Qərb “parçala və hökm sür” siyasətinə yeni nəfəs verməyə çalışır
Tarixin təkrarlanmasına dair xeyli canlı nümunə və yaşanmış reallıqlar silsiləsi mövcuddur. Bəzən fərdlər, ayrı–ayrı dövlətlər, hətta birliklər eyni səhvləri iyirmi, əlli, hətta yüz il sonra təkrarlayıblar. Haqqın, ədalətin əleyhinə getməyə, zamanın çarxını geri döndərməyi düşünən ağılsızlar keçmişdə olanlardan ibrət götürmək əvəzinə, olanları yenidən təkrarlamağa, bir növ, axar suya ikinci dəfə girməyə faydasız cəhdlər göstərirlər. Əvvəlcədən son aqibətlərini bilsələr belə. Tarix geri dönmür, yeni forma və məzmunda təkrarlanır.
* * *
Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə can atır. Bu düşərgə öz məqsədinə çatmaq üçün Ermənistan üzərindən çeşidli siyasi gedişlər edir, birgə layihələri həyata keçirməyə çalışır. Aprelin 5-də Brüsseldə baş tutacaq Avropa İttifaqı–Ermənistan–-ABŞ birgə konfransını da məkrli məqsədlərinə çatmaq üçün düşünülən ssenari kimi qiymətləndirmək lazımdır. ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündə müzakirəyə çıxarılacaq mövzuların arasında hərbi xarakterli əməkdaşlığın yer alması xüsusi maraq doğurur. Bu, həm də onu göstərir ki, Azərbaycanın bugünədək Aİ-nin və Ağ evin Cənubi Qafqaz planlarına yanaşmada tutduğu prinsipial mövqe tamamilə düzgündür.
5 aprel görüşü ilə bağlı mediaya açıqlama verən ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Müller bildirib ki, Brüssel görüşündə “ticarət tərəfdaşlarını şaxələndirməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına və humanitar ehtiyaclarının ödənilməsinə diqqət yetiriləcək”. Ağ ev rəsmisinin bu açıqlamasından sonra ortaya sual çıxır: Millerdən fərqli olaraq, rəsmi İrəvan ölkənin ticarət tərəfdaşlarının sayını artırmaqdan deyil, özünün xarici siyasətinin və təhlükəsizliyinin şaxələndirilməsi zərurətindən bəhs edir. Bunu necə başa düşək? Ermənistan beynəlxalq hüququn subyekti kimi mövcudluğunu qoruyub saxlaya bilməsi üçün “xarici siyasətin və təhlükəsizliyin şaxələndirilməsi” bəhanəsi ilə özünü fərqli qütblərin menyusuna təqdim etməyi bacarır. Əks–təqdirdə Ermənistan hansı ticarət potensialına malikdir ki, üstəlik, onu şaxələndirməyə də ehtiyac hiss eləsin?
M.Miller açıqlamasında onu da bəyan edib ki, Brüssel görüşü çərçivəsində aparılacaq müzakirələr zamanı Azərbaycanla bağlı məsələlər də müzakirə oluna bilər, amma bu, üçtərəfli görüşün hədəfi deyil. Əgər konfransın işgüzar planı onun dediyi kimidirsə, onda ortaya ikinci sual çıxır: Ermənistan mediası və siyasi dairələri “təhlükəsizliyə təminat”la bağlı iddiaları niyə tirajlayırlar? ABŞ və Aİ-nin Ermənistanın “təhlükəsizliyinə təminat verən”, əslində, hərbi pakta bərabər tutulacaq sənədi imzalamağa hazırlaşdıqları məlumdur. Nədənsə Dövlət Departamentinin rəsmisi bu məsələyə aydınlıq gətirməyib. O, bunun əvəzində media mənsublarına “narahatlığa heç bir əsas yoxdur” deyib. Bunu deyərkən M.Millerin nə dərəcədə səmimi olduğunu müəyyənləşdirmək çətindir.
