“Pandora qutusu” açılacaqmı?

post-img

Paris xunta rejiminin sonuncu “qlavar”ına tribuna verməklə həm də Nikola qarşı çıxmış oldu

Keçmiş SSRİ-nın mərkəzi hakimiyyətin zəifliyindən və himayəsindən istifadə edərək, 1991-ci ilin sentyabrında Azərbaycanın Qarabağ diyarında elan edilmiş və ordumuzun 2023-cü il sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra tarixin arxivinə gömülmüş xunta rejiminin “xortlaması” üçün son vaxtlar müxtəlif cəhdlər edilir. 

Fransanın Azərbaycana qarşı əsas təbliğat vasitələrindən olan “Fiqaro” qə­zetinin bugünlərdə xunta rejiminin sonun­cu “qlavar”ı Samvel Şahramanyandan müsahibə götürməsi, başqa sözlə desək, ona özünü və digər separatçı həmfikirlə­rini müdafiə etməsi üçün tribuna verməsi belə cəhdlərdən biri sayıla bilər.

Ölkəmizlə, o cümlədən lokal xarakterli antiterror tədbirləri ilə bağlı yalan fikirlərlə dolu müsahibədə Şahramanyan qondar­ma rejimin 2024-cü il yanvarın 1-dən eti­barən ləğvini nəzərdə tutan və 28 sentyabr 2023-cü il tarixli “fərmanı” barədə də danı­şıb. Deyib ki, qüvvələr nisbəti Azərbaycan Ordusunun xeyrinə olduğu üçün bu addımı atmağa məcbur olublar: “Qüvvələr nisbəti pozulduğuna görə, müqavimət göstərmək imkanımız olmadı. Bu səbəbdən hərbi əməliyyatlar başlayandan az sonra azər­baycanlılarla əlaqəyə çıxdıq. On iki saatlıq danışıqlardan sonra hərbi əməliyyatlara son qoyuldu”.

Sərsəmləməyi davam etdirən Şahra­manyan bu addımı özünü və “Qarabağ xalqı”nı “kütləvi qətllərdən qorumaq” məqsədilə atdıqlarını vurğulayıb.

Baş separatçı “fərmanı” imzalama­sına baxmayaraq, qondarma rejimin mövcudluğunu davam etdirdiyini bildirib: “İrəvanda sizi (fransız jurnalist nəzərdə tutulur–S.H.) qəbul etdiyim binada ofisi­miz var. Mühacirətdə olan Qarabağ hö­kuməti fəaliyyətini orada davam etdirir”.

Qeyd edək ki, separatçılar bundan əvvəl də ara-sıra baş qaldırmağa ça­lışırdılar. Onlar fevral ayında İrəvanda yerləşən və işğalçı müharibədə ölənlərin dəfn edildikləri “Yerablur” qəbiristanlığına gələrək, Qarabağda separatizm hərəka­tına başlanmaqlarının 35 illiyini qeyd et­mişdilər. Yeri gəlmişkən, Şahramanyanın köməkçisi xunta rejiminin iş prinsiplərinə sadiq qalaraq orada olan jurnalistlərə qarşı kobudluq etmişdi. İctimai qınağın böyüdüyünü görən separatçı rejim rəh­bəri iş işdən keçəndən sonra buna görə üzr istəməli olmuşdu.

Martın 8-də isə Ermənistanın “Joxo­vurd” qəzeti S.Şahramanyanın xarici ölkələrin Ermənistandakı səfirləri ilə gö­rüşlər keçirdiyinə dair məlumat yaymış­dı. Qəzet qeyd etmişdi ki, o, son aylarda təkcə ölkənin daxili siyasi qüvvələri və ayrı-ayrı siyasətçilərlə yox, həm də Er­mənistanda akkreditasiya olunmuş bəzi ölkələrin diplomatları ilə fəal əlaqə sax­layır. “Şahramanyan bu yaxınlarda bir neçə ölkənin, o cümlədən Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşüb. Müzakirə olunan əsas məsələ ermənilərin Qarabağa qayıtması olub”, – deyə məlumatda bildirilmişdi.

Separatçıların son addımlarından biri də ötən həftə İrəvanda mitinq keçirmələri olub.

