Ağ ev korporativ maraqlarla strateji tərəfdaşlıq arasında gəzişir
ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Abram Peylinin Cənubi Qafqaz ölkələrinə turnesi, ilk baxışda qəfil sayıla biləcək səfəri bölgədəki mövcud geosiyasi vəziyyətin nəzərə alınması baxımından o qədər də gözlənilməz deyildi. Xəbər verildiyi kimi, Ağ evin xüsusi elçisi region ölkələrinə səfəri çərçivəsində görüşdüyü yüksək səviyyəli rəsmilərlə “İran hakimiyyəti, sanksiyalara əməl olunması və Tehran rejiminin sabitliyi pozmağa yönəlik davranışları ilə mübarizədə davam edən səyləri” müzakirə edib.
Bakıdan öncə İrəvanda olan A.Peyli İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Milli Təhlükəsizlik Şurasının üzvləri, Mərkəzi Bank rəsmiləri, Dövlət Gəlirləri Komitəsinin rəhbərliyi ilə, Tbilisidə isə Gürcüstan xarici işlər nazirinin müavini, Milli Bankın rəhbərliyi ilə görüşlər keçirib.
Vaşinqton hara qədər səmimidir?
Əslində, ABŞ-nin müxtəlif ranqlı və çinli rəsmilərinin bölgəyə səfərlərinin leytmotivini məhz Bakı ilə təmasların qurulması məqamı təşkil edib. Çünki Ağ ev Azərbaycanın Cənubi Qafqazda aparıcı güc amilinə çevrildiyini yaxşı anlayır. Bakı ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq əvəzinə, hazırda rəsmi İrəvan və onun Qərbdəki tərəfdarları ilə anti–Azərbaycan cəbhəsində yer alan Vaşinqtonun bu yanlış mövqeyə gec–tez korrektələr edəcəyi qaçılmazdır. Ən azı bu reallığı nəzərə aldıqda ABŞ rəsmilərinin ölkəmizə səfər etmələri, burada ən müxtəlif formatlarda görüşlər keçirmələri bizdən daha çox onların marağındadır. İntəhası, onu da unutmamalıyıq ki, “demokratiyanın beşiyi”ndə müxtəlif lobbiçilər, ermənipərəst dairələr, Senat və Konqresdəki ayrı–ayrı qruplar ABŞ– Azərbaycan münasibətlərini zədələməkdən ötrü əllərindən gələni etməyə çalışırlar. Fəqət bütün bunlara baxmayaraq, hazırda Birləşmiş Ştatlarda ölkəmizin qədir–qiymətini bilən, həm yerləşdiyi geopolitik mövqeyinə, həm də Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli roluna görə Azərbaycanı dəyərləndirən sağlam qüvvələr də az deyil. Bu kontekstdən yanaşanda, yəqin, ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Abram Peyli də bu həqiqətləri bilməmiş deyil.
A.Peylinin Azərbaycana səfərinin və Bakıda keçirdiyi görüşlərin Yaxın Şərqdə baş verən hadisələr və Tehranın Cənubi Qafqazdakı rolu ilə birbaşa bağlı olduğu şübhəsizdir. Bu mənada ABŞ təmsilçisinin regiona səfəri və burada müəyyən müzakirələr aparması təbiidir. Xüsusi elçinin səfərinə aktuallıq və operativlik qatan amil kimi İranın Suriyadakı səfirliyinin İsrail tərəfindən raket atəşinə tutulması faktını göstərmək olar. Yaxın Şərqdə vəziyyət onsuz da qarışıq, münasibətlər tarıma çəkilmiş durumdadır. Səfirliyə raket zərbəsinin bu durumu daha da qəlizləşdirəcəyi şəksizdir. Son məlumatlara görə, hücum nəticəsində həlak olan 11 nəfərdən 7-si SEPAH-ın hərbi müşaviridir.
