Gəlmişik ki, səni kül içindən dirçəldib əbədi yurd yerinə çevirək
Haqqın bükülməz dizi, dönməz üzü 31 ildən sonra zülmün top-tüfəngini, qanlı-qadalı çevrələrini aşıb xalqımızı şəhid Xocalıya qovuşdurdu. Biz bu günün gələcəyinə inamımızı heç vaxt itirmədik. Haqq bizim tərəfimizdə idi. Minillərdən bəri bizim türk babalarımız bu cənnətmisal torpaqları qoruyub, yaşadıb bizə Vətən etmişlər. Vətən isə xalqın əzəli-əbədi və ümumi evidir. Kim öz evini onun qəsdinə durmuş yağının, doğmalarının qatillərinin tapdağında qoya bilərdi?
Bu məntiq, bu inam 32 ildən sonra xalqımızı düşmənin oda qalayıb yer üzündən sildiyi, dinc insanlarını kütləvi surətdə, misilsiz işgəncələrlə qətlə yetirildiyi Xocalıya qaytardı. Prezident İlham Əliyev də bu il fevralın 26-da Xocalı şəhərində Soyqırımı Memorialının təməlqoyma mərasimində rayon ictimaiyyətinin nümayəndələrinə məhz bu inamın müqəddəsliyini və yenilməzliyini xatırladaraq bildirdi: “Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kom-pleks yaradılacaq. 32 ildən sonra siz qayıtmısınız”.
Xocalı sakinləri isə bildirdilər ki, faciə ərəfəsində onların taleyinə bağışlanılmaz biganəliyin yaratdığı dərin ümidsizlikdən sonra 1996-cı il fevralın 24-də ümummlili lider Heydər Əliyevlə görüş şəhərin sağ qalmış sakinlərində doğma yurda qayıdacaqlarına böyük inam yaratdı. Elə buna görə də onlar arzu etdilər ki, dirçəldilən şəhərin ən görkəmli yerində xocalılara bu inamı qaytarmış Ulu öndərin abidəsi ucaldılsın.
Ötən il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin, 3 il əvvəl Qarabağda aşıb keçdiyi Zəfər yolunun davamı olaraq, bir sutkalıq antiterror əməliyyatında məğlubiyyətdən quduzlaşıb ağlını itirmiş Xankəndi xuntasını ölkəmizdən qovub çıxarması Xocalını da, nəhayət, bizə qaytardı. Xocalıya qayıtmağımızın bir qərinəyədək uzanması isə özgələrin kölgəsində xumarlanan erməni millətçilərinin Haqqa meydan oxuması ilə yanaşı, çağdaş dünyaya “münsiflik” iddiasında olan Qərbin vasitəçilik missiyasının da açıq-aşkar idbar oyunu olaraq tarixə ləkə saldı.
Gözün aydın, şəhid Xocalı, artıq sən bizə, biz də sənə qayıtmışıq. Sən 32 il əvvəl əfsanəvi Səməndər quşu kimi yansan da, bu gün öz külündən baş qaldırıb yenidən dirilirsən. Sənə bu əfsanəvi dirilməni bəxş edən bu yerlərdəki min illərin ölməz türk ruhudur. Xalqımız sənə yenidən nəfəs verir, babaların müqəddəs əmanəti olaraq səni qəlbindəki saxlancdan çıxarıb əvvəlki düzəninə qaytarır. Səni xalqımıza qaytarmış müzəffər Komandanın bu dirçəlişə xeyir-dua verdiyi həmin tarixi gündə dediyi kimi: “32 ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”.
Bu quruculuq işlərin ilkin mənzərəsini, ümumi en-uzununu, boyartımını oxuculara çatdırmaq üçün Xocalıya ezam olunanda, ilk olaraq, ağıla gələn bu idi: “Şəhid Xocalının 32 illik faciəli tarixçəsindən sonra artıq 7 aydır ki, onun xoşbəxt dövranı başlanıb. Bu doğuluşu öz gözləri ilə görmək misilsiz bir xoşbəxtlikdir. Prezident İlham Əliyevin dediyi kimi, biz 30 il də, 300 il də keçsə Xocalı soyqırımını unutmayacağıq. Lakin artıq Xocalı barədə xoş duyğu-düşüncələrin də zamanı yetişib”.
