Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında Brüsseldə keçiriləcək görüş Azərbaycanda diqqətlə izlənilir. Rəsmi Bakı görüşdən narahatlıq duyduğunu bəyan edib. Bu da səbəbsiz deyil. Çünki burada söhbət beynəlxalq birliyin sivil üzvü olan, hüququn aliliyini tanıyan hansısa dövlətdən deyil, Ermənistandan gedir. Ermənistan isə Azərbaycana qarşı təcavüzkar müharibə aparmış, bunun nəticəsində torpaqlarımızın 20 faizini işğal etmiş, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkünə çevirmiş, xalqımıza qarşı silsilə terror aktları törətmiş, genosidə, ekosidə, urbisidə imza atmış, işğal etdiyi ərazilərdə separatçı xunta rejimi yaratmış, onun inkişafına hər cür dəstək göstərmiş başabəla bir dövlətdir.
Rəsmi İrəvan 1994-cü ildən 2020-ci ilədək məsələnin, guya, sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycanla danışıqlar apardı. Əslində, imitasiya ilə məşğul oldu. Təcavüzkar ölkə BMT-nin üzv dövlətlərinin qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanıdığı torpaqların danışıqlar yolu ilə bir qarışını da qaytarmadı. Beləliklə, İkinci Qarabağ müharibəsinin başlanmasına rəvac verdi. Müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. Ancaq müharibədən ötən 3 ilə yaxın dövrdə İrəvan “bəlkə də qaytardılar” xülyası ilə yenə öz əməllərindən qalmadı. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər vəchlə mane oldu. Ermənistan baş nazirinin 2023-cü il sentyabrın 2-də “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin qəbul edilməsinin 32-ci ildönümü günü ilə bağlı separatçılara təbrik məktubu ünvanlaması Azərbaycanın səbr kasasını daşırdı. Nəticədə “dəmir yumruq” yenidən işə düşdü. Bir günlük antiterror tədbirləri Azərbaycan ərazilərində erməni separatizminin kökünün tamamilə kəsilməsinə gətirib çıxardı.
Bunları xatırlatmaqda məqsədimiz Avropa Komissiyasının və ABŞ-nin necə bir dövlətə dəstək verməyə, o cümlədən hərbi kömək göstərməyə hazırlaşdıqlarını göstərməkdir. Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ də imzalanmayıb, dövlətlərarası münasibətlər yaradılmayıb. İki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası həyata keçirilməyib. İrəvan hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamağa davam edir. Eyni zamanda, sürətlə silahlanır. Fransadan, Hindistandan silah-sursat və hərbi texnika alır. Üstəlik, ABŞ-nin əsas düşmənlərindən olan İranla əməkdaşlığı genişləndirir. Elə bugünlərdə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin və döyüş texnikasının cəmləşdirilməsi barədə rəsmi məlumat yayıldı. Qeyd edildi ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələri qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaratması, fortifikasiya qurğuları inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
Məsələnin maraqlı tərəfi ABŞ-nin tutduğu mövqedir. ABŞ BMT Nizamnaməsinə görə, dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan və daimi fəaliyyət göstərən ali orqan olan Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Vaşinqton dəfələrlə sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirib. Ötən il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə görüşünə evsahibliyi edib.
Ağ evin və Dövlət Departamentinin bu mövqeyi ölkəmizdə haqlı narazılıq doğurub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Aİ–Ermənistan–ABŞ görüşü ilə bağlı medianın suallarına cavab olaraq bildirib ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta, BMT TŞ-nin Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada dəstək almayıb.
A.Hacızadə qeyd edib ki, Aİ və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: “Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və “təsir dairələri” yaradır”.
XİN sözçüsü onu da bildirib ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür İrəvanın Azərbaycana qarşı yeni mümkün təxribatlarında Aİ və ABŞ-nin Hayastanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.
Sözsüz ki, Brüssel və Vaşinqtonun İrəvana bu dəstəyi göstərməkdə əsas məqsədlərindən biri də Ermənistanı Rusiyadan daha çox qoparmaqdır. ABŞ əsas düşmənlərindən olan Rusiyanı planetin hər yerindən, o cümlədən postsovet məkanının Avropa və Asiyanın kəsişməsində yerləşən, mühüm kommunikasiya xətlərinin keçdiyi Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir.
Ermənistan hökuməti isə artıq Qərblə əməkdaşlığın daha prioritet olduğunu bəyan edib. Paşinyan komandasının üzvləri bu barədə açıq danışmasalar da, sirr deyil ki, onlar Rusiyanı öz hökumətlərinə təhdid kimi görürlər. Belə olan təqdirdə, demonlaşdırdıqları Rusiyadan “qorunmaq üçün” Qərbə daha çox sığınırlar. Onu da qeyd edək ki, Paşinyan bir müddət öncə Qərblə əməkdaşlığı genişləndirmək üçün daha nələr edə biləcəkləri istiqamətində düşündüklərini açıqlamışdı. Güman etmək olar ki, Brüssel görüşü bu düşüncələrin nəticəsi kimi meydana çıxıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib ki, Vaşinqton Cənubi Qafqazı poliqona çevirmək istəyir. Onun sözlərinə görə, ABŞ-nin dünyada 100-dən çox hərbi bazası var. Bu bazaların saxlanılmasına ildə təxminən 200 milyard dollar vəsait xərclənir: “Təbii ki, ABŞ onları səbəbsiz yerə, yəni münasib olmayan yerlərdə açmır. Həmin bazalar sülhün və əmin-amanlığın təmin olunmasına deyil, ABŞ-nin maraqlarına xidmət edir. ABŞ dünyanın müxtəlif yerlərində proseslərə bu bazalar vasitəsilə təsir etməyə çalışır. Müxtəlif vaxtlarda Gürcüstan, Ermənistan və Azərbaycanda baza yaratmaq cəhdləri olub. Amma bu cəhdlərin uğurlu olduğunu demək mümkün deyil”.
