İrəvan istənilən hərbi avantüraya görə layiqli cavabını alacaq
Ermənistan rəhbərliyi ağıllanmır, özünü qeyri-adekvat aparır. Bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən Azərbaycan ilə şərti sərhədə qoşun toplayır. Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi haqda bəyanatı da təsdiqləyir ki, İrəvan yaxın tarixdən dərs çıxarmaq istəmir, Qərbin xəyali dəstəyinə ümid edərək, regionda vəziyyəti gərginləşdirməyə can atır. Ancaq Ermənistan rəhbərliyi və onun havadarları anlamalıdır ki, Azərbaycan əvvəllər olduğu kimi, bu dəfə də istənilən hərbi təxribatın qarşısını qətiyyətlə alacaq!
İkinci Qarabağ müharibəsində möhkəm döyülmüş və darmadağın olaraq zəifləmiş Ermənistan yeni məcaralar axtarışındadır. Kiçik, amma qorxaq addımlarla Rusiyanın çətirinin altından çıxmağa çalışan İrəvan Azərbaycanla şərti sərhəddə yeni təxribatlar hazırlayır. Yenə də ABŞ və Avropa İttifaqının arxasından boylanaraq Azərbaycan əsgərinə diş qıcamaq istəyir. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Xəbərdə vurğulanır ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Bu, bir təsadüf ola bilərmi? Ermənistan rəhbərliyinin son vaxtlar Qərblə təmaslarının məzmunu belə düşünməyə əsas verir ki, ermənilərin şərti sərhədə canlı qüvvə və hərbi texnika yığması təsadüf sayıla bilməz. İrəvanın belə cəsarətlənməsi okeanın o tayından və “Köhnə qitə”dən verilən dəstək bəyanatları ilə bağlıdır. Xatırladaq ki, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə Brüsseldə görüşü planlaşdırılır. Rəsmi Bakı görüşün belə formatda keçirilməsini kəskin şəkildə tənqid edir. Görüşün hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatların əlavə narahatlıq doğurduğunu və regionda sülh quruculuğu səylərinə xələl gətirdiyini vurğulayan Bakı xəbərdarlıq edir ki, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər.
Müdafiə Nazirliyinin son məlumatı da göstərir ki, XİN-nin Qərbə ünvanladığı xəbərdarlıq əbəs deyil. Ermənilər yenə də illüziyaya qapılırlar. İrəvan 2020-ci il müharibəsindən sonra ortaya çıxan reallıqları qəbul etmək istəmir. Normallaşma prosesi davam etdiyi bir vaxtda Ermənistan öz öhdəliklərini yerinə yetirmir və bununla da gərginlik yaratmaqla diqqəti yayındırmağa, bununla da normallaşma prosesinə xələl gətirməyə çalışır. Ermənistanı destruktuv mövqedən çəkilməsinə də Qərbin səsləndirdiyi vədlər mane olur. Ermənistanı dəstəkləyən Qərb ölkələri də gözəl anlayırlar ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq mühitinin yaradılması, münaqişələrin və təhdidlərin aradan qaldırılması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlərdə müzakirə olunur. Ancaq Qərb Ermənistanın bu gün regional proseslərə təsir etmək və regiondakı geostrateji reallıqları dəyişmək imkanının olmadığını anlasa da, İrəvanı öz maraq orbitinə daxil etməyə çalışmaqla və müxtəlif yardımlar edəcəyini vəd etməklə regional barışıq prosesini təhlükə altına atır.
Qərbin motivi məlumdur. Rusiya və Çin ilə qlobal qarşıdurma vəziyyətində olan Qərb dünyanın müxtəlif strateji regionlarında maraqlarını təmin etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunun yeni geosiyasi transformasiyası fonunda Qərbin yeni “Böyük Oyun”a başlaması da təsadüfi deyil. “Böyük şahmat lövhəsi”ndə qurbanlıq piyadaya çevrilmiş Ermənistan region dövlətlərilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq əvəzinə, minlərlə kilometr uzaqda yerləşən ölkələrə bel bağlamağa can atır. Xüsusilə də ABŞ və Fransadan Ermənistana dəstək İrəvanı revanşizmə sövq edən mühüm addımlardan biridir. Ermənistan rəsmiləri Fransa və Hindistandan müasir silahlar, hərbi texnika aldıqlarını bildirir, silah aldıqları başqa dövlətlərin də olduğunu açıq şəkildə bildirirlər. Əlbəttə, bu bəyanatlar bir daha təsdiqləyir ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır və bu məsələdə ermənipərəst beynəlxalq qüvvələrin imkanlarından istifadə edir.
Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında fəal rol oynayırlar. Ermənistanın ABŞ-dan mənəvi və siyasi dəstəyi də təəssüf doğurur. Bütün bu faktlar onu göstərir ki, bu qüvvələr regionda yeni müharibənin başlamasında maraqlıdırlar və Ermənistanı buna doğru sövq edirlər. 5 aprel görüşü də bu məqsədə xidmətə edir və Qərbin riyakar siyasətini bir daha təsdiqləyir. 30 illik işğal dövründə Azərbaycan üçün bir dəfə də olsun konfrans keçirməyən ABŞ və Avropa İttifaqı indi işğalçı və uzun illər beynəlxalq hüquq normalarını tapdalayan Ermənistana dayaq durmağa çalışır. Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı strateji rola baxmayaraq, Qərb Ermənistanı yeni müharibəyə hazırlayır və Ermənistan üçün mini-Nato mexanizmi yaradır, Azərbaycana qarşı silahlandırır. Əlbəttə, Azərbaycan bütün bunları görür və zəruri addımlar atır. Ancaq Ermənistan və onun havarları unutmamalıdır ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür və Azərbaycan milli maraqlarına zidd olan istənilən təhlükənin qarşısını qətiyyətlə alacaq.
Səbuhi MƏMMƏDOV
XQ