Hansı “qara daş”ı qaldırsan, altından Fransa boylanacaq

post-img

“Qara qitə”də, Asiyada, Qafqazda üzünə qapılar bağlanan Makronun terroru dəstəkləməsi onu iflasa aparır

Moskva vilayətinin Krasnoqorsk şəhərində törədilən dəhşətli terror aktı dünya mediasının gündəmindən hələ də düşməyib. 144 ölü, 511 yaralı. Bu, Rusiya İstintaq İdarəsinin “Crocus City Hall”da törədilən terrorun qur­banları ilə bağlı yaydığı son statistikadır. Martın 22-də əli­silahlı dörd nəfər kompleksin konsert salonunda əyləş­miş tamaşaçılara atəş açıb, amfiteatrda yanğın törədiblər. 

Bu terror aktını sifariş verənlərin kimliyi, əsl məqsədlə­rinin nədən ibarət olması ətrafında diskussiya davam edir, müxtəlif versiyalar irəli sürülür. Aydın məsələdir ki, bey­nəlxalq rezonans doğuran belə genişmiqyaslı terror aktını hansısa radikal qrupun “özfəaliyyəti” kimi dəyərləndirmək sadəlövhlük olardı.

“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir. Fransa preziden­ti Emmanuel Makron və Qərbin bir sıra liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma ehtimalı yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil”. 

Bunu Kremllə bağlı adi bir siyasətçi deyil, Rusiyanın həm baş naziri, həm də prezidenti olmuş, hazırda Təhlükə­sizlik Şurasının rəhbərinin müavini kimi yüksək və strateji vəzifəni icra edən Dmitri Medvedev deyib. Onun Kras­noqorsk terrorunun arxasında rəsmi Parisin, şəxsən dövlət başçısı Emma­nuel Makronun və digərlərinin durdu­ğunu açıqlaması qətiyyən təsadüfi sa­yıla bilməz. 

Çox güman ki, Medvedev bu barə­də vəzifə səlahiyyətlləri çərçivəsində ölkənin müvafiq strukturlarından, İstin­taq Komitəsindən və kəşfiyyatdan sə­hih məlumatlar əldə edib. 

Əslində, yuxarıdakı versiyanın ipu­cunu elə Fransa xüsusi xidmət orqan­ları özü vermişdi. Yelisey sarayının iddiasına görə, “terrorun Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalında törədilməsi təsadüfi deyil”miş. Altməqsəd dərhal üzə çıxır. Paris bu psevdoversiyanı ortaya atmaqla Azər­baycan və Rusiya arasındakı münasi­bətlərə zərbə vurmağa, digər tərəfdən isə Rusiya daxilində dini-etnik zəmində qarşıdurma yaratmağa çalışıb. Amma Makron qurduğu tələyə özü düşdü. Rusiya hakimiyyəti Medvedevin dili ilə insanlığa qarşı törədilmiş terrorun arxasında Fransanın dayandığını, bu qanlı cinayətin sponsorunun Emmanu­el Makron olduğunu açıqlamaqla, həm də təşkilatçının kimliyini bütün dünyaya bəyan etmiş oldu. Ardınca Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Burada əsas diqqət terroru dəstəklədiyi bəyan edilən Fransanın üzərinə yönəlir. Əgər Parisin “Crocus” terrorunda əlinin oldu­ğu sübuta yetirilərsə, rəsmi Moskva, faktiki olaraq, Fransanı terrorçu dövlət elan edə bilər. 

