Aprelin 16-dan 18-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində Parlament Sarayında Deputatlar Palatasının sədrinin və Rumıniya hökumətinin təşkilatçılığı ilə Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti keçirilir. Sammitdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Dövlət Xidmətinə istinadla xəbər verilir ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində təşkil edilən Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda (ICCD) Rumıniya Senatının sədri Nicolae Ionel Cıucă, Rumıniyanın digər rəsmi şəxsləri və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.
İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətindən danışaraq, kibermünaqişələrin qarşısını almaq və kiberməkanda məsuliyyətli dövlət davranışını təmin etmək üçün diplomatik səylərin önəmini vurğulayıb. Eyni zamanda, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən, cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyi haqqında məlumat verib.
Sammit çərçivəsində “Kibertəhlükəsizlik və texnologiyada regional diplomatik təşəbbüslər”, “Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti”, “Təhlükəsiz rəqəmsal ticarət mühitinin təşviqi”, “İnkişaf etməkdə olan texnologiyalar üçün əməkdaşlığın hüquqi çərçivələri” mövzusunda panel müzakirələr aparılıb.
Panel müzakirələrdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov iştirak edib. O, qlobal xidmət provayderlərində toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərin təhlükələrindən danışıb. O cümlədən T.Məmmədov süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların səmərəli olduğunu vurğulayıb.
Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti işini davam etdirir.