Y.Karauzun sözlərinə görə, aprelin 5-də keçiriləcək görüş Ermənistanı qoruma paktı adlandırıla bilər: “Paktın imzalanmasının əsas məqsədi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Eyni zamanda, Ermənistanın cənubdan İranla həmsərhəd olduğunu da unutmaq olmaz. ABŞ istəyir ki, Azərbaycan və Türkiyəyə təsir imkanlarını, proseslərə müdaxilə edə bilməyi qoruyub saxlasın. Təbii ki, bu hərəkətlər bölgəyə sülh, sabitlik və iqtisadi inkişaf gətirmir. Onların niyyəti Cənubi Qafqazı Yaxın Şərqin, Şimali Afrikanın gününə salmaqdır”.
Türkiyəli hərbi ekspert qeyd edib ki, böyük dövlətlərin münaqişə və qarşıdurma vəziyyətində olması region üçün yaxşı heç nə vəd etmir: “ABŞ-nin addımları Cənubi Qafqazda söndürülmüş münaqişə ocağının yenidən alovlanmasına xidmət edir. Azərbaycan, Türkiyə, Rusiya, daha sonra İran buna müqavimət göstərməli, lazımi tədbirlər görməlidir. Türkiyə və Azərbaycan arasında mövcud siyasi, hərbi və iqtisadi əlaqələr artıq ABŞ-nin atdığı addımların iki dövlətə təsirini minimuma endirəcək gücə malikdir”.
Rusiyalı hərbi ekspert Aleksey Xlopotov “Caliber.az” saytına bildirib ki, Brüssel görüşündən sonra Ermənistanın Rusiyadan ayrılması prosesi daha da sürətlənəcək: “Bəli, çox güman ki, belə olacaq. Bu görüşdən sonra Rusiya bazasının çıxarılması və Ermənistanın KTMT-dən çıxması prosesi əməlli-başlı sürətlənə bilər. Bu vəziyyətdə Rusiyanın nə edə biləcəyini söyləmək çətindir. Məncə, yeganə real təzyiq vasitəsi iqtisadi amildir. Rusiya Ermənistandan keçən paralel idxal dəhlizini bağlaya bilər. Amma bu, hər iki tərəf üçün ağrılı olacaq. Mənə Rusiyanın, ümumiyyətlə, heç nə etməyəcəyi daha real görünür. Ermənistan bazanı çıxarmaq qərarına gəlsə, Moskva formal şəkildə təəssüfünü bildirəcək və çıxaracaq. Bu variant daha çox ehtimal olunur. Çünki hazırda Rusiya Federasiyası üçün Ukraynadakı qoşun qruplaşmasını gücləndirmək daha vacibdir. Düşünürəm ki, Putin artıq Türkiyə və Azərbaycandan müəyyən təminatlar alıb və ona görə də Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə qarışmayacaq. Rusiyanın bu gün bunun üçün nə resursları, nə də təsirli vasitələri var”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev isə “XQ”yə açıqlamasında bildirdi ki, Aİ indiyədək Ermənistana hərbi dəstək göstərdiyini gizlətmirdi və bu funksiyasını Fransaya həvalə etmişdi. İndi isə prosesə ABŞ də qoşulur: “Bugünlərdə ABŞ-dən gələn hərbi təlimatçıların Ermənistan ordusunun hərbi qulluqçularına təlim keçəcəyi açıqlandı. Bu ordu isə işğalçı ordudur. Belə bir ordu hazırda silahlandırılır. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən, Ermənistanı iqtisadi cəhətdən dəstəkləmək İrəvanın iddialarına dəstək vermək anlamına gəlir”.
Politoloq qeyd etdi ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qaldığı dövrdə ölkəmizə, demək olar, iqtisadi yardım edilmirdi, yalnız qaçqınlara humanitar kömək göndərilirdi. Bu gün işğalçı ölkəyə yardım göstərmək isə onu dəstəkləmək deməkdir. Qərbin Ermənistana siyasi dəstəyi də açıq-aşkar ortadadır.
C.Vəliyev, həmçinin Ermənistanda ABŞ-nin hərbi bazasının yaradılmasını istisna etmədiyini vurğuladı. Dedi ki, bunun nümunəsi daha öncə Qırğızıstanda yaşanıb. Orada həm ABŞ-nin “Manas” adlanan bazası, həm də Rusiyanın hərbi bazası mövcud idi. ABŞ bazası bağlanıb, rus bazası isə qalıb.
Səxavət HƏMİD
XQ