Səfər yoldaşım – Xocalı rayonunda doğulub 16 yaşınadək Kosalar kəndində yaşamış, erməni qəddarlığının, qaniçənliyinin hər üzünü görmüş məcburi köçkün, “İki sahil” qəzetininin əməkdaşı, yazıçı-jurnalist Mahir Rəsuloğlu ilə eyni qənaəti bölüşə-bölüşə dörd tərəfdən dağlarla əhatə olunmuş nadir vadiyə – qədim Xocalı mədəniyyətinin izlərini qoruyub saxlayan nəhəng yeraltı muzeyin girişinə çatırıq...
Bu xoş duyğulu anlarda güclü yağış da son damlalarını səpələyib göyün dərinliyində əridi. Günortaüstünün açıq səması altında ilk ağ evləri mərkəzi yolun hər iki tərəfində sıralanan yeni Xocalı öyünclü mənzərəsi ilə gözlərimiz önündə canlandı. Son 36 ildə Qarabağı yerüstü cəhənnəmə çevirmiş Xankəndi xuntasının rüsvayçı süqutundan sonra bu ərazidə ilk dirçəldilən məntəqələrdən olan Xocalıda indi qalib Azərbaycanın günü-gündən qüdrətlənən nəbzi təntənə ilə döyünür.
Xocalıda davam edən quruculuq işləri barədə xeyli məlumatlı olan Mahir müəllimin bələdçiliyi ilə mərkəzi küçə ilə irəliləyib bərpa-quruculuq işlərinin qərargahı sayılan birmərtəbəli tikiliyə çatırıq. Binanın bir tərəfində ərazidəki quruculuğun ağırlığını daşıyan baş podratçı – “Bakıabadlıq” şirkətinin Xocalı – Malıbəyli şöbəsi yerləşir. Əks tərəfdə isə artıq Əsgərana köçmüş Xocalı Polis şöbəsinin yerli bölməsi fəaliyyət göstərir.
Biz içəri daxil olanda tikinti-abadlıq şirkətinin, əsasən, gənclərdən ibarət 10–12 mühəndis-nəzarətçisinin bir neçəsi bərpaya cəlb edilmiş yeni məhəllənin xəritəsi ətrafında müzakirə aparırdılar. O biri gənclər isə kompüterdə başqa bir məhəllənin evlərinin bərpa eskizlərinin işçi planını hazırlayırdılar. Bu işlərə rəhbərlik edən baş mühəndis-nəzarətçi Akif Eyvazov səhər tezdən Malıbəyli sahəsinə getdiyindən o gələnədək Xocalıdan aparılan planauyğun və sistemli bərpa-quruculuq işlərinin ardıcıllığı və gedişi ilə tanış olduq.
Mühəndis-nəzarətçi Şahsüvar Sadiyev bildirdi ki, erməni vandallar şəhərdəki fərdi evlərin hamısını yandırıb və dağıdıblar:
– Məqsəd bu olub ki, əhalisi soyqırımına məruz qalmış şəhərin sağ qalmış sakinləri heç zaman bu yerə qayıda bilməsinlər. Qarabağ münaqişəsinin ilk dövründə – Xocalı rayonu yaradılanda, onun mərkəzi şəhər kimi inkişaf etdiriləndə burada tikilmiş bir neçə inzibati bina və kommunal yaşayış binasında hərbi-separatçı xuntanın əlaltıları məskunlaşıblar. Həmin tikililər baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Ərazidə aparılan qazıntı işləri zamanı müxtəlif yerlərdə, hətta asfalt yolun altında isə Xocalı şəhidlərinin ümumi məzarları aşkar edilib.
Öyrəndik ki, yüksək sürət və keyfiyyətlə aparılan, kompleks ardıcıllığına hər cür təminat yaradılan işlər bir neçə mərhələdən ibarətdir. Ermənilər Xocalı və ətrafdakı məntəqələri tələm-tələsik tərk etdiklərinə, həm də Rusiya sülhməramlıları yaxınlıqda yerləşəşdiyinə görə ərazini minalamağa macal tapmayıblar. Lakin bəzi evlərdə qumbaraları partlayışa hazır vəziyyətə gətiriblər. Odur ki, ANAMA əməkdaşları lazımi təhlükəsizlik tədbirləri görüblər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölməsi isə ərazidə salamat qalmış tikililərin uçotunu aparıb, onların sahiblərini müəyyənləşdirib.