* * *
Qərbin Cənubi Qafqazla bağlı siyasətinin pərdə arxasında görünən odur ki, Vaşinqton və Brüsselin timsalında anti–Azərbaycan düşərgəsi bölgəni növbəti və daha qanlı müharibəyə sürükləməyi hədəfləyir. Elə 5 aprel görüşünün yekununda imzalanacağı gözlənilən pakt birbaşa regionda sabitliyin və sülhün bərqərar olmasının qaşısını almağa xidmət edəcək. “Üçlər”in belə bir taktikanı seçməsinin əsas səbəbi kimi ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın Qərbin təsir dairəsindən uzaqlaşması, müstəqil xarici siyasət yeritməsini göstərmək olar. Məlum konfransdan sonra Ermənistanda revanşist meyillərin güclənəcəyi, real hərbi qarşıdurma təhlükəsinin yaranacağı təqdirdə, baş verənlərin bütün məsuliyyəti həm Aİ-nin, həm də ABŞ-ın boynunda qalacaq.
Bu məqamda tarixə qısa ekskurs yerinə düşər. Deyəsən, ABŞ Türkiyə və Qafqazla bağlı 106 il əvvəlki planını tarixin toz başmış rəfindən götürüb onu bir daha həyata keçirmək barədə düşünür. Söhbət 1918-ci ildə ortaya atılmış “Vilson planı”ndan gedir. Bəs, Vilsonun planı nədən ibarət idi? Plan 1918-ci il yanvarın 8-də ABŞ-ın 28-ci prezidenti V.Vilsonun təklifi ilə Konqres tərəfindən qəbul edilən 14 maddəlik sənəddə öz əksini tapıb. XX əsrin əvvəllərində beynəlxalq miqyasda söz sahibinə çevrilən ABŞ yeni dünya düzənini formalaşdırmaq məqsədilə özəl prinsiplərini ortaya qoymaq istəyində idi. Bu yolda onun qarşısını kəsən əsas maneə Türkiyə sayılırdı. Osmanlı imperiyasının idarəçiliyinin davam etdiyi Türkiyə Vaşinqtona sərbəst hərəkət etməyə imkan vermirdi. Mövcud geosiyasi panoramı dəyişməyin ən yaxşı üsulu isə “parçala – hökm sür!” siyasəti idi. Vudro Vilsonun 14 maddəlik prinsipləri məhz buna hesablanmışdı. “Sevr” müqaviləsindən sonra Osmanlı torpaqlarının “müttəfiqlər” arasında bölünməsi planını Vilson özü hazırlamışdı. Bu plana görə Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli idi. Trabzonun şərq hissəsi isə Gürcüstan və Ermənistan arasında bölünür və beləliklə, ermənilər Qara dənizə çıxış imkanı qazanırdılar. Tarixdən o da məlumdur ki, 1918-ci ildə Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən ABŞ prezidenti Vudro Vilson özünün “yeni dünya xəritəsi”nə Azərbaycanı daxil etməmişdi. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. 1920-ci il martın 18-də ingilislər İstanbulu işğal edəndə “Serv” müqaviləsi ləğv olundu. Türkiyədə Mustafa Kamal Atatürkün başlatdığı Qurtuluş savaşı Vudro Vilsonun planını tarixin arxivinə göndərdi. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında “Lozanna” sülh müqaviləsi imzalandı.
* * *
“Dənizdən–dənizə böyük Ermənistan” xəyalları ilə yaşayan ermənilər bu gün də “Vilson planı”nın xiffətini çəkirlər. Hayların bu “nostaljisindən” ABŞ-da və Avropa İttifaqında yaxşı xəbərdardırlar. Əslində, Avropa İttifaqı–Ermənistan–ABŞ müştərək konfransını İrəvan üçün cəlbedici edən “tarixi məqam” məhz budur.
