Onun Qərb üçün “demokrat”, Şərq üçün isə “saxtakrat” ampluası dəyişmir
Ermənistan hakimiyyəti Avropa və Rusiya, yəni Qərblə Şərq arasında vurnuxmaqda davam edir. Bu vurnuxma prosesini səciyyələndirən əsas cəhət İrəvanın yalana, dezinformasiyaya söykənən riyakar və saxtakar siyasətidir.
Baş nazir Nikol Paşinyan dünən bir söz deyir, bu gün ayrı söz danışır, orada bəyan etdiklərinin burada tərsini söyləyir. Ən azı, son üç ilin müşahidələri onu deməyə əsas verir ki, Hayastanın siyasi hakimiyyətinin nə bölgədə baş verənlər, nə Azərbaycanla münasibətlərin normallaşması, nə də Avropaya və Rusiyaya yanaşmasında konkret baxışı, mövqeyi var. Öz başının yiyəsi olmayan rəsmi İrəvanın ardıcıl, dəyişməz siyasət yürütməməsinin səbəbinin məhz burada gizləndiyini deyə bilərik. Bu mənada, Paşinyanın dörd-beş ay vaxt fərqi ilə bir-birinə zidd açıqlamaları Cənubi Qafqazda sülhü və təhlükəsizliyi, əməkdaşlığı şübhə altına salır. Bu adam Qərb blokunun liderləri ilə görüşlərdə demokratiyadan dəm vurur, özünü demokrat, sülhsevər kimi göstərir, Moskvaya səfəri zamanı isə ruslara yaltaqlanır. Yəni, Nikolun saxtakarlığı, riyakarlığı bitib-tükənmək bilmir.
Anklav məsələsi müzakirə olunubmu?
Dünən jurnalistlər üçün mətbuat konfransı keçirən baş nazir Nikol Paşinyan yenə özünün ənənəvi ampluasında idi. Onun konkret anklavlar məsələsi ilə bağlı açıqlamasına diqqət yetirək: “Tavuşun hansısa kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı heç vaxt müzakirə aparılmayıb və ola da bilməz. Həmin kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da bu adlarda kəndlər olmamışdı”.
Bu zaman Alma–Ata Bəyannaməsinə istinad edən baş nazir bu sənədin sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olduğunu önə çəkib: “Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Alma–Ata Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Alma–Ata Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Bu sənədə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayındakı şərti olaraq Azərbaycandır, bu tərəfdə olan isə Ermənistandır. Delimitasiya prosesində çalışmalıyıq ki, sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik: Ermənistanda olan Ermənistanındır, Ermənistanda olmayan Ermənistanın deyil”.
Bunun anklavlarla bağlı baş nazirin sayca, yumşaq desək, neçənci təzadlı açıqlaması olduğunu müəyyənləşdirmək çox çətindir. Məgər Bakının təkidi ilə sülh sazişinə əlavə edilən yeni bənd anklavların qaytarılması ilə bağlı məsələ deyil? Hayastanın baş naziri bu ağ yalanı ilə kimi və niyə aldatmağa çalışır? Əslində, bu sualların cavabı Bakıya tam aydındır, sadəcə, Paşinyanın reallığı və faktları təhrif etməsi, aşkar riyakarlığı adamda heyrət doğurur. O, özü hələ də işğal altında saxladıqları Azərbaycanın 8 kəndinin Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil olmadığını, bu kəndlərin Azərbaycana məxsusluğunu etiraf edib. Yəqin bu məqamda Paşinyanın yadına keçən il oktyabrın 5-də Qranadada (İspaniya) Avropa İttifaqı Şurasının prezidenti, Almaniya və Fransa liderləri ilə görüşündən sonra imzaladığı bəyannaməni salmağımız yerinə düşər. Həmin sənəddə Ermənistanın baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 86,6 min kvadratkilometr olduğunu təqdiqləyib. Yəni, o, bununla hələ də Azərbaycana qaytarılmayan Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin ölkəmizin ərazisi kimi tanıdığını rəsmən elan edib. Eyni zamanda, onun “söykəndiyi” Alma–Ata Bəyannaməsində də Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan ərazisi kimi göstərilir.
HAŞİYƏ: 1992-ci ildə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid Yuxarı Əskipara (8,6 kv. km -anklav), Aşağı Əskipara (9,1 kv. km), Bağanis Ayrım (40 kv. km), Bərxudarlı (10,1 kv. km -anklav), Sofulu (22 kv. km -anklav), Qızıl Hacılı (11 kv. km), Xeyrimli (4,1 kv. km) və Naxçıvanın Kərki (19,2 kv. km -anklav) kəndlərini işğal edib. Qazaxın yuxarıda sadalanan kəndlərindən dördü sərhəddə yerləşir, üçü isə anklavdır. Yəni erməni kəndləri ilə əhatə olunub. Bu 8 kəndin ümumi sahəsi 124 kvadratkilometrdir.
Özlərini aldadanların faciəsi
Bəli, Azərbaycan, haqlı olaraq, Ermənistandan hələ də işğal altında saxladığı kəndlərin azad olunmasını tələb edir. Dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış hökumətlərarası işçi qrupun artıq 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə müzakirələr gedir. Ermənistan mediası anklavlarla bağlı tez-tez yanlış və ikibaşlı xəbərləri dövriyyəyə buraxır. Belə feyk-informasiyalardan biri, guya, Ermənistanın 31 kəndinə məxsus sərhədyanı torpaqların Azərbaycanın “işğalı altında” olması barədədir. Hökumət tərəfindən ötürülən həmin saxta informasiya fəal şəkildə ictimaiyyətə təlqin edilir. Həmçinin qeyd olunur ki, guya, bu “faktı” tanımayan Azərbaycan tərəfi özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq”. Bunu deyən Ermənistanın baş naziri yaxın günlərdə Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcyini də qeyd edib.
Əvvəla, məsələ ilə bağlı qeyd etməyi vacib bilirik ki, dövlət sərhədinin delimitasiyası aparılana qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etməsi hüquqa zidd və tamamilə absurddur. Paşinyanın “Ermənistan ərazisində bu adda kəndlər heç vaxt olmayıb” deməsi isə vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır” şüarı kimi bir şeydir. Son variantda həmin ərazilərin də hərbi müstəvidə azad edilməsi gündəmə gələ bilər. Yəqin həmin proses reallaşanda kimin haranı işğal etdiyi üzə çıxacaq. İndidən özlərinə təsəlli verməyə başlamış İrəvan isteblişmenti məsələnin heç də onların xeyrinə bitməyəcəyini anlamamış deyil.
Sülh dedi-qodulara da son qoyacaq
Jurnalistin beynəlxalq instansiyalarda Azərbaycana qarşı şikayətlərdən imtina barədə məsələnin rəsmi İrəvanın gündəliyində olub-olmadığına dair sualını Nikol Paşinyan belə cavablandırıb: “Sülh danışıqlarının gedişində bu məsələ müzakirə olunub və bu gün də müzakirə predmetidir. Bizim mövqeyimiz belədir: bu məsələ sülh sazişinin müddəaları razılaşdırılandan və tərəflərin onu imzalamağa hazır olduqları artıq dəqiqləşəndən sonra müzakirə edilə bilər“.
Yəni, Paşinyan sülh müqaviləsinin bağlanması ərəfəsində Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə dövlətlərarası məhkəmə şikayətlərindən vaz keçəcəyini istisna etməyib: “Əgər biz sülh sazişinin mətni üzrə razılığa gəlsək və onun imzalanması mərhələsinə çatsaq, tərəflərin belə bir addımı atacağını istisna etrmirəm və hətta bunu məntiqi sayıram”.
Ermənistan baş nazirinin mətbuat konfransında ən ağlabatan və praqmatik açıqlaması, bəlkə də, elə bu oldu.
Avqustda rus sərhədçiləri Zvartnotsdan çıxacaqmı?