Elə bu vaxt “Bakıabadlıq” qrupunun layihə rəhbəri Akif Eyvazov da gəlib çıxır. O aldığımız məlumatın davamı olaraq bildirir:
– Bərpa-quruculuq işləri Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin apardıqları araşdırmaya uyğun olaraq davam etdirilir. Məhv edilmiş evlər özüldən tikilir. Salamat evlər və divarlar isə yoxlanandan sonra möhkəmliyi nəzərə alınıb ya bərkidilir, ya da sökülüb yenidən tikilir. Bütün tikililərin layihələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hazırlanıb təsdiq edilir. Baş sifarişçi də bu qurumdur.
İlkin olaraq 43 ev sökülüb və yenidən tikilir. 253 ünvanda isə bərpa-təmir işləri aparılır. “Qaçqınkom”la birlikdə həmin evlərə köçürüləcək ailələrin tərkibi öyrənilir, adamların sayına uyğun olaraq bəzi tikililərə yeni otaqlar əlavə edilir. May – iyun aylarında ilk 50 ailənin köçürülüb məskunlaşdırılması üçün bütün zəruri işlər sürətlə həyata keçirilir. 200-dən artıq inşaatçı havaların yağıntılı olmasına baxmayaraq təmir-bərpa işlərini geçikdirmədən aparırlar.
Sonra baş-mühəndis nəzarətçi ilə aparılan işlərlə tanış olmaq üçün şəhərin ərazisini gəzirik.
Yenidən “dirilən” şəhid Xocalıda aparılan müasir, sürətli və genişmiqyaslı tikinti-quruculuq işlərinin bir diqqətçəkən əlaməti burada çalışanların ölkəmizin bütün bölgələrinin dəmir biləkli oğlanlarından ibarət olmasıdır. Böyük həvəslə işləyən işçilərin hansı ilə söhbət ediriksə Xocalının dirçəldilməsində iştirak etməsindən məmnunluq duyduğunu söyləyir. İnşaatçıların arasında Xocalı və ərtaf məntəqələrdən – Kərkicahandan, Meşəlidən, Kosalardan, Cəmillidən, Umudludan, Sırxavənddən məcburi köçkünlərin olmasını görmək xüsusilə sevindirici idi. Qarabağ müharibəsi qaziləri isə buradakı fəaliyyətlərindən döyüş yollarının davamı olaraq söhbət açırlar.
Ağdərənin Umudlu kəndindən məcburi köçkün, I Qarabağ müharibəsi qazisi, keçmiş polis işçisi İbrahim Axundov deyir:
– Biz düşmənin xarabazara çevirdiyi əraziləri dirçəltməklə erməni vandalların sinəsinə dağ çəkirik. Qoy dünyanın ağıllı adamları onların xarabalıq bayquşları olduqlarını bir daha görüb belə vəhşiliyə birdəfəlik sədd çəksinlər. Xocalılar tarixin ən sivil dövründə vəhşilik zamanlarının qırğınına, zülmünə məruz qalıblar. Qoy onlar indi öz doğma yurdlarında ən yüksək rahatlıq tapsınlar. Burada bizim üçün hər cür şərait yaradılıb. Yaxınlıqdakı Noraguh kəndində və salamat qalmış kommunal evlərdə məskunlaşmışıq. İşçilərə gündə 3 dəfə ev xörəkləri verilir. İnşaatçılar ölkə üzrə müvafiq işçilərdən yüksək maaş alırlar. Burda hamı özünü mehriban bir ailənin üzvü hesab edir. Sıralarımızda ölkənin hər yerindən gələnlər var.
Tanış olduğumuz müxtəlif peşə sahibi olan inşaatçılardan Afət Fərzəliyev İsmayıllıdan, Şahmar Quliyev Neftçaladan, Saməddin Hüseynov Biləsuvardan, Mübariz Musayev Ağdaşdan, Əlvan Əliyev Tərtərdən, Röyal Hüseynli Bərdədən, Firudin Fərhadov Xaçmazdan gəliblər. Bir sözlə, şəhid Xocalıya bütün Azərbaycan nəfəs verib onu yenidən dikəldir. Sıralanmış ağ evlər xocalıllların yeni ağ günlərinin müjdəçisi kimi xoş duyğular yaradır.
Söhbət xalqımıza son həftələrdə kövrək hisslər yaşadan Xocalıda da ümumi məzarlıqların aşkar edilməsindən düşəndə bələdçimiz Şahsüvar Sadiyev şəhər qəbiristanlığının kənarında axtarış işlərinin davam etdirildiyini söyləyir və bizi əraziyə aparır. Bir vaxtlar yerli “hökumət”ə – Xocalı sovetinə rəhbərlik etmiş Sovet Allahverdiyev bir neçə aydır ki, kütləvi məzarlıqların aşkar edilməsinə rəhbərlik edir.