Tehrandan səslənən “köhnə avazlar”
Aydın məsələdir ki, indi Tehran revanş barədə düşünür. İsrailə əli çatmadığına görə bölgədə nəzarəti altında olan silahlı qruplar vasitəsilə müəyyən addımlar atmağa çalışacaq. Bu versiyaya dəstək verən arqumentlərdən biri də İran parlamentində səslənən fikirlərdir. Cəlal Rəşidi Kuci adlı deputat İsraildən intiqam alınmasından danışarkən cəfəng və avantürist təkliflə çıxış edib. O, İsrailin Azərbaycandakı səfirliyinə hücum etmək planını irəli sürüb. “Sionistlərin bölgədəki diplomatik mərkəzlərindən birini, ən yaxşısı, Azərbaycandakı diplomatik nümayəndəliyini birbaşa hədəfə almaq lazımdır”, – deyən deputat bununla həm də İsraillə Azərbaycan arasındakı normal əməkdaşlıq münasibətlərinə işarə vurub.
2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində terror törədildiyi azlıq edirmiş kimi, indi də İran parlamentinin əmmaməli deputatları hökuməti İsrailin Bakıdakı səfirliyinə qarşı terror hücumu həyata keçirməyə çağırırlar. Əslində, bu qəbildən olan təxribatçı çıxışlara rəsmi Tehranın sakit yanaşması dini–siyasi rəhbərliyin də deputat Cəlal Rəşidi Kuç kimi düşündüyündən xəbər verir. Tehran rejiminin “repertuarından” belə radikal “mahnıların” hələ də çıxmadığına yalnız təəssüflənmək olar.
Qərbin və həmin ABŞ-nin İrana qarşı çeşidli ssenarilərində yer almayan Bakı bunun əvəzində Tehrandan həmişə qərəzli münasibət gördü. Hazırkı vəziyyətdə Ağ evin xüsusi elçisinin Azərbaycan rəsmiləri və bank sektorunun nümayəndələri ilə görüşündə Qərbin sanksiyaları altına düşən “Bank Melli İran” mövzusuna da toxunduqları real görünür. Həmin bankın filialı on illərdir ki, ölkəmizdə fəaliyyət göstərir. Yəni, Abram Peylinin sanksiyalarla bağlı dedikləri bu ehtimalı irəli sürməyə əsas verir. Ümumiyyətlə, bölgədə bank, maliyyə sistemləri ilə bağlı qəribə gəlişmələr müşahidə olunur. Məsələn, Ermənistanın əksər bankları Rusiyanın “Mir” ödəmə sisteminin xidmətlərindən imtina edib. Amma “İran Mellat Bankı”nın filialı İrəvanda 1996-cı ildən fəaliyyət göstərir. Bu bank Ermənistan və Rusiya bankları ilə İranın “Şetab” sistemi vasitəsilə əməkdaşlıq edir. Tehran və Moskvanın gündəliyində “Mir” – “Şetab” əməkdaşlığı layihəsi də var.
Səmərəli atmosferə köklənən səfər
Qayıdaq Co Bayden Administrasiyasının yüksək çinli nümayəndəsinin Bakıya səfərinə. Bu səfəri çərçivəsində A.Peyli Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşlər keçirib. Həmin görüşlərin nəticələri barədə Ağ evin İran üzrə xüsusi elçisi A.Peyli bunları bildirib: “Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr apardıq”.
ABŞ rəsmisinin Bakıda, həmçinin İsrailin səfiri Corc Diklə “İranın regionda sabitliyi pozan davranışlarını” müzakirə etməsi də diqqətdən yayınmayıb. A.Peyli həmin görüş barədə təəssüratını sosial şəbəkədə bu cür ifadə edib: “İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox xoşdur”. Digər bir paylaşımında isə Ağ evin İran üzrə xüsusi elçisi yazır ki, “Cənubi Qafqaza səfərim səmərəli atmosferdə keçmişdir”.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peylinin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər Yaxın Şərqdə baş verən hadisələr və Tehranın Cənubi Qafqazdakı rolu ilə birbaşa bağlıdır. Amerikalı diplomat Prezidentin köməkçisi Hikmət Hacıyevdən sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə də görüşübsə, əsas mövzunun məhz İranın siyasəti olduğu bəllidir.
