Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə aparılan islahatlar sırasında ölkənin səhiyyə sistemində önəmli rol oynayan tibbi xidmətlərin icbari sığortası xüsusi yer tutur. Bu, həm də vətəndaşlarımızın sağlamlığına zəmanət yaradan bir dövlət qayğısıdır.
Yaşlı, təqaüdçü bir qadın deyir ki, uzun illər ürək damarlarının tutulması səbəbindən olumla ölüm arasında çarpışıb, ürəyində edilməli olan əməliyyatın dəyəri aldığı təqaüddən 20 dəfə çox olduğundan hər gün ömrününün başa çatacağı saatı gözləyib. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu əməliyyat heç bir xərc çəkilmədən aparılıb və indi rahat nəfəs alıb yaşayır.
Bir insanın həyatında onun sağlamlığından qiymətli heç nə ola bilməz. İcbari tibbi sığortanın tətbiqi ilə dövlətimiz insanlara təqdim olunan tibbi xidmətləri cəmiyyətdəki mövqeyindən, ailə büdcəsinin imkanlarından asılı olmayaraq hər kəs üçün əlçatan etdi. Ölkədə icbari tibbi sığorta sistemi qurulana qədər yüzlərlə vətəndaşımız üçün nəinki bahalı cərrahiyyə əməliyyatları, hətta bəzi xəstəliklər üzrə mükəmməl müalicə almaq mümkün deyildi. Artıq bütün bunlar geridə qalıb, indi hər kəsin sağlamlığının qarantı – icbari tibbi sığorta fəaliyyət göstərir və ölkədə vətəndaş məmunluğunun yaradılmasına önəmli töhfə verir.
Xatırladım ki, icbari tibbi sığortanın yaradılması istiqamətində ilk addım Azərbaycan Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanına əsasən, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 2016-cı il 24 noyabr tarixli fərmanı ilə isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə atıldı.
Bundan sonra Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli və 2018-ci il 16 fevral tarixli fərmanları ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində isə 2017-ci ildən 2019-cu ilədək pilot layihə şəklində fəaliyyətə başladı. Respublikamızın bu bölgələrində vətəndaşlarımıza həmin layihələrlə ilkin olaraq 1829 adda tibbi xidmətin göstərilməsi nəzərdə tutulurdu.
Pilot layihələrin reallaşdırılması uğurla başa çatsa da, əldə olunmuş nəticələrə əsaslanaraq ölkənin bütün ərazilərində tibbi xidmət müəssisələrini yeni fəaliyyət müstəvisinə transformasiya etmək bir o qədər də asan olmadı. Bu çətinliyi yaradan əsas səbəb isə 2019-cu ilin sonlarından başlayaraq dünyada COVID-19 pandemiyasının baş qaldırması və 2020-ci ilin əvvəllərindən etibarən bu epidemiyanın Azərbaycanda yayılaraq getdikcə kütləvi xarakter alması oldu. Pandemiya səbəbindən əksər müəssisələrin fəaliyyətinin qapanması və ya onların fəaliyyətinin maksimum məhdudlaşdırılması, ictimai nəqliyyatın işindəki çətinliklər, vətəndaşların yaşadıqları mənzilləri xüsusi icazə ilə tərk etmələri kimi məhdudiyyətlərin olduğu, xəstəxana və digər tibb məntəqələrinin virusa yoluxmuş çoxsaylı insanlarla dolub-daşdığı bir durumda icbari tibbi sığortanı xidmət müstəvisinə transformasiya etmək nə qədər çətin və ilk baxışda həlli mümkün olmayan bir vəzifə idi.
Ölkədə səhiyyənin inkişafı istiqamətində son 20 ildə çox işlər görülmüş, Bakı şəhərində və regionlarda 760-dək yeni səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, bu dövrdə səhiyyə sistemində ciddi islahatlar aparılmışdı. Səhiyyənin inkişafı istiqamətində dövlətin atdığı bu addımların məntiqi sonluğu məhz vətəndaşlarımıza göstərilən tibbi xidmətləri icbari tibbi sığorta müstəvisinə keçirmək idi və bu da uğurla reallaşdı.
