Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirmə ilə bağlı tədbirlər planının icrasına başlanılıb.
Cəmiyyətdə hüquq mədəniyyətinin, dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının insan hüquqlarının müdafiəsi və təmini sahəsində məlumatlılığının artırılması istiqamətində tədbirlər planının həyata keçirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən Bakıda və ölkəmizin regionlarında silsilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi nəzərdə tutulub.
Tədbirlər planının icrası çərçivəsində ilk təlim Ombudsman Aparatında Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları üçün “Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti” mövzusunda keçirilib. Təlimə Ombudsmanın şimal, cənub, qərb və şimal-qərb regional mərkəzlərinin və Naxçıvan Ombudsman Aparatının nümayəndələri onlayn olaraq qoşulublar.
Ombudsman Səbinə Əliyeva təlimdə açılış nitqi ilə çıxış edərək, işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması istiqamətində Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Bu sahədə məlumatlılığın, hüquqi biliklərin artırılmasının əhəmiyyətindən danışan Səbinə Əliyeva hüquq pozuntuları ilə bağlı vətəndaş müraciətlərinin diqqətlə araşdırıldığını və pozuntu aşkar edildiyi təqdirdə mandatı çərçivəsində təxirəsalınmaz addımların atıldığını qeyd edib.
Bildirilib ki, növbəti təlimlər əlilliyi olan şəxslərin, ahılların, uşaqların, miqrantların və digər həssas əhali qruplarının hüquqlarının müdafiəsi, hüquq bərabərliyinin təmin olunması və ayrı-seçkiliklə mübarizə, habelə informasiya əldə etmək hüququnun müdafiəsi mövzularında keçiriləcək.
Daha sonra Ombudsman Aparatının əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələrdə ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə, o cümlədən təhsil müəssisələrində rəftar məsələləri və saxlanma şəraitinin araşdırılması məqsədilə müntəzəm olaraq keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.