Qocaman məmur nə qədər ağır olsa da artıq 12 həmyerlisinin qalıqlarını aşkar etməyə nail olmasından məmnunluqla söhbət açır:
– Qaniçən ermənilər şəhidlərin bir hissəsini alovlanan evlərə atıblar. Qaçıb canını qurtarmaq istəyənləri isə qətlə yetirdikləri yerlərdə necə gəldi basdırıblar. Şəhər kənarında ümumi məzarlıqlar barədə şahidlərin göstərdikləri yerlərdə axtarışları davam etdiririk. “Silos quyusu” deyilən ərazidə kütləvi məzarlıq olması barədə məlumatı qarış-qarış yoxlayırıq. Xocalı soyqırımı nə qədər faciəlidirsə, şəhidlərin bir çoxunun izsiz-soraqsız olması bir o qədər kədərlidir. Odur ki, axtarışları sona qədər davam etdirəcəyik.
Xocalıdan məcburi köçkün Asif Usubov da həmyerlisinə axtarış işlərində kömək edir. O söylədi ki, insanlıq simasını itirmiş erməni quldurlar dirilərlə bərabər, ölülərə də divan tutublar. Şəhər qəbiristanlığı darmadağın edilib. İlkin orta əsrlərin yadigarı olan qədim qəbiristanlıq da dağıdılıb, məzarüstü qədim yazılı daşlar, balbaslar oğurlanıb. Bakıdan gəlmiş alimlər qrupu bu vandallığı öyrənib elmi bərpa planı hazırlayır.
Bu yeraltı muzeyi tədqiq edən AMEA Arxeologiya və Antropologiya İnstitutu məhkəmə arxeologiyası şöbəsinin əməkdaşı Akif Quliyev dedi:
– Antik Xocalı mədəniyyətinin izlərini qoruyub saxlamış, düşmənin qarət edib dağıtdığı qədim qəbiristanlıqda apardığımız indiki tədqiqat bu ərazinin qədim sahiblərinin türklər olduğunu bir daha sübuta yetirir. Erməni vandallar bu həqiqəti yer altından və üstündən silmək istəsələr də, çox yadigarları məhv etsələr də, aparsalar da yeraltı muzey bizə yenə lazımi məlumatı verir. Ermənilər ərazidəki qədim 3 kurqanı və orta əsr türbəsini də dağıdıb və qarət ediblər.
Müsahibimiz sonda bildirir ki, bütün bu vəhşiliklər bəşəri cinayətlər kimi qeydə alınır. Qədim Xocalı mədəniyyəti bütün dünya üçün önəmli olan antik tarixi qaynaqdır. Toplanan materiillar beynəlxalq elmi dairələrə də təqdim ediləcək.
Dağıdılmış şəhər qəbiristanlığının yuxarı tərəfində kimliyi 32 ildən sonra məlum olmuş 10 Xocalı şəhidi bu yaxınlarda yüksək ehtiramla, ləyaqətlə dəfn edilib. Sağ qalmış xocalılar kimi, taleyi illər boyu naməlum qalmış şəhidlərin də doğma yurda dönüşü İlahi ədalətin qalib gəlməsinin daha bir göstəricisidir. Onların ruhuna dualar oxuyub səfərimizi bitiririk.
Sonda 32 il əvvəl Xocalı faciəsindən sonrakı günlərdə qəzetimizdə dərc edilmiş hüznlü yazımın son cümlələrini xatırlayıram: “Təbiətdə ayı ilə canavar birlikdə ov etmir. Ayıya və canavara bənzər ikiayaqlı vəhşilər isə Xocalıda bu qaydanı pozaraq birgə insan ovu elədilər. Bütöv bir şəhəri şəhid edib yer üzündən sildilər. Haqqın hökmü ilə Xocalı yenidən diriləcək. Bu qədim yaşayış məntəqəsi və gənc şəhərdə analar yenidən eyvanlardan yuyulmuş uşaq paltarları asacaqlar”.
Gözün aydın Xocalı, o gün gəldi. Bundan sonra Xocalıda eyvanları öz əcdadlarının torpağında doğulmuş uşaqların paltarları bəzəyəcək. Şəhid Xocalının başı üstündə dolaşan nakam ruhlar bu mənzərədən dinclik tapacaq.
Tahir AYDINOĞLU
XQ
Bakı–Xocalı–Bakı