*** 

Yelisey sarayının müvəqqəti ki­rayənişinin Azərbaycana qarşı məkrli və qərəzli münasibəti heç kimə sirr deyil. Ələlxüsus da son üç il beş ayda geosiyasi reallıq və qüvvələr nisbəti kökündən dəyişmiş Cənubi Qafqaza bayrağını sancmağı xəyal edən Fran­sa Ermənistanı əlində “maşa”ya çe­virərək, bölgədə məhz mövcud balansı öz xeyrinə dəyişməyə cəhdlər göstə­rir. Parisin bu məqsədə çatmağın “ən asan yolu” kimi Azərbaycan və Rusiya arasında hər hansı gərginliyi yarat­maqda gördüyü məlumdur. Əslində, “Crocus” olayının baş vermə səbəblə­rini özünəməxsus şəkildə motivləndir­məklə, hədəfin məhz Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalının seçilməsini elan etməklə, o, iki qonşu ölkə, strateji tərəfdaşlar arasında mü­nasibətlərə kölgə salmağı hədəfləyib. Yuxarıda qeyd etdiyimiz kimi, çoxkon­fessiyalı Rusiyada dini və etnik zəmin­də çaxnaşma yaratmağa təşəbbüs göstərmək, din amilini önə çıxarmaq kimi məkrli planları işə salmaq Fransa­nın regionda maraqlarını təmin etmə­yin üsuludur. Amma, bu, reallaşması heç vaxt mümkün olmayan bir üsuldur. 

*** 

Ümumiyyətlə, Fransanın “terrorçu dosyesi” olduqca zəngindir. Bu ölkə­nin ən azı yaxın yüz ildəki tarixində bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu “qara səhifələr” var. Fransa hər­bi legionunun keçən yüzillik ərzində “qara qitə”dəki müstəmləkələrində insanlığa qarşı törətdiyi vəhşiliklərin, soyqırımı və qətllərin sayı-hasabı yox­dur. Bu ölkə Afrikada fransız istibdadı­na, müstəmləkəsinə etiraz edən yerli əhaliyə divan tutmasını, onlara qarşı törətdiyi qırğınları “terrorizmlə müba­rizə” kimi qələmə verirdi. Dünyada ən genişmiqyaslı etnik təmizləməni həya­ta keçirən Fransa utanıb-çəkinmədən Azərbaycanı Qarabağda ermənilərə qarşı etmədiyi əməldə suçlamağa gi­rişib. Fransızların özlərinin Yelisey sa­rayının ən uğursuz başbiləni saydıqları Emmanuel Makronun bu siyasi avan­türasına, sadəcə, sarkazmla cavab vermək lazımdır. Fransanın dünyanın dörd tərəfinə uzanan terror qollarının izləri Suriyadakı “Lafarge” şirkətin­də, onun maliyyələşdirdiyi İŞİD terror qruplaşmasında, eləcə də YPG/PKK ilə əlaqələrində üzə çıxır. Fransanın “terror dosyesi” bununla tamamlanmır. Onun qucaq açıb himayə etdiyi, dün­yanın ən qansız terror təşkilatı kimi ad çıxarmış ASALA-nın əsas dayaq nöqtələrindən biri Marseldə yerləşir. Erməni terrorçuların məhz Fransada özlərinə yuva salması təsadüfi deyil. Çünki, məhz Fransa ASALA-nı dəstək­ləyib, keçən əsrin 70–80-ci illərində dünyanın müxtəlif ölkələrində Türkiyə diplomatlarına qarşı terror hücumlarına şərait yaradıb. 

Avropanın bu “ən kübar” ölkəsinin beynəlxalq terrorizmlə sıx əlaqələri bugünün məsələsi deyil. Suriyadakı bəd əməllərindən söz açdıq. Bu yaxın­larda Türkiyənin TRT World telekana­lından nümayiş etdirilən sənədli filmdə istihbarat tərəfindən Suriyada terrorçu­lara xidmət göstərən sement zavodu­nun aşkarlanması və həmin ilan yu­vasının darmadağın edilməsi ilə bağlı kadrlar göstərildi. Yəni, planetin qaynar nöqtələrində, münaqişə zonalarında barıt qoxusu gələn hansı “qara daş” qaldırılsa, oradan Fransa boylanır. 

