Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ceyhun Bayramov və Jan-Klod Qakosso arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniş tərkibdə görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan ilə Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Ölkəmizin QH-yə sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.
Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini bildiriblər.
Nazir Jan-Klod Qakosso Azərbaycana səfərindən məmnunluq duyduğunu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə də görüşüb.
Görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, beynəlxalq səviyyədə İslam dininə qarşı təhdidlər, dini həmrəylik məsələləri müzakirə olunub.
Nazir ölkəmizin İslam dünyasında birlik və həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın İslam dünyasında əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının təqdirəlayiq hesab edildiyini diqqətə çatdırıb. Ötən ilki təcrübəyə uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətli olduğu qeyd edilib.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
XQ