Öz növbəsində Ermənistan hökuməti separatçıların İrəvanda hansısa “mü­hacirət höküməti” yaratmasına, onların bəyanatlar verməsinə, ictimai tədbirlər keçirməsinə, müxtəlif məkanlarda peyda olmalarına mənfi münasibət bəsləyir. Hö­kumət başçısı, prezident və parlamentin sədri də daxil olmaqla yüksək çinli mə­murlar bununla bağlı fikirlərini dəfələrlə dilə gətiriblər. Onlar dərk edirlər ki, “mi­atsum” planı fiaskoya uğrayıb və necə deyərlər, separatizmin kitabı birdəfəlik bağlanıb. O “kitabı” yenidən ələ götür­mək, hətta vərəqləməyə çalışmaq Ermə­nistan üçün “Pandora qutusu”nu açmağa bərabər tutulur. “Pandora qutusu” barədə qədim yunan əsatirinə görə, qutu açı­lar-açılmaz içindəki xəstəliklər, qəm-qüs­sə, ağrı-acı, bir sözlə bütün bədbəxtliklər uçub dünyanı bürüyüb. İndi rəsmi İrəvan da məsələyə bu cür yanaşır. Düşünürlər ki, əgər onlar separatizmin baş qaldırma­sına imkan versələr, ölkə Azərbaycanın qəzəbinə tuş gələrək yeni bəlalara düçar olar. Çünki Azərbaycan bununla bağlı qarşı tərəfə dəfələrlə aydın ismarıclar verib.

Ermənistan baş naziri sonuncu dəfə bu istiqamətdə fikirlərini martın 28-də açıqlayıb. N.Paşinyan hökumətin həmin gün keçirilən iclasında bildirib ki, Qara­bağı tərk edən bəzi dairələr və insanlar bilərəkdən, yaxud bilməyərəkdən Ermə­nistanın milli təhlükəsizliyinə təhdid yara­dan hərəkətlər edir, addımlar atırlar. Baş nazir separatçıları nəzərdə tutaraq deyib ki, onların mühacirətdə hansısa hökumə­tinin olması barədə bəyanatları həqiqəti əks etdirmir: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və həmin hökumət hazırda bu otaqda iclas keçirir. Bu mesajı hamımız çox ay­dın şəkildə dərk etməliyik. Lazım gələr­sə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükə­sizliyinə təhdid yaratmaq üçün istifadə etməsinlər. Mən açıq şəkildə bildirirəm ki, bizim ölkəmizdə Ermənistan hökumə­tindən başqa heç bir hakimiyyət yoxdur və ola bilməz”.

Paşinyan qeyd edib ki, əgər Ermə­nistanda kimsə özünü mühacirətdə olan hökumət kimi tanıyırsa, bu, milli təhlükə­sizlik problemidir: “Ümid edirəm ki, bu problemin olması bizim hakimiyyətin öz işində səhvə yol verdiyi anlamına gəl­məyəcək. Bu mesajları verənlər, bu mə­suliyyətlə danışmaq imkanı əldə etdilər və bu fürsətlə nə etdiklərini gördük”.

“İravunk” qəzeti isə yazır ki, Nikol son günlərdə fəallaşan separatçılarla bağ­lı sərt göstəriş verib. Nəşr qeyd edib ki, Qarabağ erməniləri və ya separatçıların ötən həftə İrəvanda keçirdikləri mitinq Paşinyanı qəzəbləndirib: “Baş nazir bun­dan sonra müavini Tiqran Xaçatryanla ciddi söhbət edib, ona nəyin bahasına olur-olsun, Qarabağ ermənilərinin ağızla­rını yummağı əmr edib. Paşinyan müavi­ninə göstəriş verib ki, Qarabağ erməniləri ilə məcburi görüşlər keçirsin, onları sakit­ləşdirsin”.

Qəzet onu da bildirib ki, Paşinyan keçmiş separatçı rejimi “mühacirətdəki hökumət” adlandıran S.Şahramanyanın da ünvanına sərt sözlər deyib. Belə bir “hökuməti” tanımadığını deyən baş nazir separatçını Ermənistan dövlətinə və ha­kimiyyətinə sayğısızlıqda ittiham edib.

Mövzu üzrə söhbətləşdiyimiz poli­toloq İlyas Hüseynov bildirdi ki, sepa­ratçı rejimin sonuncu rəhbərinin İrəvan küçələrində peyda olması, müxtəlif gö­rüşlər keçirməsi, bəyanatlar verməsi bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına zərbə vurur. Onun sözlərinə görə, Ermənistanda elə insanlar var ki, Şahramanyanın fikirlərinə hakim kəsilir. Bu isə erməni cəmiyyətində revanşizmi gücləndirir: “Lakin Azərbaycan ərazisin­də separatizmin kökü birdəfəlik kəsilib və onun yenidən baş qaldırması mümkün deyil. Heç qondarma rejimin mövcud ol­duğu zamanlarda belə onu Ermənistan da daxil olmaqla BMT-nin üzvü olan heç bir dövlət tanımayıb”.

