İmran BƏDİRXANLI
imranbedirxanlı[email protected]
İndi zaman Ermənistanı sanki, avtomagistraldan kənd yoluna çəkir
İrəvanın ABŞ – Avropa İttifaqı (Aİ) – Ermənistan üçlüyünün aprelin 5-də Belçika paytaxtında bu formatda ilk dəfə keçiriləcək görüşünə böyük ümidlər bəslədiyi, hətta sevindiyi sirr deyil. Ermənistan hakimiyyəti bunu heç gizlətmək belə istəmir. Axı niyə də sevinməsin? Dünyanın iki supergücü bir yerdə Hayastanı qucaqlarına alıb başını tumarlayacaq, guya, düşdüyü durumdan çıxış yolu göstərəcək, ortaq mövqe sərgiləyəcək və konkret qərarlar verəcəklər.
Nikol Paşinyan iqtidarının bu görüşdən nəyi əldə etməyi hədəflədiyini təxmin etmək o qədər də çətin deyil. Onun birinci hədəfi Moskvadan tez və başağrısız ayrılmaqdır. Ssenariyə görə, bundan sonrakı hədəf sülh danışıqlarında Azərbaycanın qarşısına güclü və arxalı tərəf kimi çıxmaqdır. Bunu bacaracağı təqdirdə İrəvan Bakı ilə ikitərəfli danışıqları müharibədə məğlub olmuş ölkə kimi deyil, “bərabərhüquqlu opponent” qismində aparmağa və sülh sazişini də məhz bu statusda imzalayacağına ümid edir.
Sülh danışıqlarında üçüncü tərəfin iştirakından əlini hələ də tam üzməyən Ermənistan rəhbərliyinin bundan sonrakı davranışının xarakteri Brüssel görüşünün nəticəsindən asılı olacaq. Rusiyanın pəncəsindən mümkün qədər tez qurtulmaq! Paşinyan komandasının nail olmağa can atdığı strateji nəticə budur. Amma, bu, heç də kənardan göründüyü qədər asan deyil. Bu xüsusda rəsmi İrəvanın diqqətinə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yer almış bir qənaəti çatdırmağımız gərəkdir: “Qərb Ermənistan üçün Rusiyanı əvəzləyə bilməz. Bu, xüsusilə Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır...”. Məntiqi olduğu qədər də ibrətamiz qənaətdir.
Bəli, Ermənistan özünə təhlükəsizlik zəmanətini bölgədə deyil, uzaqlarda axtarmaqla ciddi səhvə yol verir. Hesabatda qeyd olunduğu kimi, Birləşmiş Ştatlar başda olmaqla, Qərb bu zəmanəti ona verə bilməz. Hayastanın Qərbin onun qulağına üfürdüyü yad notlara pərvazlanıb göylərdə süzmək əvəzinə, bölgədəki qonşularına, “3+3” formatlı “Qazqaz evi”nə nəzər salmaları daha məntiqli olmazmı? Yoxsa Fransanın başında durduğu Aİ və ABŞ kimi təmənnalı havadarlarına uyub iqtidarlı-müxalifətli cəmiyyətində radikal şovinizmin, revanşizmin daha da güclənəcəyini göz altına almalı olan Paşinyan iqtidarı indiki şərtlərlə Azərbaycanla sülhə gəlməyin vacibliyini, ondan gözlənilən addımları atmağın zəruriliyini arxa plana keçirməklə vəziyyəti bir az da qəlizləşdirəcək. Əlbəttə ki, yalnız özü üçün. Bakı isə İrəvana “gəl–gəl” deyənlərin əsl məqsədlərinin nə olduğuna, bölgəni nə üçün qarışdırmaq istədiklərinə təkrar aydınlıq gətirmiş olacaq.
İndi sağa–sola vurnuxan məğlub Hayastan üçün ən ciddi imtahan “tərəfdaşlarının” siyasi testindən deyil, zamanın sınağından çıxması olacaq. Zaman isə getdikcə daralır. Üç il altı aydır ki, Azərbaycanın, eləcə də Türkiyənin Ermənistana uzatdığı sülh və əməkdaşlıq əli havada asılı qalıb. Elementar məntiqə görə, əgər Paşinyan qloballaşan çağdaş dünyanın geosiyasi coğrafiyasında bu adda dövlətin qalmasını doğrudan da istəyirsə, bu halda nə Qərbin, nə də Şimalın deyil, qonşularının əlini sıxmalıdır. Həm də bunu mümkün qədər tez etməlidir. İki gün sonra Brüsseldə təzə heç nə baş verməyəcək. “Bütün təzələr yaddan çıxmış köhnələrdir” – postulatını haylara xatırlatmağın məqamıdır.
Yuxudan yenicə ayılıbmış kimi, təhlükəsizliyinə zəmanəti Alp dağlarının arxasındakı Fransada, yaxud okeanın o üzündəki ABŞ-da axtaran İrəvan keçmişdə qalmış, arxivə göndərilmiş bu uğursuz planlarından əl çəkməli, barıt qoxusu gələn tərəfi deyil, ona uzadılan sülhməramlı əli seçməlidir!