*** 

Emmanuel Makronun Ukraynadakı hərbi qarşıdurmada öz xeyrini güddüyü təzə xəbər deyil. Erməniləri bəd əməl­lərində alət kimi istifadəyə adətkərdə olmuş rəsmi Paris bu müstəvidə də onların “xidmətindən” yararlanmağa qərar verib. Qərb mediası Fransanın Qarabağdan könüllü köçmüş ermənilə­rindən ibarət legion yaratması və onları ruslara qarşı döyüşmək üçün Ukrayna­ya göndərməyə hazırlaşdığına dair də maraqlı xəbərlər tirajlanmaqdadır. 

Hər şeydən göründüyü kimi, Paris terror təşkilatları ilə əlaqələrini gizlət­mək barədə belə düşünmür. “Qoca qitə”nin evolyusiyaya deyil, geriyə saymağa başlayan bu dövləti özünün korporativ maraqları naminə hər növ cinayəti qəbul etməkdən, hətta terroru təşviqdən belə çəkinmir. Və bütün bun­ların fonunda dünyaya “demokratiya­dan” moizələr oxumağı da “unutmur”. 

Toxunmağı zəruri saydığımız məqamlardan biri də Parisin Azərbay­canla Ermənistan arasındakı ikitərəfli sülh prosesinin onun maraqları ilə üst-üstə düşməməsindən keçirdiyi nara­hatlıqdır. Fransanın məhz bu səbəbdən Ermənistanı sürətlə silahlandırması, separatçıları, daşnak-revanşist qüv­vələri bölgədə yeni hərbi qarşıdurmaya qızışdırması da Makron planına daxil­dir. Deyəsən, onun regiondakı destruk­tiv niyyətini, sülhə ziyanvericilik missi­yasını İrəvan da anlamağa başlayıb. Bu günlərdə şərti sərhəddə baş vermiş olaya Ermənistan hakimiyyətinin reak­siyası bu yöndə müəyyən qənaətə gəl­məyə əsaslar yaradır. Deməli, Ermə­nistan tərəfi Azərbaycan sərhədçilərinə atəş açmış hərbçilərə qarşı cinayət işi qaldırdı. Yəni, bu, həm də onu göstərir ki, Fransanın iki qonşu ölkə arasında sülh prosesinə müdaxiləsi, fitnə-fəsadı olmadıqda, İrəvan beynəlxalq hüquqa uyğun davranmağı bacarır. Bu, həm də Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti qələbəsi sayılmalı­dır. 

Əlbəttə ki, Azərbaycan bu xarak­terli hərbi təxribatlara adekvat cavab hüququnu özündə saxlayır. Amma bu dəfə rəsmi Bakı təmkinli davrandı, in­sidentin araşdırılması və müvafiq təd­birlərin görülməsi üçün İrəvana fürsət verdi. Paşinyan iqtidarı səhvini rəsmən etiraf etdi və təxribatçıları cəzalandır­dı. Bəli, “Qafqaz evi”nin sakinləri olan ölkələri “tet–a–tet” qoyduqda, onlar di­aloq yolu ilə öz aralarındakı problemlə­ri həll etməyə qadirdirlər. Fransa kimi kənar aktorların müdaxiləsi isə bu pro­sesə yalnız və yalnız ziyan vurur. 

Paris bunu artıq birmənalı olaraq qəbul etməlidir: onun Cənubi Qafqaza ayaq açmaq üçün göstərdiyi və bun­dan sonra göstərəcəyi bütün cəhdləri iflasa uğrayacaq. Elə şərti sərhəddə baş verən insident və onun çözüm yolu bunu əyani şəkildə sübuta yetirdi. 

P.S. Rusiya Federasiyası Təhlükə­sizlik Şurasının sədr müavini Dmitri Medvedev dörd ay bundan əvvəl Karib böhranından sonra Rusiya ilə NATO arasında Üçüncü dünya müharibə­sinə səbəb olacaq birbaşa toqquşma təhlükəsinin heç vaxt bu qədər real olmadığını bəyan etmişdi. Arzulamırıq, amma əgər belə bir fəlakət baş verər­sə, bunun günahkarının Emmanuel Makron Fransası olacağı şübhəsizdir.

İ.HƏSƏNQALA
XQ



Siyasət