Digər tərəfdən, koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, pilot layihələrin uğurla gerçəkləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin bütün əraziləri üzrə tətbiqinə əsas verirdi. COVID-19 pandemiyasının bütün ölkə üzrə sürətlə yayılmasının yaratdığı çətinliklər fonunda bölgələrdə belə bir tibbi xidmət sistemini qurmaq o qədər də asan bir məsələ deyildi. Lakin bütün çətinliklərə baxmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yüksək təşkilatçılıq nümayiş etdirərək qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldi və 2021-ci ildən başlayaraq icbari tibbi sığortanın respublikamızın bütün ərazisində tətbiqinə başlandı.
İndi yeni qurulmuş tibbi xidmət müstəvisini daha da inkişaf etdirmək, mövcud problemləri ardıcıl şəkildə aradan qaldırmaq qarşıda mühüm vəzifə kimi durur. Əsas hədəflərdən biri isə vətəndaşlara icbari tibbi sığortanın dəstəyi ilə göstərilən tibbi xidmətlərin çeşidini artırmaq və keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Bu istiqamətdə artıq yetərincə uğurlar qeydə alınıb. Belə ki, icbari tibbi sığorta xətti ilə göstərilən tibbi xidmətlərin sayı pilot layihələrin icrasına start verildiyi 2016-cı ildə mövcud 1829 növ tibbi xidmətdən, 2023-cü ildə 3315-ə çatdırılıb. Ölkəmizdə 2023-cü il ərzində 5 milyondan çox şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu, o deməkdir ki, göstərilən dövrdə respublika əhalisinin 52 faizi icbari tibbi sığortadan yararlanıb. Son 4 ildə icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 145 milyon 640 mindən çox tibbi xidmət göstərilib.
Hazırda icbari tibbi sığorta xətti ilə əhaliyə göstərilən tibbi xidmətlərin sayı sadəcə artırılmır, bu sırada ən diqqətçəkən yeniliklər, daha mürəkkəb cərrahiyyə əməliyyatlarının və ağır xəstəliklərin icbari tibbi sığorta vasitəsilə qarşılanmasına start verilməsidir.
Cari ildən icbari tibbi sığorta xətti ilə qarşılanan yeni tibbi xidmətlərin sırasına transplantasiya əməliyyatları da daxil edilib. İlkin olaraq bu il 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplatasiyasını icbari tibbi sığorta hesabına qarşılamaq nəzərdə tutulub və artıq bu istiqamətdə 37 müxtəlif transplantasiya əməliyyatı icra olunub. Limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti isə 2023-cü ildə il ərzində tam ləğv olunub.
Hazırda icbari tibbi sığorta hesabına insanlarımıza tibbi xidmət göstərən özəl xəstəxanaların sayı artmaqdadır. 2023-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bu sahədə əməkdaşlıq edən özəl tibb müəssisələrinin sayı 152-yə çatdırılıb. Əvvəllər vətəndaşlar özəl xəstəxanada tibbi xidmətin dəyərini özləri qarşılayırdısa, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl xəstəxanalarda vətəndaşlara göndəriş vərəqəsi əsasında göstərilən tibbi xidmətlərin dəyəri icbari tibbi sığorta hesabına ödənilir. Bütövlükdə, 2021–2023-cü illər ərzində özəl tibb müəssisələri tərəfindən əhaliyə göstərilən 300 mindən çox tibbi xidmətə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 400 milyon manatdan çox vəsait sərf olunub.
Bu gün icbari tibbi sığorta sistemində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə genişləndirilir və onların müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində konkret addımlar atılır. Belə ki, 2020–2022-ci illər və 2023-cü ilin 10 ayı ərzində xəstəxanalara 100 milyon manatdan çox dəyəri olan yeni tibbi cihaz və avadanlıqlar, 248 milyon manatdan çox dərman, tibbi sərf və 40 milyon manat dəyərində 349 ədəd təcili tibbi yardım avtomobili alınıb verilib.
İcbari tibbi sığorta sistemində işləyən həkim-mütəxəssislərin əməkhaqları da əsaslı şəkildə artırılıb. Bu, əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyin olduqca mühüm şərtlərindən biridir. Bütövlükdə isə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, onların bonuslar və sabit əmək-haqları ilə birlikdə ümumi gəlirləri isə 5 dəfədən 50 dəfəyədək artırılıb. İcbari tibbi sığortanın tətbiq edildiyi dövrdə xaricdə təhsil alan 110 həkim-mütəxəssis dövlət tibb müəssisələrində fəaliyyətə cəlb edilib. Bütün bu göstəricilər isə dövlətin vətəndaşın sağlamlığına yönəlik siyasətinin məntiqi nəticəsidir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri