II məqalə
Üçüncü istiqamət: Türkiyənin konstruktiv təsiri
Hər hansı regiona kənar güclərin təsirləri artanda yerli dövlətlərin hansı mövqe tutmalarının əhəmiyyətini I məqalədə vurğulamışıq. Cənubi Qafqazda hazırda milli maraqlarına görə böyük güclərin mənafeyini balanslaşdıran yeganə dövlət Azərbaycandır. Bu regionda təhlükəsizliklə bağlı istənilən geosiyasi konfiqurasiya Azərbaycansız mümkün deyildir. Həm də ona görə ki, Bakı regional təhlükəsizliklə bağlı “3+3” formulunun təşəbbüskarıdır. Deməli, bu gün Cənubi Qafqazda geosiyasi yer tutmaq istəyən qüvvələr vəziyyətə həmin formulun kontekstindən baxmalıdırlar. Bu təhlükəsizlik formulunun şərtləri daxilində fəaliyyət göstərməli və müəyyən nəticələr çıxarmalıdırlar.
Rusiya tərəfi də burada Azərbaycanın maraqlarının təmin olunmasını ön plana çıxarmalıdır. Yəni, faktiki olaraq, “Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas strateji müttəfiqidir” tezisinə düzəliş etməlidir. Balansı saxlamaq üçün rəsmi Moskva Azərbaycan faktorunu Cənubi Qafqaz siyasətində yeni səviyyəyə yüksəltməlidir. Ermənistan rəhbərliyinin son zamanlar atdığı addımlar bunun üçün Kremlin əlinə yeni arqumentlər də verir.
Məsələn, rəsmi İrəvan gah KTMT-dən narazılıq edir, gah MDB-dən şikayətlənir, gah da yeni təhlükəsizlik formulu axtardığını nümayiş etdirir. Bu səbəbdən, rəsmi İrəvan və onun Qərb havadarlarının son zamanlar absurd “dünyanın kəsişməsi” ideyasından danışmaları təsadüfi deyildir. Son Brüssel görüşündən sonra da ortaq bəyanatlarında bundan bəhs etmişlər. Lakin Qərb də bilir ki, N.Paşinyanın ortaya atdığı bu fikir mənasız sözdən və absurd mövqedən başqa bir şey deyildir. İki səbəbdən bu belədir.
Birinci səbəb artıq regional əməkdaşlığın formulu mövcuddur. Bu, beynəlxalq layihələr çərçivəsində Zəngəzurdan keçməklə nəqliyyat dəhlizinin açılması sayəsində regionun hər bir dövlətinin əməkdaşlığını təmin etməklə əlaqəlidir.
İkinci səbəb regional təhlükəsizlik formulunun təklif olunması ilə bağlıdır: “3+3”. Bu formul kənar təsirlər olmadan Cənubi Qafqazın 3 dövlətinin qonşu Rusiya, İran və Türkiyənin iştirakı ilə təhlükəsizliyi təmin etmək formatıdır!
Bundan başqa, təklif edilən əməkdaşlıq və təhlükəsizlik platformaları real arqumentlərə əsaslanır. Buna hər hansı alternativ çıxarmaq, bütövlükdə, regional əməkdaşlıq və təhlükəsizliyin qarşısını almaq deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təşəbbüsçüsü olduğu formatlar regionun hər bir dövləti üçün düşərlidir.
Digər tərəfdən, Rusiya başlanğıcdan Zəngəzur dəhlizi layihəsində üzərinə öhdəliklər götürmüşdür və “3+3” formatında iştirakla bağlı mövqe bildirmişdir. Deməli, Moskva indi bu formatların reallaşması üçün siyasi-diplomatik fəallıq göstərməlidir. Ancaq, təəssüf ki, məhz bu istiqamətdə Rusiyanın təsirli addımlarını müşahidə etmirik.
Əslində, Cənubi Qafqazda sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi təmin edə biləcək geosiyasi konfiqurasiya mümkündür. Bunun üçün Türkiyənin regiona təsirlərinə baxmaq kifayətdir.
Rəsmi Ankara situasiyaya kifayət qədər təmkin və konstruktivliklə yanaşır. Türkiyənin regionun heç bir dövləti ilə münaqişəsi yoxdur və onların hər hansı birinə qarşı addımlar atmır. Azərbaycanla strateji müttəfiqdir. Gürcüstanla da strateji əməkdaşlıq xətti yeridir. Bu dövlətlə bütün sahələrdə davamlı əməkdaşlıq edir. Energetika, iqtisadi, nəqliyyat sferaları ilə yanaşı, təhlükəsizliklə də bağlı Tbilisiyə Ankara hər cür dəstəyi verir.
Ermənistanla münasibətlərin normallaşması üçün də Türkiyə səy göstərir. Ankaranın yeganə şərti Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasıdır. Bu tələb olduqca normal, təbii və hazırkı vəziyyətə tam uyğundur. Çünki Cənubi Qafqazda geosiyasi sabitlik və əməkdaşlıq mühiti yalnız regionun bütün dövlətləri arasında normal münasibətlər olduğu halda mümkündür. Buradan Türkiyənin Cənubi Qafqaz siyasətinin digər güclü dövlətlərdən əsas fərqi aydın olur.
Türkiyə yeganə böyük dövlətdir ki, regiona münasibətdə onun hər bir ölkəsi ilə konstruktiv münasibətlər qurmaq xəttini yeridir. Diqqət etsək, görərik ki, Ankaradan başqa Cənubi Qafqazla bağlı regionun bütün dövlətləri arasında normal münasibətlərin formalaşmasına çalışan ikinci güc yoxdur. Özünü sülhsevər göstərməyə çalışan digər güclər mütləq birtərəfli, konkret olarq ermənipərəst mövqe tuturlar. Türkiyə isə Azərbaycanpərəst mövqe tutmur – real vəziyyətə uyğun dövlətlər arasında münasibətlərin normallaşması halında regionun hər bir ölkəsi ilə əməkdaşlığa hazırdır.
Burada Azərbaycan faktorunu mütləq qeyd etməliyik. Çünki Türkiyənin Cənubi Qafqazda fəaliyyəti bütün hallarda Azərbaycanla razılaşdırılır. Şuşa Bəyannaməsi bunun hüquqi əsasını yaratmışdır. Belə alınır ki, Ankaranın Cənubi Qafqazda konstruktiv fəaliyyəti həm də Azərbaycanın xidmətidir. Rəsmi Bakı strateji müttəfiqinin ədalətli mövqe tutmasını həmişə alqışlamışdır.
Məsələnin Azərbaycanla bağlı digər tərəfi region kontekstində başqa bir faktın prizmasında çox əhəmiyyətli görünür. Biz, Cənubi Qafqazda yeganə olaraq Azərbaycanın həm Türkyə, həm də Rusiyanın strateji müttəfiqi olmasını nəzərdə tuturuq. Bu, çox ciddi pozitiv faktordur. Çünki Azərbaycanla strateji müttəfiqlik iki böyük gücün ortaq nöqtələr tapmalarına hüquqi, geosiyasi və siyasi əsaslar verir. Həm də ona görə ki, Azərbaycan hər iki strateji müttəfiqi ilə konkret layihələr vasitəsilə real əməkdaşlıq edir. Bu da Azərbaycan vasitəsilə Türkiyə və Rusiyanın əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanlara malik olduqlarını göstərir.
Bütün bunlardan belə bir məntiqi nəticə alınır: Cənubi Qafqazda etibarlı, davamlı sülh gətirə biləcək geosiyasi konfiqurasiyanın mərkəzində Azərbaycan – Rusiya – Türkiyə strateji müttəfiqliyi dura bilər.
Bununla tarixi və geosiyasi baxımdan maraqlı bir mənzərə alınır. XXI əsrdə ilk dəfə olaraq Azərbaycanın böyük rolu ola biləcək regional geosiyasi güc mərkəzi formalaşa bilər. Bundan başqa, həmin güc, bütövlükdə, regionun geosiyasi mənzərəsini keyfiyyətcə uzun müddət üçün dəyişə, konkret olaraq, Cənubi Qafqaza sülh, əməkdaşlıq və təhlükəsizlik gələ bilər.
Bu tarixi və geosiyasi fürsətin fonunda Ermənistan və havadarlarının regional miqyasda fəaliyyətləri çox riskli görünür. Bu tezisin müxtəlif aspektləri vardır.
Geosiyasi “sınma nöqtəsi”
Bəlkə də indi Cənubi Qafqazda “The American Interest” jurnalının kolumnisti, professor Uolter Rassl Midin 2014-cü ildə işlətdiyi bir metaforanın təsdiqi anını yaşayırıq. Amerikan professor “Geosiyasətin qayıdışı” adlı məqaləsində yazırdı ki, “təftişçi geosiyasi güclər cavab zərbəsi” endirirlər. Eynilə, həmin təftişçi geosiyasi güclər Cənubi Qafqazda revanşizm ruhunda Azərbaycanın müharibədən sonra yaratdığı geosiyasi xətti “təftiş etməyə” çalışırlar.
Bu fikrin konkret ifadəsi rəsmi İrəvanın və ona havadarlıq edən ABŞ – Avropa İttifaqı güclərinin başlıca məqsədinin məhz regionda postmüharibə mərhələsinin pozitiv geosiyasi xəttində yeni “sınma nöqtəsi” axtarmaqdan ibarət olması ilə bağlıdır. Onlar konkret olaraq Azərbaycanın aparıcısı və təşkilatçısı olduğu geosiyasi xəttin hansısa bir məqamda “sınmasına” çalışırlar. Onun əlamətləri artıq özünü göstərir. O cümlədən, son zamanlar “İMEC” adlı və Hindistanla ABŞ-ın ortaya atdığı yeni “əməkdaşlıq dəhlizi” məhz “geosiyasi sınma”ya xidmət edir. Çünki bu çox bahalı və rentabelli olmayan layihə birbaşa “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi təqdim edilir.
Maraqlıdır ki, həmin layihənin ən gərgin hissəsi məhz Cənubi Qafqazla bağlıdır və Zəngəzur dəhlizi məsələsi də bura daxildir. Buna görədir ki, obrazlı olaraq “dəhlizlərin savaşı”ndan danışa bilərik. İndi iki layihənin ortaq dəyərlərindən deyil, onlardan birinin seçilməsi ilə geniş bir məkanda hansı geosiyasi və nəqliyyat marşrutu konfiqurasiyasının yaranacağından danışırlar. Bu, dolayısı ilə Cənubi Qafqazda formalaşmış konstruktiv geosiyasi xətti haradasa sındırmağa çalışmaq deməkdir.
Digər əlamət kimi, Qərbin faktiki olaraq, Cənubi Qafqazda geosiyasi ayırıcı xətt yaratmaqla məşğul olması ilə bağlıdır. Bu xüsusda Brüsseldəki müzakirələr məsələni daha həssas etmişdir. Geosiyasi ayırıcı xəttin yaradılması yekun olaraq hazırda regionda mövcud olan geosiyasi mənzərədə bir-birinə düşmən olan “barrikadalar qurmaq” anlamına gəlr. Bu, “coğrafiyanınmı qisasıdır”, yoxsa geosiyasi konfrontasiyanın revanşist kükrəməsi? Hər halda, bu, bir sıra böyük güclərin qlobal geosiyasətə vurmaq istədikləri zərbənin sədası təsirini bağışlayır!
Onların bu davranışları ilə son zamanlar gərginləşən İran–İsrail münasibətləri də kifayət qədər riskli görünür. Tərəflər bir-birinə havadan zərbələr endirirlər və təhlükəli bəyanatlar verirlər. Nəzərə alaq ki, bunlar Cənubi Qafqaza çox yaxın məkanda baş verir, təhlükənin buraya sıçramasını istisna etmək olmaz.
Türk Dövlətləri Təşkilatı – sabahın ümid qapısı
Ancaq hər şey itirilməyib. Türk Dövlətləri Təşkilatı faktoru öz rolunu onayır. Türkiyənin Azərbaycanda və digər türk dövlətlərində hərbi-sənaye kompleksini yeniləşdirmək istiqamətində atdığı addımlar meydana güclü bir geosiyasi faktorun çıxdığını göstərir. İndiki situasiyanın öncəkilərdən fərqi ondan ibarətdir ki, yeni geosiyasi güc hətta böyük güclərlə mübarizə apara bilər. Tədricən TDT real geosiyasi meydanda fəaliyyətini göstərir və konkret layihələrlə özünü təsdiq edir. Türkiyənin Azərbaycanda, Qazaxstanda, Özbəkistanda hərbi-sənaye kompleksi ilə bağlı həyata keçirdiyi layihələr, müxtəlif sferalara aid əməkdaşlıq proyektlərinin təşviqi və həyata keçməsi bu baxımdan çox ümidvericidir.
Hər halda, Azərbaycanın güclü mövqeyi sayəsində Cənubi Qafqaz hələ sabitdir. Bakının İrəvana qarşı təmkinli və sabit duruşu göstərir ki, regionda proseslərin müsbət məcrada qalması üçün Azərbaycan qətiyyətli fəaliyyətini davam etdirəcək.
Bunların nəticəsi olaraq TDT-nin, geosiyasi faktor olaraq, Cənubi Qafqazda aparıcı mövqeyə çıxması ehtimalı yüksəkdir. Burada TDT – Rusiya geosiyasi və təhlükəsizlik əməkdaşlığı da istisna edilməməlidir. Tərəflər konkret layihələr üzrə bu məqsədlərini reallaşdıra bilərlər.
Beləliklə, Cənubi Qafqaza kənar təsirlər müxtəlif istiqamətlərdən və fərqli məqsədlərlə artmışdır. Burada mürəkkəb bir geosiyasi mənzərə yaranmışdır. Ancaq bu mürəkkəbliyin bir ümid “çıırağı” da vardır. O, türk dövlətlərinin geosiyasi güc kimi fəallıqlarını artırmaları ilə bağlı olacaqdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru