənclərin rolunu qeyd edən N.Omayra deyib: “Gənclər gələcək deməkdir. Bu istiqamətdə də əlaqələrimizin qurulması mühüm əhəmiyyət daşıyır”.
Bir həftə əvvəl Yeni Kaledoniyada nümayişlərin keçirildiyini xatırladan parlamentari qeyd edib: “Nümayişlərdə müstəmləkə əleyhinə olanlar, yəni, müstəqillik tərəfdarları iştirak edirdilər. Nümayişlərdə biz Bakı Təşəbbüs Qrupunun da dəstəyini gördük. Aksiyaların birində Azərbaycanın 44 günlük müharibəsində böyük Zəfərin simvolu olan “Dəmir yumruq” şüarından da istifadə edildi. Biz bununla tək olmadığımızı göstərdik. Azərbaycan müstəqilliyə gedən yolda Yeni Kaledoniyaya çox böyük dəstək verir və buna görə minnətdarıq”.