İ.Hüseynov hesab edir ki, Ermənistan siyasi isteblişmenti Şahramanyanın və digər separatçıların cavablarını verməli və onun fəaliyyətini məhdudlaşdırmalı­dır: “Biz Ermənistan polisinin nə qədər qəddar, amansız və nümayişləri yatı­rarkən repressiv metodlardan necə isti­fadə edən qüvvə olduğunu yaxşı bilirik. Bu qüvvə Şahramanyan təhlükəsini çox rahatlıqla əngəlləyə bilər. Eyni zamanda, istisna olunmur ki, Şahramanyanı aktual­laşdıran, ona müəyyən vədlər verən kə­nar qüvvələr var. Paşinyan isə yalnız özü və hakimiyyəti üçün təhlükə yarandığını hiss etdikdə Şahramanyana cavab verir. Paşinyan martın 28-də hakimiyyətin yal­nız öz əlində cəmləşdiyini və legitim hö­kumətin iclas keçirilən otaqda əyləşdiyini bildirdi. Onun üçün önəmli olan hakimiy­yətdir. Ancaq Ermənistan daxilində Şah­ramanyana meydan vermək gələcəkdə onun öz hakimiyyəti üçün problemlər yarada bilər. Bu baxımdan Nikol keçmiş separatçı rejim rəhbərinin fəaliyyətinin qarşısını birdəfəlik almalıdır”.

Politoloq bildirdi ki, Şahramanyanın çıxdaş edilməsi, yaxud əngəllənməsi tez bir zamanda baş verməlidir: “Çünki hazırda Azərbaycan və Ermənistan ara­sında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması, anklavlar və eksklavlar, nəqliyyat kom­munikasiyalarının açılması prioritetdir. Bu istiqamətdə səy göstərməyə, fəaliyyə­ti əlaqələndirməyə ehtiyac duyulur. Təəs­süf ki, keçmişə qayıdış və bu yolla müəy­yən qazanc əldə etmək istəyən müəyyən elementlər hələ də qalmaqdadır. Buna görə də həmin elementləri prosesdən kənarlaşdırmaq hazırda əsas məqsəd olmalıdır. Ermənistan hakimiyyəti sülh əleyhinə baş qaldıran istənilən ünsürü əngəlləməyə çalışmalıdır”.

Onu da qeyd edək ki, Şahramanya­nın Yelisey sarayına yaxınlığı ilə seçilən “Fiqaro”da müsahibəsinin yayımlanma­sını təşkil etməklə, Fransa prezidenti və hökuməti faktiki olaraq, N.Paşinyana qarşı çıxmış olub. Qəzetin müsahibəsi, yenidən bu məsələyə qayıdışı təsadüfi sayıla bilməz. Zənnimizcə, bütün bun­lar ya Yelisey sarayının, yaxud da elə Makronun özünün göstərişi ilə baş verir. Görünür, Fransa hakimiyyəti Qarabağ məsələsini özünə xas formada gündəm­də saxlamağa çalışır. Bu məsələyə isə Ermənistan və Azərbaycan arasında gərginliyin qorunub saxlanılması üçün vasitə kimi yanaşır. İstənilən halda rəsmi Paris Şahramanyana “Fiqaro”da tribuna verməklə Paşinyanın siyasətinə zərbə vurmağa çalışdı. Buna Paris və İrəvan arasında gizli gərginliyin yaranmasının göstəricisi kimi də yanaşmaq olar. Gü­man etmək olar ki, Paşinyanın 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı açıq­laması Parisin xoşuna gəlməyib. Kənd­lərin qaytarılması Fransanın planlarına daxil olmaya bilər.

Birmənalı şəkildə demək mümkündür ki, separatçıların fəaliyyətlərini davam etdirmək cəhdləri Qarabağ məsələsini, necə deyərlər, bağlamış İrəvana təzyiq xarakteri daşıyır. Pozucu prosesə rəh­bərlik edənlərdən birinin keçmiş xarici işlər naziri Vardan Oksanyan olduğunu da unutmaq olmaz. Oskanyan bu yaxın­larda ABŞ və Avropa ölkələrində səfərdə olub. Görünür, Oskanyan Qərbdə özünə dəstəkçilər axtarmağa çalışır. Ən azı er­məni diasporundan pul alacağına ümid edir. Əgər Paşinyan Şahramanyan, Os­kanyan və bu kimi separatçı ünsürləri neytrallaşdırmasa, baş verənlər sülh prosesinə kölgə sala bilər. Sülhün əldə olunmaması Ermənistanda daxili siyasi qarşıdurmalara yol açacaq ki, bu da ilk növbədə Paşinyanın əyləşdiyi kürsünü laxlada bilər.

Səxavət HƏMİD
XQ



Siyasət