Ağ evin Ermənistana “demokratiya” ianəsi

post-img

ABŞ başda olmaqla kollektiv Qərb Ermənistanı Rusiyadan qoparmaq istiqamətində çalışmalarını davam etdirir. Bu istiqamətdə son addım ABŞ administrasiyasının Konqresə 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar məbləğində yardım göstərməyi təklif etməsidir. Xəbəri jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb.

Qeyd edək ki, “2025-ci maliyyə ili­nin büdcəsi: Ukraynanın dəstəklənməsi və Rusiyanın strateji məğlubiyyətinin təmin edilməsi” adlanan sənəddə İrəvana maliyyə yardımının Ermənistanın iqtisadi və demok­ratik dayanıqlığının təmin olunması, həm­çinin Qərblə əlaqələrinin gücləndirilməsi məqsədilə göstəriləcəyi bildirilib. Görün­düyü kimi, ABŞ hər vəchlə Ermənistanın Rusiya ilə əlaqələrinin pisləşməsinə çalışır. Vaşinqton İrəvanın Qərbin formalaşdırdığı anti-Rusiya cəbhəsinə daxil olmasını çox istəyir. Əslində, buna Ermənistan hökuməti özü əsaslar verib. Nikol Paşinyan ilk dəfə ötən ilin mayında Çexiyanın “CNN.Prima” nəşrinə müsahibəsində bunu bəyan etmişdi. Baş nazir bildirmişdi ki, Ermənistan Rusi­yanın Ukraynada müharibə aparmasından narahatdır: “Siz bizim Rusiyanın müttəfiqi olduğumuzu dediniz. Əlbəttə, bu, daha əv­vəl heç vaxt açıq şəkildə deyilməyib, amma mən düşünürəm ki, kənardan belə görünür. Biz Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz o müharibə, o mü­naqişə ilə bağlı narahatlıq duyuruq, çünki bu, birbaşa olaraq bizim bütün beynəlxalq əlaqələrimizə təsir edir”.

Paşinyan əlavə etmişdi ki, indiki vəziy­yətdə heç kim Ermənistanı müttəfiqi olaraq görmür və bu ölkənin durumunu kövrək edir: “Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu müşahidə edirlər, onlar hətta daha çoxunu bildirirlər. Rusiyada isə bizim onların Ukrayna müharibəsində müttəfiqi olmadığımızı görürlər. Belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Bu isə o deməkdir ki, biz müdafiəsizik”.

Nikol 2024-cü il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçi­vəsində Münxen və ətrafında yaşayan er­məni sakinlərin təmsilçiləri ilə görüşdə də Rusiya–Ukrayna münasibətləri ilə bağlı diqqətçəkən fikirlər söyləmişdi. O demiş­di: “Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, bizim səmimi mövqeyimizdir”.

Beləliklə, aydın olur ki, mahiyyətcə Qərbpərəst olan Ermənistan hakimiyyətinin özünün Rusiyadan uzaqlaşmaq istəyi möv­cud olduğu üçün hazırda Qərb ona bu istə­yini reallaşdırmaqda yardımlar edir. Belə yardımlardan biri ayrılması nəzərdə tutulan 52 milyon dollar vəsaitdir.

Onu da qeyd edək ki, Qərbin Ermənis­tanı Rusiyadan qoparmaq istiqamətindəki səyləri öz “bəhrəsini” verir. ABŞ-ın Bey­nəlxalq Respublikaçılar İnstitutunun təşəb­büsü də bunu sübut edir. Sorğu BREVIS şirkəti tərəfindən 18 yaşdan yuxarı 1508 vətəndaşın iştirakı ilə 2023-cü ilin dekabr ayında keçirilib. Beləliklə, Ermənistanda respondentlərin 66 faizi Rusiya ilə münasi­bətləri “pis” və ya “çox pis” kimi qiymət­ləndirib. Respondentlərin 29 faizi Ermənis­tan–Rusiya münasibətlərini “çox pis”, 37 faizi “pis”, 27 faizi “bir qədər yaxşı” kimi qiymətləndirib. Rəyi soruşulanların 4 faizi “çox yaxşı” cavabını verib.

Eyni zamanda, onu da qeyd etmək la­zımdır ki, Azərbaycanın öz ərazi bütöv­lüyünü tam təmin etmək məqsədilə ötən ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Vaşinqton ölkəmizə birbaşa dövlət yardımlarının ay­rılmasını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin hüquqi qüvvəsinin bərpa edildiyini açıqladı. Azərbaycana yar­dımların qadağan edilməsi fonunda Ermə­nistana yardımların artırılması superdövlət hesab olunan, beynəlxalq sülhün və təh­lükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan orqan olan BMT Təhlükəsizlik Şu­rasının daimi üzvü olan ABŞ-ın proseslərə necə ədalətsiz yanaşdığını bir daha ortaya qoydu.

