Ermənistanın etirafı Azərbaycanın qələbəsidir

post-img

Ermənistan nə qədər tez yeni geosiyasi reallıqları qəbul etsə, bir o qədər öz maraqları üçün çalışar

Ermənistan etiraf etdi. Atəşkəsi pozduğunu, azərbaycanlı sərhədçini yaraladığını boynuna aldı. İrəvanın bu etirafı Azərbaycanın qələbəsidir, bu, həm də onun göstəricisidir ki, kənar müdaxilələr olmasa, iki qonşu ölkə problemlərini həll edə bilər.

İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda möhkəm sülhün bərqərar olması üçün fəal siyasət yürüdür. Beynəlxalq ictimaiyyət də Bakının sülh gündəliyindən xəbərdardır. Otuz il ərazisinin işğal altında qalmasına baxmayaraq Azərbaycan hazırda iki xalq arasındakı düşmənçilik səhifəsini bağlamağın vacibliyini önə sürür. Lakin Qərbin, xüsusilə də Fransanın təhrikilə Ermənistan sülh prosesinin pozulmasına yönəlik addımlar atır. İstər siyasi, istərsə hərbi müstəvidə də təxribatlara yol verir. Diplomatik səylərini sülh imzalanmasının uzadılmasına istiqamətləndirmiş İrəvan Azərbaycan mövqelərinə də atəş açır. Avropa İttifaqının missiyasının arxasında gizlənən Ermənistan Ordumuzun mövqelərini mütəmadi atəşə tutur və günahı Azərbaycan tərəfinin üstünə atmağa çalışır. Bakını hərbi təcavüzdə ittiham etməyə can atan İrəvan ölkəmizə qarşı qara yaxma kampaniyası aparır. 

Lakin bu günlərdə şərti sərhəd zonasında baş vermiş hərbi insident Ermənistanı etiraf etməyə məcbur etdi. Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunmuşdu. DSX-nin Mətbuat Mərkəzindən bildirilmişdi ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılmış və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanmışdı. Təxribatın Ermənistan tərəfindən edildiyi məlum idi. Ancaq Azərbaycan cəza tədbirlərinə əl atmadı, İrəvanın hadisəni araşdırmasını və nəticəsini açıqlamasını gözlədi. Ölkəmizin öz hərbi qulluqçularının atəşə tutulmasına necə cavab verə biləcəyi Ermənistan tərəfinə çox yaxşı məlum idi.

Ermənistan Bakının təmkinli davranmasını anladı. Hadisəni araşdıran İrəvan Azərbaycan hərbçisini məhz erməni əsgəri tərəfindən yaralandığını açıqladı. Ermənisan İstintaq Komitəsi cinayət işinin başlandığını və günahkarların məsuliyyətə cəlb ediləcəyini bildirdi. Bütövlükdə bu faktı müsbət qiymətləndirmək olar, çünki Ermənistanın hərbi-siyasi rəhbərliyi bu dəfə şərti sərhəddə növbəti silahlı insidentdə Azərbaycanı günahlandırmadı. Normal məntiqə uyğun addımlar atıldı, ümid edək ki, günahkarlar da layiqli cəzalarını alacaqlar. Bundan sonra, Azərbaycana atəş açmaq istəyən hər hansı erməni təxribatçı aydın başa düşəcək ki, qarşısındakı posta atəş açsa, cinayət məsuliyyətindən qaça bilməyəcək. 

Təbii ki, Azərbaycan və Ermənistanın şərti sərhədində baş verən bütün insidentlərin bilavasitə iştirakçıları ilə yanaşı, İrəvanda revanşist əhval-ruhiyyəni alovlandıran silahlı təxribatlarda regiondankənar qüvvələr də günahkardır. Söhbət, ilk növbədə, uzun müddət öz təxribat hərəkətləri ilə Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən, iki ölkə arasında sülhün əldə edilməsi perspektivlərinə xələl gətirən Fransadan gedir. Paris regionda sülhü qorumaq əvəzinə 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı silah və sursatla təmin edir. Fransa Ermənistanda hərbi missiyasını yerləşdirir, İrəvanı növbəti müharibəyə təhrik edir, Cənubi Qafqazı döyüş meydanına çevirmək planını həyata keçirməyə çalışır. Ancaq faktiki olaraq fransızlar Ermənistana qarşı işləyirlər, çünki onlar erməni xalqını növbəti münaqişəyə sövq edirlər. Amma Parisdə də yaxşı anlayırlar ki, Azərbaycanı Qərbin geosiyasi oyunlarına cəlb edə bilməyəcək, Ermənistandan fərqli olaraq Bakı ancaq milli maraqlarına uyğun siyasət yürüdəcək.

Belə demək olar ki, bu gün İrəvanda sağlam düşüncə qalib gəldi. Ermənilər bu dəfə kənar qüvvələrin təhrikinə boyun əyməyərək düzgün addım atdılar. Çünki təcrübə göstərir ki, üçüncü tərəfin müdaxiləsi olmadan ölkələrimiz arasında bir çox məsələləri normal şəkildə həll edilə bilər və bunu təsdiqləyən sübutlar da var. Məsələn, həbsdə olan hərbçilərin mübadiləsi, beynəlxalq tədbirlərin keçirilməsi məsələsində Bakı və İrəvanın namizədliklərinin qarşılıqlı dəstəklənməsi və s. göstərmək olar. Ümid edək ki, İrəvan qeyri-region təhrikçilərin mənafeyinə deyil, öz ölkələrinin maraqlarına uyğun düzgün qərarlar verməkdə davam edəcək. Ermənistan nə qədər tez yeni geosiyasi reallıqları qəbul etsə, bir o qədər öz maraqları üçün çalışar.

M.Səbuhi

XQ

Siyasət