Mətbuat konfransında ən müxtəlif suallara “aydınlıq gətirməyə” çalışan Nikol Paşinyan bir məsələ barədə mövqeyini dəqiq açıqlayıb. “Ermənistan hökumətinin Zvartnots hava limanından rus sərhədçiləri çıxarmaq qərarı müxtəlif xarakterli şərhlərə səbəb olub. Ermənistan müstəqillik əldə etdiyi vaxtdan Zvartnots hava limanında xidmət etdiklərinə və sərhəd təhlükəsizliyinin təmin edilməsində dəstəyə görə onlara təşəkkür edib”,– deyən Paşinyan Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları tərəfindən Rusiya FTX-nin Sərhəd Xidmətinə məktubla müraciət edildiyini bildirib.
“Ermənistanda dövlət institutları, o cümlədən Rusiyadan olan tərəfdaşların köməyi ilə, son illər inkişaf etdiyi üçün sərhəd xidməti hava limanında Rusiya tərəfinin dəstəyi olmadan nəzarəti həyata keçirmək üçün kifayət qədər təcrübə toplayıb”. Bunun ardınca 2024-cü ilin avqust ayında Rusiya sərhədçilərinin Zvartnots aeroportunu tərk edəcəklərini əminliklə dilə gətirən baş nazır bunun siyasi deyil, işgüzar proses olduğunu diqqətə çatdırıb. O, bu barədə Rusiya tərəfinin məlumatlandırıldığını da qeyd etməyi unutmayıb.
Görünən odur ki, Nikol Paşinyan və onun komandası sülh danışıqlarının indiki həlledici mərhələsində Qərblə Rusiya arasında riyakarcasına manevr etməyi, hətta sual doğurmayan məsələlərdə “nala–mıxa vurmaqla” Azərbaycanla münasibətlərin normallaşması prosesini ləngitməyi hədəfləyir. Bu halda regionda sülhün yaranması, əməkdaşlığın reallaşması mümkün olmayacaq. Amma sonucda ən böyük zərbə Ermənistanın özünə dəyəcək.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, siyasi analitik
– Düşünürük ki, Paşinyan hakimiyyətdə qalacağı dövr belə yalan, saxta bəyanatlarla müşayiət olunacaq. Görünür, bu, onun siyasi prioritetlərindən biridir. Yalan danışmaq, ziddiyətli bəyanlarla ictimaiyyəti çaş-baş salmaq, dünən dediyini bu gün inkar etmək. Biz bütün bunları görür, başa düşür və eyni zamanda, artıq təəccüblənmirik. O ki qaldı Azərbaycanın işğal altındakı kəndlərinə, təbii ki, onların hamısı mütləq şəkildə qaytarılmalıdır. Bunu yaxşı başa düşən Paşinyanın sərsəm bəyanatlar verməsi sanki kimlərdənsə kömək ummaq məqsədi daşıyır. Yəni, baxın, biz bunu etməyəcəyik, mövqeyimiz kifayət qədər möhkəmdir, yerimizdə dayanmışıq və sair. Amma onun dünən dedikləri boş və heç nəyə söykənməyən bəyanatlardır.
Kəndlərimiz, tarixi torpaqlarımız Azərbaycana qaytarılmalıdır. Bakı bu məsələni çox ciddi şəkildə qoyub və sülh danışıqları prosesində müzakirə olunur. Bəli, Ermənistan həmin kəndləri qeyd-şərtsiz qaytarmalıdır. Çünki artıq bütün oyunların sona çatdığı mərhələ gəlib. Bu mərhələdə İrəvanın o cür riyakar bəyanatlarına sağlam yanaşmalıyıq. Bizim üçün Paşinyanın bu tip bəyanatları deyil, əməli addımları daha önəmlidir. Əgər o, doğrudan da, belə bir siyasi xətti seçibsə, bununla özünə zərbə vurmuş olacaq. Onun özü də yaxşı başa düşür ki, həmin səkkiz kənd Azərbaycana məxsusdur və Bakı bütün mümkün vasitələrdən istifadə etməklə onları qaytaracaq.
İmran BƏDİRXANLI
XQ