O da məlumdur ki, 2024-cü il noyabrın 5-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri Konqresin aşağı (Nümayəndələr Palatası) və yuxarı (Senat) palatalarına seçkilərlə eyni vaxtda təşkil olunacaq. Bəzi ştatlarda isə quberna­tor və qanunverici orqanlara da seçkilər baş tutacaq. Bu mənada Ermənistana maliyyə ayrılması fonunda edilən jest seçki ilində Co Bayden administrasiyasının erməni se­çicilərin səslərini əldə etmək üçün siyasi texnologiyası da hesab oluna bilər.

Bundan əlavə, Vaşinqtonun bu addımı onun Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək səyləri ilə də bir araya sı­ğışmır. Sirr deyil ki, ABŞ iki ölkə arasında danışıqların Qərb meydançasında aparılma­sının tərəfdarıdır. Vaşinqton Brüssel formatı adlanan platformanı aktiv şəkildə dəstəklə­yir. Cəmi bir neçə gün əvvəl ABŞ və Tür­kiyə hökumətlərinin Vaşinqtonda keçirilən Amerika–Türkiyə strateji şurasının yeddin­ci iclasının yekunları üzrə qəbul edilmiş bir­gə bəyanatında Birləşmiş Ştatların Dövlət katibinin və Türkiyə Xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşviqi üçün birgə işləmək öhdəli­yi götürdükləri bildirilmişdi. Sənəddə deyi­lirdi: “Dövlət katibi Blinken və nazir Fidan Cənubi Qafqazda Azərbaycan və Ermənis­tan arasında regional sabitliyə, əməkdaşlığa və rifaha kömək edəcək balanslaşdırılmış və davamlı sülh sazişinin təşviqi üçün birgə işləmək öhdəliyi götürüblər”.

Ötən həftə isə ABŞ Dövlət katibinin müavini Kurt Kempbell və Türkiyə Xarici işlər nazirinin müavini Burak Akçapar Va­şinqtonda Cənubi Qafqazda sülh məsələlə­rini müzakirə etmişdilər. ABŞ Dövlət Departamentinin bəyanatında bildirilirdi: “Onlar regional və qlobal prioritetlərə uy­ğun olaraq ABŞ–Türkiyə strateji əməkdaş­lığının daha da genişləndirilməsi yollarını müzakirə ediblər. Kempbell və Akçapar Mərkəzi Asiyada iqtisadi əməkdaşlığa, Cə­nubi Qafqazda sülhün əldə edilməsinə, Asi­yada və ondan kənarda birgə işləmək üçün digər imkanlara xüsusi diqqət yetiriblər”.

ABŞ-ın Azərbaycana ayırdığı maliy­yəni dayandırması, Ermənistanın alacağı vəsaiti isə artırması Vaşinqtonun vasitəçi­lik missiyasının ikiüzlü, riyakar xarakter daşıdığının göstəricisi hesab oluna bilər. Eyni zamanda, bu addım ABŞ–Azərbaycan strateji əlaqələrinə kölgə salan hallardan daha biridir. Halbuki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazdakı təşəbbüslərinə hər za­man dəstək verib. Ölkəmiz 2001-ci il 11 Sentyabr terrorundan sonra Vaşinqtonun yaratdığı koalisiyaya ilk qoşulan ölkələrdən olub. Azərbaycan öz sülhməramlı kontin­gentini Əfqanıstana, İraqa göndərib. Məhz həmin vaxtdan etibarən 907-ci düzəlişin hüquqi qüvvəsi dayandırılmışdı. Ancaq indi – Əfqanıstan, İraq kampaniyaları başa çat­dığı üçün yenidən bədnam düzəliş mexaniz­mini işə salıblar.

Ümumiyyətlə, ABŞ-ın digər ölkələrə birbaşa yardımlarına “təvazökar xeyriyyə­çilik” prizmasından yanaşmaq böyük sadə­lövhlük olardı. Birləşmiş Ştatlar rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu yardımlar­da başlıca məqsəd Amerikanın öz milli ma­raqlarının təmin edilməsidir. Məsələn, Döv­lət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn 2023-cü il noyabrın 15-də Xarici Əlaqələr Komitə­sində keçirilən dinləmədə 907-ci düzəliş­dən imtina (hüquqi qüvvəsinin müvəqqəti dayandırılması) çərçivəsində Azərbaycana yardımların ayrılmasının ABŞ-ın maraqla­rından qaynaqlandığını etiraf etmişdi.