Amma “üçlər” bir məsələni unudur ki, Azərbaycanın iştirakı olmadan aparılan belə müzakirələr Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasını yaratmağa deyil, tamamilə əksinə, indi mövcud olan kövrək sabitliyi pozmağa xidmət edir. Beləliklə, ABŞ, Fransa və ermənipərəst digər Qərb ölkələrinin məqsədi bölgədə qlobal münaqişə ocağını körükləməkdir. Bakı yaxşı bilir ki, Ermənistan onların hesabına, faktiki olaraq, heç bir vəsait ödəmədən hərbi potensialını genişləndirməklə məşğuldur. Amma Azərbaycan daha otuz il əvvəlki deyil. Tarixdən dərs almayan “üçlər”dən fərqli olaraq, biz işğal dövründə baş verənləri yaddaşımıza yazmışıq. Nə torpaqlarımız işğal altında olarkən ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişi, nə də BMT Təhlükəsizlik Şurasının qəsbkar Ermənistana qarşı qəbul etdiyi 4 qətnaməsinin icra olunmamasını unudula bilərik. Vaşinqtonun və onun avropalı müttəfiqlərinin bu gün də davam etdirdikləri beynəlxalq hüquqa zidd davranışları, Ermənistanı silahlandırmaq siyasəti heç bir nəticə verməyəcək.
Aprelin 5-də Belçika paytaxtında, çox güman ki, bədnam “Vilson planı” yeni “aranjimanda” nəzərdən keçiriləcək. Doğrudanmı, ABŞ və Qərb müsəlman dünyasının mərkəzində, bütövlükdə isə iki qitənin strateji əhəmiyyətli kəsişmə nöqtəsində “böyük Ermənsitan” adlı psevdodövlət yaratmaq kimi 106 il əvvəlki iddiadan əl çəkməyiblər? İntəhası, onların unutduqları bir vacib məsələ var. Coğrafiya eyni olsa da, indi zaman tam başqadır. Tarix isə zamanın təkərinə çomaq salanları, onu əks istiqamətə yönəltməyə çalışanları arxiv müqəvvalarına döndərdiyini dəfələrlə sübuta yetirib...
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
Artıq bir neçə ildir ki, Avropa İttifaqının, bütövlükdə, Qərbin Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq cəhdlərini müşahidə edirik. Xüsusilə, Rusiya–Ukrayna hərbi münaqişəsi fonunda bu cəhdlərin intensivləşdiyini görürük. Aydındır ki, Avropa İttifaqı ilə yaxınlaşıb-yaxınlaşmamaq Ermənistan hakimiyyətinin xarici siyasət seçimidir. Azərbaycanın da Avropa İttifaqı ilə müəyyən layihələri mövcuddur. Fəqət Ermənistanın nümunəsində əməkdaşlığın mahiyyəti fərqlidir.
Ötən əsrin 90-cı illərində Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmasını, Rusiya ilə əlaqələrinin inkişafını Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək məqsədilə alətə çevirmişdi. İndi də oxşar vəziyyətin şahidi oluruq. Əgər Ermənistan Avropa İttifaqı və Qərblə münasibətlərinin inkişafını daxili rifaha yönəldirsə, burada problem yoxdur. Amma İrəvanın məqsədi bu mərkəzlərlə əlaqələri daha da intensivləşdirərək Azərbaycana qarşı iddialar qaldırmaq və həmin əməkdaşlıqdan bizə qarşı alət kimi istifadə etməkdir. Bu isə qəbuledilməzdir. Təəssüf ki, Avropa İttifaqının Ermənistandakı missiyasının davranışları, “binokl diplomatiyası” və bir sıra digər elementlər onu göstərir ki, Ermənistanın niyyəti bölgədə gərginlik yaratmaqdır. Rəsmi İrəvan məhz bunu alətə çevirməyə çalışır.
Nümunə üçün qeyd edim ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu alıb. Azərbaycan Prezidenti İlham Əliyev bunu müsbət qarşılayıb. Bu, Tbilisinin öz siyasətidir. Əslində, Gürcüstanla olan iqtisadi, enerji və nəqliyyat layihələrimiz elə birbaşa Avropa İttifaqı ilə bağlıdır. Yəni, biz buna etiraz etmirik. Hətta, deyərdim ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşması bizim də maraqlarımıza uyğundur. Amma Ermənistanın Avropa İttifaqı və Qərb institutları ilə münasibətləri intensivləşdirməsi, təkrar edirəm, bir məqsədə xidmət edir – bu əlaqələrdən Azərbaycana qarşı alət kimi istifadə etməyə!
İmran BƏDİRXANLI
XQ