Vaşinqton Tehranın bölgədəki planlarından narahatdır. A.Peylinin İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşməsi və İran rejiminin regionda sabitliyi pozan davranışları barədə müzakirələr aparması isə İsrail–İran qarşıdurması ilə bağlıdır. Vaşinqton hesab edir ki, Tehran İsrailin İranın Suriyadakı konsulluğuna raket hücumunun intiqamını almaq üçün Cənubi Qafqazdakı “imkanlarından” da istifadə edə bilər. Təsadüfi deyil ki, iranlı deputatlardan biri İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etməyə çağırıb. Bu çağırış Azərbaycanla yanaşı, ABŞ və İsraili də ciddi narahat edib. Bir ölkə ki, qonşu ölkənin millət vəkilinə qarşı sui-qəsd təşkil edir, kəşfiyyat şəbəkəsi vasitəsilə icra hakimiyyətinin başçısını öldürmək istəyir, həmin ölkədən başqa təhlükəli addımlar da gözləmək mümkündür. Ona görə mümkün təhlükəyə qarşı mübarizədə xəbərləşmə vacibdir. Bununla yanaşı, Vaşinqton İran–Ermənistan münasibətlərindən narahat olmalıdır. Çünki məhz Ermənistan İranla eyni mövqedən çıxış edir.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
Ümumiyyətlə, ABŞ rəsmilərinin İranla bağlı bölgəyə səfərləri tez-tez olur. Düzdür, əsas məlumatlar buradakı səfirlik vasitəsilə Vaşinqtona çatdırılır. Hər halda, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda belə səfərlər başadüşüləndir. Onu da qeyd etmək lazımdır ki, təhlükəsizlik məsələləri ilə bağlı hazırda Azərbaycan və ABŞ arasında da müəyyən böhran əlamətləri var. Konqresin “907-ci düzəliş”i, faktiki olaraq, yenidən qüvvəyə minib.
Görünən odur ki, Vaşinqtonun İrana qarşı ənənəvi yanaşması, yəni Tehranın bölgəyə təsir imkanlarını məhdudlaşdırmaq siyasəti qüvvədədir. Ağ evin xüsusi elçisi Abram Peylinin Bakıda keçirdiyi görüşlərin məqsədi məlumat əldə olunması, fikir mübadiləsi aparılması kimi məsələlər olub. Digər tərəfdən, ABŞ-da Demokrat Partiyası daxilində bu məsələyə fərqli yanaşmalar mövcuddur. Mənə belə gəlir ki, demokratlar İranla bağlı böhranı diplomatik yolla həll etməyə meyillidirlər. Yəni, burada Co Baydenin Tehrana qarşı hansısa güc tətbiq etmək planından söhbət getmir.
Bu kontekstdən yanaşanda, Peylinin bölgəyə gəlişi, bir növ, kəşfiyyat xarakterli səfərdir. Belə səfərlər mütəmadi şəkildə həyata keçirilir. Növbəti səfərdən sonra dediyimiz mövzuda hansısa dəyişikliyin baş verəcəyini gözləmirəm. Güman etmək olar ki, İsrailin İranın Suriyadakı səfirliyinə endirdiyi zərbə vəziyyəti müəyyən qədər dəyişsin. İndiki durumda İranın özü üçün yeni cəbhə açmaq kimi istəyinin olduğunu da güman etmirəm. Yəni, ABŞ–İran münasibətlərində kəskin dəyişikliyin, yaxud genişmiqyaslı əməliyyatın baş verəcəyini gözləmirəm.
İmran BƏDİRXANLI
XQ