Onu da qeyd etmək lazımdır ki, Azər­baycan artıq 1990-cı illərin əvvəllərindəki xarici yardımlardan asılı ölkə deyil. Həmin illərdə ölkəmiz iqtisadi baxımdan böyük çə­tinlik çəkirdi. Ərazimizin 20 faizi işğal olun­muş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın bir sıra yaşayış məskənlərin­də çadır şəhərcikləri qurulmuşdu. Bax, ABŞ hökuməti məhz belə bir məqamda, xarici dəstəyə güclü ehtiyac duyduğumuz vaxtda ölkəmizə birbaşa dövlət yardımını qadağan etmişdi. Həmin qadağa Azərbaycanı ABŞ hökumətindən birbaşa yardım almayan ye­ganə postsovet dövlətinə çevirmişdi. Səbəb isə Azərbaycanın, guya, “Dağlıq Qarabağı işğal etməsi və Ermənistana qarşı blokada siyasəti yürütməsi” idi.

Bu gün isə Azərbaycan xarici yardım alan ölkədən donor ölkəyə çevrilib. Hazırda ölkəmiz dünyanın təbii fəlakətlər baş verən bölgələrinə humanitar yardımlar göstərir. Eləcə də COVID-19 pandemiyası dövründə Azərbaycan bir sıra ölkələrə həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı çər­çivəsində maddi yardımlar göstərib. Azər­baycanda hazırda güclü maliyyə-iqtisadi sabitliyi mövcuddur. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Bununla belə, ABŞ-ın simvolik yardımdan Azərbaycanı məhrum etməsi Vaşinqtonun Azərbaycan–Ermənsitan münasibətlərində hansı səfdə qərar tutmasını üzə çıxarmaq baxımından əhəmiyyət daşıyır.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistanın ABŞ-ın maraqla­rı çərçivəsində Cənubi Qafqazda alətə çevrilməsi hərtərəfli formada öz təsdiqini tapır. Vaşinqtonun Ermənistana ayıracağı vəsait də müəyyən qədər ge­opolitik qarşıdurmaların göstəricisidir. Rusiyanın mövqelərinin zəiflədilməsi və Ermənistanın Kremlin geopolitik orbitindən ayrılması Vaşinqtonun stra­teji prioritetlərindən biridir. Bu gün Rusiyanın maraqlarının olduğu bütün cəbhələrdə Qərb aktiv hərəkət edir.

Ermənistan da Rusiyanın strateji maraqlarının olduğu ölkədir. Burada hərbi, siyasi, iqtisadi, nəqliyyat plan­ları icra edilməkdədir. Bu kontekstdə Ermənistanın Rusiyanın nəzarətindən çıxması Moskva üçün çox təhlükəli hesab olunur. Aydındır ki, Rusiya Er­mənistandakı maraqlarının itirilməsi ilə razılaşmayacaq. Paralel olaraq biz görürük ki, “Zvartnots” hava limanın­dan rusiyalı sərhədçilərin çıxarılması üçün Moskvaya rəsmi müraciət edilib. Bu, Ermənistan–Rusiya münasibətlə­rinin kəskinləşməsini daha da stimul­laşdıracaq. Eyni zamanda, bu fonda ABŞ və Aİ Ermənistana daha çox siyasi və maddi dəstək göstərəcəklər. Bunun Azərbaycana necə təsir edə biləcəyi də qarşıdakı dövrdə məlum olacaq.

İlqar VƏLİZADƏ,
politoloq

– Zənnimcə, 52 milyon dollarla ABŞ Ermənistanı Rusiyadan qopara bilməz. Ötən ilin yekunlarına görə, Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dol­lar təşkil edib. Rusiyadan Ermənistana xalis maliyyə köçürmələri 3,5 milyard dollara yaxın olub. Bunun müqabilin­də 52 milyon dollar nə deməkdir?! 52 milyona görə Ermənistan Rusiya ilə münasibətləri pozsa, bunu nə dərəcə­də düşünülmüş və ağlabatan addım kimi qiymətləndirmək olar? Düzdür, son vaxtlar Ermənistan rəhbərliyi çox qeyri-adekvat addımlar atır. Amma Rusiya ilə münasibətləri tamam poz­salar, o zaman onlar qeyri-adekvatlığın zirvəsinə ucalmış olarlar.

Erməni lobbisi tərəfindən ABŞ-dakı erməni seçicilərə xoş gəlməsi üçün atı­lan bu addım müəyyən dərəcədə hakim Demokrat Partiyasının seçkiqabağı mövqelərini bir qədər möhkəmləndirə bilər. Əslində isə bu, heç bir əhəmiyyət kəsb etmir. Yeganə təsiri o ola bilər ki, ABŞ-ın Azərbaycanla münasibətləri daha da korlanacaq. ABŞ çoxdandır ki, regionda vasitəçi rol oynamır. Bu addım isə onların ermənipərəst siyasətini daha da möhkəmləndirəcək və Azərbaycan ictimaiyyətinin gözündə Vaşinqtonun imicinin bir qədər də pisləşməsinə gəti­rib çıxaracaq.

Səxavət HƏMİD
XQ





Siyasət